• Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
  • Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib


MİRZƏ KAZIM BƏY


    Tanınmış  Azərbaycan şərqşünası və maarifçisi, rus şərqşünaslıq elminin banilərindən biri Mirzə Kazım bəy 22 iyun 1802-ci ildə anadan olmuşdur. Onun atası Şeyxülislam Hacı Qasım Azərbaycanın qədim şəhərlərindən olan Dərbənddə böyük hörmət və izzət sahibi idi. Mirzə Məhəmməd Əli Kazım bəy 8 yaşından Dərbənddə yaşamış,1821-ci ildə üstünə böhtan atılaraq Həştərxana sürgün olunmuş atasının yanına getmişdir.

    Həştərxanda tanış olduğu Şotlandiya missionerlərindən ingilis dilini öyrənməyə başlamış, onların təsiri ilə xristianlığı qəbul etmişdir. Bundan sonra o, Aleksandr adı ilə çağrılmağa başlamışdır. 1825-1826-cı illərdə Omsk Asiya məktəbində Şərq dillərindən dərs demişdir. 1826-cı ildən başlayaraq Kazan universitetində Şərq dilləri üzrə mühazirələr oxumağa başlamış, az sonra isə onu türk-tatar dilləri kafedrasına müdir vəzifəsinə seçmişlər. 30-cu illərdə o, adyunkt-professor, ekstraordinar-professor, ordinar-professor olmuşdur. Səmərəli elmi yaradıcılığını və pedaqoji fəaliyyətini görən universitetin rəhbərliyi onu 1845-ci ildə fəlsəfə fakültəsinin birinci şöbəsinin dekanı, 1846-cı ildə isə ərəb-fars dilləri kafedrasının müdiri vəzifəsinə təyin etmişdir.

   1849-cu ildə Peterburqa köçən Mirzə Kazım bəy elmi və pedaqoji fəaliyyətini bu şəhərdə davam etdirmişdir. İlk vaxtlar o, Peterburq universitetində fars dili üzrə ordinar professor,1855-ci ildə isə fars dili kafedrasının müdiri olmuşdur. Peterburq universitetində çalışmaqla yanaşı, eyni zamanda o, bu şəhərin xüsusi pansion və məktəblərinin inspektoru vəzifəsində də çalışmışdır. Mirzə Kazım bəy 1855-ci ildə Peterburq universitetinin Şərq fakültəsinin ilk dekanı olmuş, ömrünün sonuna kimi bu vəzifəni daşımışdır.

    Rusiyada ali təhsilin, xüsusilə də şərqşünaslıq fənlərinin tədrisinin təşkilində, dərs vəsaitlərinin yazılmasında, müəllim-professor kadrlarının hazırlanmasında Mirzə Kazım bəyin xidmətləri böyükdür. Akademik V.V.Bartold bildirmişdir ki, O.Y. Senkovskivə Mirzə Kazım bəy öz müzahirələri ilə rus şərqşünaslığını yaratmışlar.

   Mirzə Kazım bəy müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı hesab edilir. Mirzə Kazım bəy İranda balilər hərəkatının, Dağıstanda Şamil hərəkatının ilk tədqiqatçısı olmuş, bu milli-azadlıq hərəkatları haqqında qiymətli əsərlər yazmışdır. O, tərcüməçi kimi də şöhrət qazanmışdır. 1829-cu ildə Mirzə Kazım bəy Sədinin “Gülüstan” əsərini ilk dəfə rus dilinə tərcümə etmişdir. O, L.N.Tolstoy, N.Q.Çernişevski kimi dahilərə Şərq dillərini öyrətmiş, N.Z.Lobaçovski ilə dost olmuş, onun pedaqoji görüşlərini təbliğ etmişdir.

   Mirzə Kazım bəy Azərbaycan, eləcə də digər Şərq ölkələri ədiblərinin yaradıcılığına biganə olmamışdır. Ərəb əlifbasının dəyişdirilməsi məsələsində M.F.Axundovla həmfikir olmuş, onun “Kəmalüdövlə məktubları” əsərinə yüksək qiymət vermişdir. O, Nizami, Xaqani, Firdovsi, Sədi, A.Bakıxanov, M.F.Axundov və başqalarının yaradıcılığını yüksək qiymətləndirmişdir.

   Mirzə Kazım bəy dövrün aparıcı mətbuat orqanları ilə yaxından əməkdaşlıq etmişdir. Onun əməkdaşlıq etdiyi belə mətbuat orqanlarından biri də “Sovremennik” jurnalı idi. Bu jurnalın fəal əməkdaşı kimi onun bir sıra yazıları çap olunmuşdur. Rus və Şərq xalqlarının yaxınlaşması üçün çox iş görən alimin buxalqların dillərinin qarşılıqlı əlaqələrindən bəhs edən çoxlu tədqiqatları mövcuddur.Onun ərəb, fars və Azərbaycan xalqlarının qədim və orta əsrlər tarixinə həsr olunmuş əsərləri Rusiyada tarix elminin inkişafında çox mühüm rol oynamışdır. Mirzə Kazım bəy 1851-ci ildə özünün “Dərbəndnamə” əsərini ingilis dilinə tərcüməsini nəşr etdirmişdir.

Alim bir çox xarici və rus elmi cəmiyyətlərinin,o cümlədən Londondakı Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü, Peterburq Elmlər Akademiyasının müxbir üzvü, Kopenhaqen Şimal Nadir Sənədlər Kral Cəmiyyətinin üzvü, Kazan Vətən Dilləri Cəmiyyətinin həqiqi üzvü, Peterburq Arxeologiya Numizmatika Cəmiyyətinin müxbir üzvü, Kazan Universitetinin fəxri üzvü, Rusiya Coğrafiya Cəmiyyətinin həqiqi üzvü, Parisdəki Fransa Asiya Cəmiyyətinin ordinar üzvü, Boston Şərqşünaslar Cəmiyyətinin müxbir üzvü, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü və Berlindəki Almaniya Şərqşünaslıq Cəmiyyətinin üzvü seçilmişdir. 1861-ci ildəona Peterburq universitetinin əməkdar professoru,1869-cu ildə Şərq dilləri üzrə fəxri doktor adları verilmişdir. Elmi yaradıcılığına görə o, 3 dəfə Demidov mükafatı almışdır.Onun bir sıra əsərləri xarici dillərə tərcümə olunaraq Avropa və Asiya ölkələrində nəşr edilmişdir. Mirzə Kazım bəyin yazdığı “Türk-tatar dilinin ümumi qrammatikası”ndan uzun illər yeganə dərs vəsaiti kimi istifadə olunmuşdur.

Bütün şüurlu həyatını elmə və təhsilə həsr edən məşhur Azərbaycan alimi Mirzə Kazım bəy 27 noyabr 1870-ci ildə Peterburq şəhərində vəfat etmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved