• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


KƏRİM KƏRİMOV


 

    Bütün ömrünü kosmik raket texnikasının inkişaf etdirilməsinə həsr etmiş Kərim Abbasəli oğlu Kərimov mahir hərbi xadim, görkəmli alim, bacarıqlı leytenant-mühəndis kimi şöhrət qazanmışdır.
K.A.Kərimov 1917-ci il noyabrın 14-də Bakıda ziyalı ailəsində dünyaya göz açmışdır. Atası Abbasəli oğlu Kərimov Peterburq Politexnik İnstitutunun məzunu olmuş, “Azneft”də mühəndis kimi çalışmışdır. Anası Sürəyya Kərimova (Əhmədova) isə Bakıda gimnaziyanı bitirmişdir.
    K.Kərimov 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsini bitirdikdən sonra o, təhsilini davam etdirmək üçün Səmərqəndəki artilleriya akademiyasına göndərilmişdir. 1946-cı ildə K.A.Kərimov alman raket texnikası ilə, o sıradan məşhur FAU-2 ballistik raketlərin quruluşu ilə yaxından tanış olmaq üçün Almaniyaya göndərilən mütəxəssislər qrupunun tərkibində olmuşdur. Radiotexnika sahəsində mütəxəssis kimi K.Kərimova tapşırılmışdır ki, uçuş zamanı raketlərin daxili parametrinə məsafədən nəzarət üçün radio ölçücü sistemləri öyrənsin və quraşdırsın.İşin çətinliyi onda idi ki, zəruri sənədlərin bir çoxu əldə yox idi və bir çox hissələri yenidən yaratmaq lazım gəlirdi. Əldə olan detal və qovşaqlardan raketlər yığılaraq sınaq üçün Sovet İttifaqına aparılmış və bu,SSRİ-də strateji təyinatlı ballistik raketlərin yaradılması və istehsalının başlanğıcını qoymuşdur.
    Elə bu vaxtdan K.Kərimovun həyatı Müdafiə Nazirliyində yaradılmış Baş artilleriya İdarəsinə (BAİ) tabe olan Raket-Kosmik Qüvvələrlə bağlanmışdır. K.Kərimov Müdafiə Nazirliyinin Kosmik Vasitələr İdarəsinin rəisi olmuşdur. Sonralar Ümumi Maşınqayırma Sahə Nazirliyi yaradıldıqda və kosmik təyinatlı bütün işlər bu nazirliyə həvalə edildikdə,onu yeni nazirliyə baş kosmik idarə rəisi keçirməklə yanaşı, həm də Müdafiə Nazirliyində saxlamışlar.
    Beləliklə, daşıyıcı-raketlər və kosmik aparatlar yaratmaqla məşğul olan bütün əsas konstruktor büroları və zavodlar K.Kərimovun rəhbərlik etdiyi idarəyə tabe idi. Ancaq K.Kərimovun 1966-cı ildən 1991-ci ilədək 25il ərzində tutduğu ən məsul vəzifə pilotlu və pilotsuz gəmilərin və stansiyaların uçuş sınaqları üzrə Dövlət Komissiyasının sədri vəzifəsi olmuşdur. K.Kərimov bu vəzifəyə S.P.Koralyovun təklifi ilə təyinolunmuşdur.
    Dövlət Komissiyasının sədri raket-kosmik komplekslərin uçuş proqramlarını, habelə elm və xalq təsərrüfatının mənafeləri üçün kosmosda keçirilən elmi və tətbiqi proqramları nəzərdən keçirib təsdiq etməli, daşıyıcı-raketlərin,kosmik gəmi və stansiyaların zavod və stend sınaqlarını təhlil etməli və bu komplekslərin uçuş sınaqlarına buraxılması üçün qərar qəbul etməli, ekipajların əsas və əvəzedici heyətlərini təsdiq etməli, kosmodromda kosmik komplekslərin hazırlığı və buraxılması işinə rəhbərlik etməli, uçuşu idarə, kosmosda birləşmə və gəmilərin yerə enməsi işlərini təşkil etməli idi. Sınaqların başlanmasına qədər o,kosmodromun, yerüstü komanda-ölçücü və üzən komplekslərin, uçuşu idarəetmə mərkəzini, baş əməliyyat idarə uçuşunun və vahid axtarış-xilasetmə kompleksinin hazırlığına əmin olmalı idi. Bəzən o, qeyri-standart vəziyyətlərdə uçuş proqramlarının dəyişilməsi, hətta uçuşun və yerə enmənin dayandırılması haqqında qərar verməkdə müstəsna səlahiyyətlərə malik olmuşdur.
    Kərim Kərimov onillər öncə Bakıdan çıxmasına baxmayaraq, doğma şəhərlə əlaqəni heç vaxt kəsməmişdir. Həmişə respublikanın ictimai-siyasi və elmi-texniki həyatını izləmişdir. Vətənlə onun əlaqələri 70-ci illərdə – ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə daha da möhkəmlənmişdir. Məlumdur ki, Bakıda Kosmik Tədqiqatlar elm-İstehsalat Birliyinin (EİB) yaradılmasının təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.Kərim Kərimov isə bu birliklə uzun müddət əməkdaşlıq etmişdir. Mübaliğəsiz demək olar ki, Azərbaycanda kosmik tədqiqatların inkişafı üçün Kərim Kərimovun göstərdiyi yardım və dəstək nəticəsində bu EİB (indi Azərbaycan Milli Aerokosmik Agentliyi) gənc suveren respublikanın xalq təsərrüfatı vəzifələrini kosmik texnikanın köməyi ilə həll edən iri elmi mərkəzə çevrilmişdir. Ümummilli lider Kərim Kərimova böyük qayğı, diqqət və ehtiram göstərmişdir. Kərim Kərimovun raket kosmik qoşunlardakı xidmətinin 50 illiyi münasibətilə göndərdiyi teleqramda ümummilli lider Heydər Əliyev yazırdı: “Sizin nümunəvi həyat yolunuz, fədakar və rəngarəng fəaliyyətiniz, seçdiyiniz işə sədaqət Azərbaycan xalqında qürur və heyranlıq hissləri doğurur, böyüməkdə olan nəsil üçün örnək rolunu oynayır”. Azərbaycan Respublikası qarşısında böyük xidmətlərinə görə ümummilli lider Kərim Kərimovu “Şöhrət” ordeni ilə təltif etmişdir.
    Tanınmış hərbi xadim, böyük alim və  mütəxəssis Kərim Kərimov 2003-cü il martın 29-da ömrünün 86-cı ilində Moskva şəhərində vəfat etmişdir.
 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved