• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Dünya azərbaycanlıları ziyalılarının I forumuna


 Əziz soydaşlar!

Sizi – Dünya azərbaycanlıları ziyalılarının I forumunun iştirakçılarını ürəkdən salamlayır və forumun işinə müvəffəqiyyətlər arzulayıram.

Xalqımızın tarix boyu arzusunda olduğu müstəqil dövlətçiliyin bərpası ilə Azərbaycanın sosial-iqtisadi inkişafı, demokratik dövlət quruculuğu və dünya birliyinə hərtərəfli inteqrasiyası sahəsində geniş perspektivlər açıldı. Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayaraq, daha da möhkəmləndirdi və dinamik inkişaf yoluna çıxardı. Ölkəmizdə milli birliyin bərqərar olması ictimai-siyasi sabitliyin təmin olunmasına və sosial-iqtisadi inkişafın sürətlənməsinə mühüm təsir göstərdi.

Azərbaycan Respublikasının müstəqil dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmişə diqqət mərkəzində olmuş, onları daha da ruhlandırmış, milli hisslərini və həmrəyliklərini gücləndirərək, müstəqil dövlətimizə bağlılıqlarını möhkəmləndirmişdir. Dünya azərbaycanlılarının öz tarixi Vətəni olan Azərbaycanla sıx əlaqələrinin yaradılması, ümummilli ideyalar ətrafında birləşərək, müstəqil dövlətçilik mənafelərini qoruması, habelə onların taleyi üçün milli dövlətimizin məsuliyyətinin artırılması Azərbaycan Respublikasının siyasətində prioritet istiqamətlərdən birini təşkil edir.

Hazırda soydaşlarımızın milli birliyi və Azərbaycan diasporunun təşkilatlanması ideyası yüksək dövlət siyasəti səviyyəsinə qaldırılmışdır və bu sahədə ardıcıl tədbirlər görülməkdədir. 2001-ci ilin noyabrında Dünya azərbaycanlılarının I qurultayı, 2006-cı ilin martında isə II qurultayının keçirilməsi milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə ehtiva edən, Azərbaycan xalqına və dövlətinə bağlılıq hissinə əsaslanan azərbaycançılıq ideyasının bütün soydaşlarımız və həmvətənlərimiz arasında geniş yayılmasına güclü təkan verdi. Dünyanın müxtəlif ölkələrində on minlərlə soydaşımızı və həmvətənimizi birləşdirən 300-dən çox Azərbaycan icmasının yaradılması və ardıcıl fəaliyyət göstərməyə başlaması, onlar arasında həmrəyliyin güclənməsi bunun əyani sübutudur.

Müasir dünyada qloballaşma proseslərinin intensiv xarakter alması ilə ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələr dərinləşmiş, müxtəlif xalqların mütərəqqi dəyərlərdən bəhrələnərək, dünya sivilizasiyasına öz töhfəsini verməsi üçün yeni imkanlar açılmışdır. Planetimizdə baş verən dinamik proseslər, texnoloji yeniliklər hər bir xalqı öz inkişaf potensialından maksimum istifadə etməyə sövq edir. Belə şəraitdə beynəlxalq birlikdə layiqli yerini tutmaq üçün ümumbəşəri dəyərlərin qiymətləndirilməsi və əxz olunması ilə yanaşı, milli-mənəvi dəyərlərin, mütərəqqi ənənələrin qorunması və zənginləşdirilməsi, eləcə də təbliğ olunması mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan Respublikası ilə yanaşı, diasporumuzun da üzərinə mühüm vəzifələr düşür. İnamla qeyd edə bilərəm ki, Azərbaycan diasporunun son illərdə keçdiyi inkişaf yolu onun böyük potensiala malik olduğunu göstərir. Bu potensialın əsas daşıyıcısı xaricdə yaşayan həmvətənlərimizin mütəşəkkil hissəsini təşkil edən elm, təhsil, mədəniyyət və incəsənət xadimlərindən ibarət ziyalılarımızdır. Yüksək intellektual səviyyəsi və dərin düşüncə tərzi ilə seçilən ziyalılar cəmiyyətin qabaqcıl təbəqəsi kimi proseslərə düzgün qiymət vermək və səfərbəredici missiyanı yerinə yetirmək imkanlarına malikdir. Ona görə də dünya azərbaycanlılarının təşkilatlanmasında, soydaşlarımızın öz milli varlığını dərk etməsində, milli-mənəvi dəyərlərini yaşadaraq təbliğ etməsində ziyalılarımızın üzərinə böyük vəzifə və məsuliyyət düşür.

Eyni zamanda, azərbaycanlı icmalarının yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin olunmasında və Azərbaycan lobbisinin formalaşmasında ziyalılarımız fəal rol oynamalıdırlar.

Müxtəlif sahələrdə çalışan ziyalılar dünyanın elm və mədəniyyət xadimləri, ictimai və siyasi təşkilatların nümayəndələri, dövlət orqanlarının təmsilçiləri ilə əlaqələrini daha da gücləndirməli, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə dolğun surətdə çatdırılması və xalqımızın mənafelərinin layiqincə qorunması üçün ardıcıl səylər göstərməlidirlər. Xüsusilə qəsbkar erməni planlarının və ideoloji təxribatlarının ifşa edilməsində, Azərbaycanın tarixi və mədəniyyətinin, mütərəqqi ictimai fikrinin bütün dünyada peşəkar səviyyədə təbliğ olunmasında çoxsaylı ziyalı təbəqəsinin tükənməz potensialından səmərəli istifadə edilməlidir.

Hazırda Azərbaycan dövləti öz imkanlarını səfərbər edərək yüksək iqtisadi, siyasi, sosial və mədəni inkişaf dinamikasına nail olmuş, bölgənin bütün əhəmiyyətli transmilli layihələrinin mərkəzində dayanmışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun və Avropa ilə Asiyanı birləşdirən digər nəhəng beynəlxalq layihələrin tam işə düşməsi ilə regionun iqtisadi və geosiyasi həyatında ciddi dəyişikliklər baş verəcəkdir. Azərbaycan dövləti qazandığı uğurları daha da inkişaf etdirmək və onun nəticələrindən bütün xalqımızın və soydaşlarımızın mənafeləri naminə səmərəli istifadə etmək əzmindədir.

Əziz soydaşlar, hörmətli forum iştirakçıları! Sizi Dünya azərbaycanlıları ziyalılarının I forumunun keçirilməsi münasibətilə təbrik edir və qarşıda duran böyük vəzifələrin yerinə yetirilməsində uğurlar diləyirəm.

 

İlham Əliyev,

 Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 iyun 2006-cı il. 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved