• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


ƏHMƏD CƏFƏROĞLU


     Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri, məşhur türkoloq, ədəbiyyatşünas, şərqşünas və dilçi professor, filologiya elmləri üzrə doktor Əhməd Cəfəroğlu 1899-cu il aprelin 17-də Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncədə anadan olmuşdur.

    İbtidai təhsilini 1905-1909-cu illərdə Səmərqənddə almışdır. 1909-cu ildə ailəsi yenidən Gəncəyə qayıtdıqdan sonra,1909-1916-cı illərdə gimnaziya təhsilini burada tamamlamışdır. Ali təhsil almaq üçün Kiyev şəhərinə getmiş və orada Kiyev Ali Ticarət İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ancaq o burada cəmi 18 ay oxuya bilmiş və təhsilini yarımçıq qoyaraq Gəncəyə qayıtmışdır.

    1918-ci il sentyabrın 15-də Bakının daşnak və bolşevik tör-töküntülərindən azad edilməsində kiçik zabit kimi iştirak etmişdir.

    Əhməd Cəfəroğlu ali təhsilini davam etdirmək məqsədilə 1919-cu ildə yenicə açılmış Bakı Universitetinin Tarix-filologiya fakültəsinin Şərqşünaslıq şöbəsinə daxil olmuşdur.1920-ci il aprelin 27-də ADR rus bolşevikləri tərəfindən işğal edildikdən sonra o da bir çox millətçi vətənpərvərlər kimi Türkiyəyə mühacirətə getmək məcburiyyətində qalmışdır. Ə.Cəfəroğlu, Kiyevdə və Bakıda yarımçıq buraxmağa məcbur olduğu ali təhsilini İstanbul Universitetinin ədəbiyyat fakültəsində davam etdirmişdir. 1924-cü ildə universiteti bitirdikdən sonra az bir müddət İlahiyyat fakültəsinin kitabxanasında işləməklə bərabər, eyni zamanda, Türkologiya İnstitutunun da asisstenti olmuşdur.

    1925-1929-cu illərdə Almaniya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə əvvəl Berlin, sonra isə Breslav Universitetində mükəmməl türkoloji təhsil almışdır. Bu universitetlərdə oxuyarkən o, Avropa və dünya miqyasında tanınan şərqşünas-türkoloq professorlardan Van Kop, Vaster, Vasterman, Gize və başqalarının tələbəsi olmuşdur. Əhməd Cəfəroğlu 1929-cu ilin mayında professor Fridrix Gizenin rəhbərliyi altında dissertasiya müdafiə etmiş və filologiya elmləri üzrə doktor dərəcəsi almışdır.

    1929-cu ildə Almaniyadan Türkiyəyə qayıdan Əhməd Cəfəroğlu İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili kafedrasına dosent təyin edilmişdir. Təxminən on ildən sonra, yəni 1938-ci ildə səmərəli elmi fəaliyyətinə görə ona professor adı verilmişdir.

    30-cu illərdə ondan çox kitab yazıb türkvə alman dillərində nəşr etdirmişdir. Bu əsərlər içərisində birbaşa Azərbaycanla bağlı olan “Azəri ədəbiyyatında istiqlal mübarizəsi”, “XVII əsr azəri şairi Məlik bəy Avcı” və “XIX əsr azəri şairi Siraci” diqqəti daha çox cəlb edir.

    Əhməd Cəfəroğlunun 30-cu illərdəki ən böyük xidmətlərindən biri də öz doğma yurdu olan Azərbaycanı dünyaya tanıtmaq məqsədilə İstanbulda “Azərbaycan Yurd Bilgisi” jurnalını nəşr etdirməsi idi. O, bu təşəbbüsüilə Avropada və xüsusilə Türkiyədə azərbaycanşünaslıq elminin təməlini qoyanlardan birinə çevrilmişdir. “Azərbaycan Yurd Bilgisi” jurnalında Əhməd Cəfəroğlunun 40-a yaxın məqaləsi çap olunmuşdur.

    Ömrünün son illərində gördüyü xeyirxah işlərdən biri də çoxdan bəri arzu etdiyi Birinci Beynəlxalq Türkoloji Konqresinin Türkiyədə keçirilməsinə nail olması idi. Konqres 1973-cü ildə Türkiyədə Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə respublika qurulmasının 50-ci ildönümündə Əhməd Cəfəroğlunun rəhbərlik etdiyi Türkologiya institutu tərəfindən təşkil olunmuş və keçirilmişdir.

    O, 1973-cü ilin avqust ayında 27 il müddətində fasiləsiz olaraq rəhbərlik etdiyi İstanbul Universiteti Türk dili tarixi kafedrasından təqaüdə çıxmışdır.

    Bu vəzifəsindən başqa o, 1973-cü ilin iyununa qədər Türkologiya İnstitutunun da direktoru olmuşdur. Ə.Cəfəroğlu 1975-ci ildə yanvarın 6-da vəfat etmişdir. Türkiyənin elmi ədəbi ictimaiyyəti professor Əhməd Cəfəroğlunun vəfatını böyük hüznlə qarşılamışdır.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved