• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Avrasiya ölkələri onuncu iqtisadi zirvəsinin iştirakçılarına


 Hörmətli konfrans iştirakçıları!

Sizi - Avrasiya ölkələri Onuncu İqtisadi Zirvəsinin iştirakçılarını ürəkdən salamlayır və toplantının işinə uğurlar diləyirəm.

1998-ci ildən müntəzəm olaraq Mərmərə qrupunun təşəbbüsü və Türkiyə hökumətinin dəstəyi ilə İstanbulda keçirilən Avrasiya iqtisadi zirvələri region dövlətləri və xalqları arasında iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafında mühüm hadisəyə çevrilmişdir. Zirvələrdə Avropa və Asiya dövlətlərinin tanınmış siyasi və dövlət xadimlərinin, nüfuzlu araşdırma mərkəzlərinin, ictimai təşkilat və media təmsilçilərinin iştirakı, müzakirəyə çıxarılan məsələlərin müxtəlifliyi və əhatəliliyi tədbirin əhəmiyyətinin və ona olan marağın əyani göstəricisidir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev Avrasiya ölkələri, xüsusilə Xəzər və Qara dəniz hövzəsi dövlətləri arasındakı əlaqələrə, ikitərəfli regional əməkdaşlığa mühüm əhəmiyyət verir, bu istiqamətdə həyata keçirilən təşəbbüsləri dəstəkləyirdi. Onun müəllifi olduğu regional və beynəlxalq əməkdaşlıq strategiyası bu gün də Azərbaycan rəhbərliyi tərəfindən davam etdirilir, dövlətlərarası əlaqələrin inkişafı üçün yeni imkanlar araşdırılır, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün tədbirlər görülür.

Müasir dünyada dövlətlərin və xalqların öz aralarında sıx siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr qurması, sülhün və təhlükəsizliyin birgə səylərlə qorunması dövrümüzün aktual problemlərindəndir. Xalqlara, dövlətlərə və bütün bəşəriyyətə təhlükələr yaradan terrorun, təcavüzkar separatizmin, müharibələrin qarşısı yalnız birgə səylərlə və çoxtərəfli əməkdaşlıq vasitəsilə alına bilər. 

Azərbaycan regional və qlobal enerji təhlükəsizliyi sisteminin yaradılması prosesinin fəal iştirakçılarından və təşəbbüsçülərindən biridir. Əsrin ən böyük layihələrindən olan Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq iki ildir ki, fəaliyyət göstərir və öz əhəmiyyətini getdikcə daha çox sübut edir. Azərbaycan qazını Türkiyəyə və Avropa bazarlarına çatdıracaq Bakı-Tbilisi-Ərzurum kəməri istismara hazırdır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bir zamanlar xalqları iqtisadi, ticarət və mədəniyyət baxımından birləşdirən tarixi “İpək yolu” yeni şəraitdə uğurla bərpa edilir, daha zəngin forma və məzmun qazanır. Qərbi Avropadan başlamış Uzaq Şərqə qədər bir sıra ölkələri vahid nəqliyyat sistemində birləşdirməyə xidmət edəcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi haqqında Azərbaycan, Gürcüstan və Türkiyə arasında saziş bağlanmışdır və onun inşası yaxın aylarda başlanacaqdır. Bütün bu layihələr region xalqlarının və beynəlxalq birliyin rifahına, təhlükəsizliyə və inteqrasiyaya xidmət edəcəkdir.

Əminəm ki, tarixən Avropa və Asiya arasında “qızıl körpü”, mədəniyyətlər və sivilizasiyalararası mərkəz rolunu oynayan İstanbulda toplanan Onuncu İqtisadi Zirvə böyük iqtisadi, enerji, insan resurslarına və intellektual potensiala malik region ölkələri arasında əməkdaşlığın hazırkı vəziyyətini təhlil edəcək, əlaqələrin və inteqrasiyanın gələcək perspektivlərinin müəyyənləşdirilməsi üçün dəyərli ideyalar verəcəkdir.

Bir daha toplantının işinə uğurlar, hamınıza sülh, sağlamlıq və rifah, Avrasiya İqtisadi Zirvəsinin əsas təşkilatçısı olan Mərmərə qrupuna gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıram.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 may 2007-ci il. 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved