• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


31 mart azərbaycanliların soyqirim günü münasibətilə Azərbaycan xalqina müraciət


 Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən bəri Azərbaycan Respublikasında hər il dövlət səviyyəsində qeyd edilir. Bu tarix bilavasitə 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlarla bağlı olsa da, onun xronologiyası çox genişdir. İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik “böyük Ermənistan” dövləti yaratmaq idi. XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi - bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir. Bu məkrli siyasət nəticəsində tarixi Azərbaycan torpaqları zaman-zaman ermənilər tərəfindən qəsb edilmiş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə insan həlak olmuşdur. Hazırda Azərbaycan Respublikası ərazisinin 20 faizi erməni hərbçilərinin işğalı altındadır.

Azərbaycan hökuməti və vətəndaşları, xaricdə yaşayan soydaşlarımız qarşısında bu gün bir-biri ilə sıx bağlı olan iki mühüm vəzifə durur: ərazilərimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail olmaq və azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bu vəzifələrin həlli üçün biz işğalçı Ermənistana qarşı siyasi, hüquqi, iqtisadi, ideoloji təzyiq vasitələrindən istifadə etməli, bütün daxili və xarici imkanlardan bəhrələnməliyik. Ermənistan iqtisadi və hərbi potensial baxımından bizimlə rəqabət aparmaq gücündə deyildir. Beynəlxalq təşkilatlarda, dünya parlamentlərində Azərbaycan həqiqətləri getdikcə daha çox təsdiqini tapır, Ermənistan işğalçı dövlət adlandırılır, ondan qəsb etdiyi əraziləri azad etmək tələb olunur.

Lakin nəzərə almalıyıq ki, qarşımızda ideoloji təxribatlar və dezinformasiya sahəsində “zəngin təcrübəyə”, bir sıra ölkələrdə təsirli lobbiyə və mütəşəkkil diaspora malik olan rəqib dayanır. Erməni şovinist millətçiləri öz məqsədlərinə çatmaq üçün heç bir çirkin vasitədən çəkinmir, diqqəti işğal faktından yayındırmaq üçün daim yeni saxta ideyalar uydururlar. İnformasiya və əks-təbliğat işimizi quran zaman bu amilləri nəzərə almalıyıq. Müxtəlif ölkələrdə soydaşlarımızın keçirdiyi tədbirlər daha əzəmətli və davamlı olmalı, dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb etməlidir. Həm də bu işlər türk və bizimlə həmrəy olan digər diaspor təşkilatlarının fəaliyyəti ilə əlaqələndirilməlidir. Bu günlərdə Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatlarının I forumu göstərdi ki, biz birgə fəaliyyət göstərdikdə daha güclü oluruq.

Əminəm ki, insanlarımızın vətənpərvərliyi, mütəşəkkilliyi və Azərbaycan rəhbərliyinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi sayəsində biz qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən ərazi bütövlüyü və suverenliyimizin bərpasına, xalqımıza qarşı əsl soyqırımı siyasəti həyata keçirənlərin, başqa xalqlara düşmənçilik və nifrət ideologiyasının daşıyıcılarının ifşa edilməsinə nail olacağıq.

Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Bu kədərli anım günlərində soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, xalqımıza rifah və səadət diləyirəm. 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 mart 2007-ci il.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved