• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Dünya azərbaycanlılarına


 Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıların hər il dekabrın 31-də təntənə ilə qeyd etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi və soydaşlarımızı düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılmış və ardıcıl olaraq həyata keçirilmişdir.

Son illər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi, birlik və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini göstərir. 2006-cı ilin martında Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayında qəbul edilmiş qərarların, qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi diaspor quruculuğuna, milli-mənəvi və ümumbəşəri dəyərlərə söykənən azərbaycançılıq ideologiyasının yayılmasına güclü təkan vermişdir.

Bu gün dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoymuşdur. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Soydaşlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Eyni zamanda, Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirilir.

Sosial-iqtisadi və siyasi yüksəliş dövrünü yaşayan Azərbaycan dövləti bütün resurslarını xalqımızın rifahının yüksəlməsinə və ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə yönəltmişdir. Dünyanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu getdikcə artır. Respublikamızda həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət müasir infrastrukturların yaradılmasına, sosial problemlərin həllinə, elm və mədəniyyətin inkişafına, vətəndaşlarımızın hüquq və azadlıqlarının daha dolğun təmin olunmasına yeni imkanlar açır.

İndiki dövrdə xalqımızın qarşısında duran başlıca problem hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə nail olmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən ibarətdir. Hesab edirəm ki, Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimiz bu sahədə səylərini gücləndirməkdə davam edəcək, uğurlarımızın daha fəal təbliğ olunması və ölkəmizin müsbət imicinin möhkəmlənməsi qayğısına qalacaqlar. Diasporumuz öz mütəşəkkilliyini və çevikliyini bir qədər də artırmalı, digər xalqların diaspor mərkəzləri ilə əlaqələrini genişləndirməli, ölkəmizə qarşı yönəlmiş informasiya təxribatlarını vaxtında ifşa etməlidir.

Həmvətənlərimizi daha sıx birliyə, müstəqil dövlətimizin mənafelərinin ardıcıl qorunması və beynəlxalq nüfuzunun artırılması işinə bundan sonra da öz töhfələrini verməyə çağırıram.

Bu əziz bayram münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə cansağlığı və firavanlıq, işlərinizdə uğurlar arzulayıram!

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 dekabr 2008-ci il. 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved