• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Xocali soyqırımının 15-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciət


 Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Sizə xalqımızın tarixində kədərli və faciəli bir səhifə, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olan Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar müraciət edirəm. 1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi, onların meyitləri təhqir olundu. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi.

Bu gün artıq heç kimə sirr deyil ki, Xocalı faciəsi davakar erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi. Ayrı-ayrı dövrlərdə böyük dövlətlərin maraqları çərçivəsində cərəyan edən bu siyasət bütün məqbul və qeyri-məqbul vasitələrlə - siyasi, iqtisadi, hərbi, terror və idedoloji yolla davam etdirilmiş, soydaşlarımız yaşayış yerlərindən sıxışdırılmış, tarixi Azərbaycan əraziləri zaman-zaman ermənilər tərəfindən zəbt edilmiş və ələ keçirilmişdir. XX əsrin 80-ci illərinin sonlarında isə Ermənistanın Azərbaycana yeni ərazi iddiaları genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxardı. Bu məkrli siyasət nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi erməni hərbi birləşmləri tərəfindən işğal edildi, on minlərlə insan həlak oldu və yaralandı, yüzminlərlə soydaşımız ev-eşiyindən didərgin salındı, qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Xocalı qırğınını törətməklə erməni millətçiləri hiyləgər siyasi və taktiki məqsədlər güdürdülər. Onlar bununla xalqımızın mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin düşmənin niyyətləri baş tutmadı, xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə yüksək iradə və qəhrəmanlıq nümunəsi göstərdi.

Xocalı faciəsi həm də ölkədaxili hakimiyyət mübarizələrinin dövlətimiz üçün nə qədər təhlükəli və fəlakətli nəticələr verdiyini göstərdi. O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə tam biganəlik nümayiş etdirdilər. Dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat vermək üçün heç bir addım atmadı, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək məqsədi ilə istifadə etdi.

Yalnız ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü.

Azərbaycan hökuməti erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Biz həm də, erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı siyasi, maliyyə, ərazi və başqa dividendlər qazanmaq məqsədi güdmürük. Məqsədimiz tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictiamiyyətinin mühakiməsinə verməkdir. Ona görə də erməni şovinist millətçilərinin regionda həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükəsi açılıb göstərilməlidir. Bu, qəhrəman Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

Hazırda Azərbaycan dövləti və cəmiyyəti öz inkişafında quruculuq və yüksəliş dövrünü yaşamaqdadır. Respublikamız iqtisadi inkişaf templərinə görə dünyada lider mövqelərə çıxmışdır. Ölkəmiz regional və beynəlxalq enerji-kommunikasiya layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsüdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı, digər sosial və infrastruktur layihələri uğurla reallaşdırılır. Dövlətimizin iqtisadi və hərbi qüdrəti, beynəlxalq nüfuzu günü-gündən artır, insanlarımızın vətənpərvərliyi, milli mənlik şüuru güclənir. Bir sıra beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlərin rəhbərləri, parlamentləri Ermənistanın işğalçı dövlət olduğunu qəbul edir, ondan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyi tələb edirlər. Təcavüzkar Ermənistan özünü bütün regional layihələrdən kənarda qoymuş, hərtərəfli təcrid vəziyyətinə düşmüşdür. Bütün bunlar və mövcud vəziyyət qarşıda duran vəzifələrin yerinə yetirilməsində, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həlli istiqamətində bizim başlıca arqumentlərimizdir, gücümüzün və uğurlarımızın əsasıdır.

Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, soydaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir. Bu işdə Azərbaycan və türk diaspor təşkilatlarının yeni yaradılan birliyi, fəaliyyətinin əlaqələndirilməsi böyük əhəmiyyətə malik ola bilər. Biz mübarizədə öz gücümüzə, potensialımıza, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanırıq.

Hörmətli həmvətənlər və soydaşlar! Əziz Xocalı sakinləri!

Bu kədərli anım günlərində Xocalı şəhidlərinin və qəhrəmanlarının əziz xatirəsini ehtiramla yad edərək, Allahdan onlara rəhmət diləyir, yaxınlarına, bütün xalqımıza dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 fevral 2007-ci il.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved