• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin sədrləri ilə görüş


 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də “Adlon Kempinski” mehmanxanasında Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin sədrləri ilə görüşmüşdür. Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

 

Prezident İlham Əliyev görüşü giriş nitqi ilə açdı.

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

 

-Əziz dostlar!

 

Mən sizin hamınızı ürəkdən salamlayıram. Artıq iki gündür ki, Berlindəyəm və mənim bütün görüşlərim çox yaxşı, çox uğurlu keçir. Bu səfər bir daha onu göstərir ki, Almaniya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edir. Bu, son iki il yarım ərzində mənim Almaniyaya ikinci rəsmi səfərimdir və özlüyündə göstərir ki, bizim əlaqələrimiz nə qədər zəngindir. Həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əməkdaşlığımız çox gözəl nəticələrini verməkdədir. Almaniya bizim üçün çox önəmli ölkədir, çox vacib tərəfdaşdır. Həm ikitərəfli müstəvidə, həm də Avropa İttifaqı-Azərbaycan münasibətləri çərçivələrində bizim əməkdaşlığımızın böyük əhəmiyyəti var.

 

Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına inteqrasiya siyasətini uğurla davam etdirir. Biz artıq Avropa İttifaqı üçün qonşu ölkə olmuşuq və əminəm ki, beş il müddətinə nəzərdə tutulan birgə fəaliyyət planı çərçivəsində biz Avropaya daha da yaxın olacağıq. Bununla bərabər, Azərbaycanın zəngin neft-qaz ehtiyatları da Avropa və dünya bazarlarına çatdırılacaqdır. Bu məsələləri tənzimləmək üçün keçən ilin noyabr ayında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanmışdır. Bütün bunlar həm ölkənin əhəmiyyətini artırır, həm də bizim siyasətimizi əks etdirir və bütünlükdə bizim bölgədə yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.

 

Artıq heç kim üçün sirr deyil ki, Azərbaycan bölgənin lider dövlətidir. Biz bu liderliyi qazanmışıq. Bizim uğurlu siyasətimiz ölkəni möhkəmləndirir, eyni zamanda, regionda gedən proseslərə də müsbət təsir göstərir. Biz regional layihələrin icrası ilə böyük uğurlar əldə etmişik. Həm energetika, həm də nəqliyyat sahəsində, bütün başqa sahələrdə regional müstəvidə biz çox önəmli təşəbbüslərin həyata keçirilməsində uğurlu siyasət aparmışıq. Bütün bunlar Azərbaycanı Avropa ilə daha da birləşdirəcəkdir. Bu, bizim seçimimizdir, bizim siyasətimizdir və Avropaya inteqrasiya siyasətimizdir. Hərtərəfli əməkdaşlıq Azərbaycanın milli maraqlarına uyğundur.

 

Bizim ölkəmiz müstəqil siyasət aparır. Azərbaycan xalqının iradəsi bizim üçün əsasdır. Əlbəttə ki, Azərbaycanın hərtərəfli inkişafı, müasirləşməsi hər bir vətəndaşın həyatında öz müsbət təsirini göstərəcəkdir. Biz zəngin ölkəyə çevrilirik. Azərbaycanın iqtisadi inkişafı dünyada heç bir analoqu olmayan sürətlə gedir. Keçən il 34,5 faiz iqtisadi artım olubdur. Son üç il ərzində yoxsulluğun səviyyəsi kəskin şəkildə azalmış, 49 faizdən 20 faizə düşübdür. Əminəm ki, 2007-ci ilin yekunlarına görə yoxsulluq daha da aşağı düşəcəkdir. Məqsəd də ondan ibarətdir ki, Azərbaycanda nə yoxsul, nə də işsiz olsun və ölkə əhalisi yaxşı yaşasın. Bunu etmək üçün cəsarətli və ölkəmiz üçün lazım olan iqtisadi islahatlar aparılmalıdır və aparılır. Eyni zamanda, siyasi islahatlar da aparılmalıdır. Avropa İttifaqı ilə bizim birgə fəaliyyət proqramımızda məhz siyasi islahatlar da nəzərdə tutulur. Azərbaycanda demokratikləşmə proseslərinin sürətləndirilməsi, insan haqlarının qorunması işində də böyük addımlar atılıb və bundan sonra da atılacaqdır.

 

Bir sözlə, müasir, iqtisadi cəhətdən özünü təmin edən, regional proseslərə təsir göstərən ölkə və açıq cəmiyyət - budur, Azərbaycanın gələcəyi. Artıq siyasətimizin nəticələri də göstərir ki, biz bu istiqamətdə böyük irəliləyişə nail ola bilmişik. Bütün bu işlərdə xaricdə yaşayan azərbaycanlıların da əməyi çox əhəmiyyətlidir və dəyərlidir, onların bu işlərdə böyük rolu var. Biz çox istəyirik ki, dünyada yaşayan bütün azərbaycanlılar birləşsinlər. Həm yaşadıqları ölkələrdə onların vəziyyəti yaxşı olsun, həm də onlar öz fəaliyyəti ilə müstəqil Azərbaycanın möhkəmlənməsində fəal rol oynasınlar. Bu baxımdan dünya azərbaycanlılarının qurultayları böyük əhəmiyyət kəsb edir. Son dəfə biz Bakıda qurultaya yığışanda və çox geniş fikir mübadiləsi aparılanda gördük ki, fəaliyyət üçün nə qədər böyük imkanlar var, Azərbaycanın imkanları nə qədər artır. Artıq Azərbaycan o ölkədir ki, öz soydaşlarını, istənilən yerdə yaşayan soydaşlarını müdafiə etmək, onlara kömək göstərmək və arxa durmaq iqtidarındadır.

 

Sovet İttifaqı dağılanda biz həm iqtisadi, həm də siyasi cəhətdən çox ağır vəziyyətdə idik. Biz hamımız bunu yaxşı xatırlayırıq. Faktiki olaraq, ölkənin gələcəyi şübhə altında idi. İqtisadi və siyasi böhran Azərbaycanı çox ağır vəziyyətə salmışdı. Ancaq cəmi 15 il keçibdir. Baxın, bu 15 il ərzində cəmiyyəti narahat edən bütün problemlər aradan qaldırıldı. Azərbaycanda siyasi sistem yarandı. Azərbaycanın tarixində heç vaxt siyasi sistem olmamışdır. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu. 1991-ci ildə Azərbaycanda özəl sektor sıfır idi. Bu gün ölkə iqtisadiyyatında özəl sektorun çəkisi 81 faizdir. Böyük neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi - bütün bunlar ölkəmizi möhkəmləndirir. Belə olan halda, əlbəttə, Azərbaycan dövləti, güclü dövlət öz soydaşlarına daha da böyük diqqət göstərməlidir və göstərir. Siz də bunu bilməlisiniz.

 

Mən istəyirəm ki, xaricdəki hər bir azərbaycanlı yaşadığı ölkədə özünü rahat hiss etsin, yaxşı yaşasın. Eyni zamanda, bilsin ki, onun tarixi vətəni, onun dövləti qüdrətli dövlətdir. Bax, biz bütün səyləri bu istiqamətə yönəldirik. Sirr deyil ki, xaricdə yaşayan azərbaycanlılar da bizim vətənimiz üçün dayaq, arxadır. Yəqin, siz də bilirsiniz ki, biz xaricdə öz diplomatik nümayəndəliklərimizi də yaradırıq, onların sayını artırırıq. Artıq 50 ölkədə Azərbaycanın səfirliyi fəaliyyətə başlayıb, yaxud başlayacaqdır. Avropanın, demək olar ki, bütün ölkələrində Azərbaycanın səfirlikləri yaradılır. Bunlar həmin ölkələrdə yaşayan azərbaycanlılar üçün də doğma evdir. Biz ondan sonra mədəniyyət evlərinin yaradılmasına başlamalıyıq. Bu işdə xaricdə yaşayan azərbaycanlılar da iştirak etməlidirlər. Azərbaycan dövləti bu işi öz üzərinə götürməlidir, indi bizim maddi imkanlarımız var.

 

Bizim çevik xarici siyasətimiz ölkəmizin möhkəmlənməsinə gətirib çıxarıbdır. Baxın, biz əhali, ərazi baxımından böyük ölkə deyilik. Amma biz dünyanın aparıcı ölkələri ilə bərabər şəraitdə, bərabər səviyyədə əməkdaşlıq edirik. Avropanın bütün ölkələri ilə, digər dövlətlərlə çox yaxın münasibətlərimiz var. Yəni Azərbaycan etibarlı bir tərəfdaş kimi artıq çox gözəl nüfuza malikdir. Biz çox istəyirik ki, beynəlxalq mövqelərimiz daha da möhkəmlənsin. Çünki bizi ən çox narahat edən problem hələ öz həllini tapmayıbdır. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından hələ çıxarılmayıbdır. Baxmayaraq ki, biz bütün səyləri bu məsələnin həllinə yönəldirik və beynəlxalq təşkilatlar da bu məsələ ilə çox ciddi məşğul olur. Ona görə bu məsələni həll etmək üçün biz güclü olmalıyıq.

 

Bizim gücümüz hər bir azərbaycanlının gücüdür və Azərbaycan dövlətinin gücüdür. Bu, həm iqtisadi ölçülərlə müəyyən olunur və əlbəttə ki, burada siyasi məqamlar da az deyildir. Xaricdə yaşayan azərbaycanlılar bizim dayağımızdır. Xüsusilə müstəqilliyimizin ilk illərində buna daha çox ehtiyac duyulurdu, çünki gənc Azərbaycan Respublikasının ehtiyacları çox idi. İndi, bəlkə, o qədər də böyük ehtiyac yoxdur. Ona görə ki, artıq səfirliklər var. Ancaq səfirlik öz xətti ilə işləri görür. Diaspor, Azərbaycan təşkilatları isə bu işləri öz xətti ilə görür. Mən çox istəyirəm ki, bu fəaliyyət əlaqələndirilmiş şəkildə aparılsın. Azərbaycan cəmiyyətləri səfirliklə daim əlaqədə olsunlar və birgə fəaliyyət göstərsinlər. Çünki bizim məqsədimiz də, istəyimiz də birdir ki, ölkəmiz möhkəmlənsin. Hər bir vətənpərvər vətəndaş, insan bunu arzulayır. Biz öz tərəfimizdən bunu edirik. Ölkəmizin iqtisadi gücünü qaldırırıq, siyasi çəkisini artırırıq və deyə bilərəm ki, gənc, müstəqil dövlət olduğumuza baxmayaraq, biz özümüzü dünyaya artıq kifayət qədər təqdim edə bilmişik. Yəni, artıq bilirlər ki, Azərbaycan müstəqil ölkədir və öz siyasətini Azərbaycan xalqının maraqlarının ətrafında qurur. Əlbəttə, bu, bizim qarşımızda yeni imkanlar yaradır.

 

Xaricdə yaşayan hər bir azərbaycanlı bunu hiss edir, bilir. Əminəm ki, Azərbaycanın hansısa uğurlara nail olduğunu görəndə haqlı olaraq qürur hissi keçiririk.

 

Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum transmilli layihələrini həyata keçirdik. Çox ağır şəraitdə, çətin geosiyasi durumda, təzyiqlərlə, müxtəlif başqa maneələrlə üzləşərək bunu edə, öz gücümüzü nümayiş etdirə bilmişik. İndi biz yeni layihə üzərində işləyirik. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan vasitəsilə Avropanı Asiya ilə birləşdirəcəkdir. Bu nə deməkdir? Yəni, Azərbaycan artıq elə ölkəyə çevrilir ki, bizim iştirakımız olmadan heç bir regional layihə həyata keçirilə bilməz. Bu, nəyə gətirib çıxaracaq? Əlbəttə ki, iqtisadi məsələlərin həllinə. Büdcəmizə daha da çox pul gələcək və bizim siyasi çəkimiz artacaqdır. Belə olan halda, istənilən məsələ öz həllini tapa bilər.

 

Yəqin bilirsiniz, mən çalışıram ki, bütün xarici səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşüm, onlara öz münasibətimi, dəstəyimi bildirim. Həmişə səfirliklərə də göstəriş verirəm ki, - bütün ölkələrdə Azərbaycan diasporları var, - daim əlaqədə olsunlar, kömək etsinlər, çətin anlarda həmişə əl uzatsınlar. İndi bizim buna imkanlarımız çatır, bunu etməliyik. Biz xaricdə yaşayan hər bir azərbaycanlını qorumalıyıq. Onun problemi olanda, ilk növbədə, səfirliyə müraciət etməlidir və bilməlidir ki, Azərbaycan dövləti onu darda qoymamalıdır.

 

Mənim sizə deyəcəyim əsas sözlər bunlardır. Bir daha deyə bilərəm ki, siz də Azərbaycanda olursunuz, vəziyyətlə də tanışsınız. Yəni, siz də ölkəmizdə gedən prosesləri izləyirsiniz, görürsünüz, Azərbaycanda olursunuz. Bizim ölkəmiz iqtisadi, siyasi cəhətdən və biznes mühitinə görə regionun mərkəzinə çevrilibdir. Mən çox istəyirəm ki, indi Azərbaycanda ən qabaqcıl texnologiyalar, xüsusilə təhsil, informasiya-kommunikasiya sahəsində texnologiyalar tətbiq olunsun. Biz artıq bu barədə dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparırıq.

 

Yəqin bilirsiniz ki, biz indi yeni proqram qəbul etmişik. Gənclərimizi xaricə göndərəcəyik ki, onlar Avropanın, dünyanın aparıcı təhsil ocaqlarında yaxşı təhsil alsınlar. Biz məktəblərdə internet sistemini yaradırıq. Nə üçün? Çünki bizim uşaqlarımız savadlı, bilikli olsunlar. Dünyanı bilik idarə edəcək və bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Biz buna hazır olmalıyıq. Bizim iqtisadi gücümüz var, təbii sərvətlərimiz var. Bu təbii sərvətləri Avropaya, dünyaya çatdırmaqla öz siyasi gücümüzü artırırıq. İndi bölgədə möhkəm mövqeyimiz var. Elə etməliyik ki, bizim insanlarımız savadlı, bilikli olsunlar, dünyaya açıq olsunlar, bilsinlər ki, nələr baş verir və inteqrasiya olunsunlar. Biz Avropa ilə daha çox inteqrasiya etməliyik. Mən inteqrasiya deyəndə, təkcə dövlət xətti ilə olan hansısa məsələləri nəzərdə tutmuram. Bu, öz yerində, bu, ümumi çərçivədir. Azərbaycan yeni qonşuluq siyasətinə dair sənəd imzalayıbdır. Orada kifayət qədər müxtəlif məqamlar var ki, beş il ərzində bizi Avropa ilə daha da sıx birləşdirəcəkdir. Amma inteqrasiya, eyni zamanda, fərdi qaydada da olmalıdır. Bunu etmək üçün Avropada, misal üçün, Almaniyada yaşayan azərbaycanlılar da çox fəal olmalıdırlar.

 

Vətənlə əlaqə daim olmalıdır. Bu, təbii bir prosesdir. Xüsusilə nəqliyyat problemləri də həll olunduğu indiki şəraitdə. İndi çoxlu yeni təyyarələr alınır. Azərbaycanın hava yolları şirkəti bölgənin aparıcı şirkətinə çevriləcək və müxtəlif istiqamətlərdə uçuşlar olacaqdır. Biznes marağı artır. Bu gün mənim Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə də görüşüm olubdur. Sabah da biznes forumunda olacağam. Mən onları da Azərbaycana işləməyə sövq edirəm. Bütün bunlar iqtisadi əsaslarla idarə olunan məsələlərdir.

 

Əlbəttə, bütün bunlarla yanaşı, mənəvi əlaqələr də olmalıdır. Biz, azərbaycanlılar elə millətik ki, harada yaşamağımızdan asılı olmayaraq, istənilən yerdə öz milli ənənələrimizi qoruyuruq, saxlayırıq. Uşaqlarımızı milli ruhda böyüdürük. Əgər tarixə baxsaq görərik ki, əsrlər boyu müstəqillikdən məhrum olmuşuq, müxtəlif ölkələrin tərkibində yaşamışıq. Amma öz milli ənənələrimizi saxlamışıq. Nəyə görə, nəyin hesabına? İlk növbədə, ana dili. Bu, bizi millət kimi saxlayıbdır. İkinci tərəfdən, bizim ədəbiyyatımız, musiqimiz, mədəniyyətimiz. Bunlar olmasaydı, indi müstəqil ölkə kimi yaşamaq bizə çox çətin olardı. Bu, bizi bir millət kimi saxladı, qorudu. İndi isə biz müstəqilik. Hər bir xalq üçün bundan böyük xoşbəxtlik ola bilməz. Vətənlə əlaqələr, xüsusilə mənəvi əlaqələr olmalıdır. Bəlkə də bu, sizə daha çox lazımdır, nəinki hansısa başqa bir məsələ. Bunu təmin etmək üçün kifayət qədər imkanlar var və daha da çox olacaqdır. Biz indi bu sahəyə böyük diqqət göstəririk.

 

Müxtəlif ölkələrdə Azərbaycan günləri keçirəcəyik. Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələrinin səfərləri, rəssamların sərgiləri təşkil olunur və bunları genişləndirmək üçün əlavə tədbirlər görülür. Bu, həm xaricdə yaşayan azərbaycanlılar üçün lazımdır ki, mənəvi bağlılıq itməsin. Həm də ölkəmizi təqdim etməliyik. Bəzi hallarda Avropada bilmirlər ki, Azərbaycanda hansı proseslər gedir. Yaxud da buraya yanlış məlumat ötürülür. Amma Azərbaycana gələndə, vəziyyətlə tanış olanda görürlər ki, bu, tamamilə başqa bir mənzərədir. Güclü iqtisadiyyat, açıq cəmiyyət, dözümlü insanlar, ən yüksək səviyyədə tolerantlıq var, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizi daha çox təqdim etməliyik, onu təbliğ etməliyik ki, bizi olduğu kimi tanısınlar.

 

Mən çox danışa bilərəm. Çünki bu görüş mənim üçün çox əhəmiyyətlidir. Bakıda və Azərbaycanın müxtəlif rayonlarında görüşlərim çox olur və onlar çox böyük əhəmiyyət kəsb edir. Amma sizinlə görüş tamamilə başqadır. Çünki siz vətəndən kənarda yaşayırsınız. Sizin üçün, yəqin ki, vətəndən gələn hər bir insanla görüşmək vacibdir. Mənim üçün də. Siz gözəl ölkədə yaşayırsınız, inkişaf etmiş ölkədə yaşayırsınız. Amma əminəm ki, sizin ürəyiniz Azərbaycandadır. Əminəm ki, siz bu fikirlərlə, duyğularla yaşayırsınız və çox istəyirsiniz ki, bizim ölkəmiz tərəqqi etsin, inkişaf etmiş ölkələrin sırasına daxil olsun. Biz də bunu edəcəyik. Çünki bizim intellektual potensialımız güclüdür.

 

Ölkənin çox düşünülmüş və məqsədyönlü inkişaf strategiyası var. Aparıcı dövlətlərlə işbirliyimiz də möhkəmlənir. Azərbaycanda neftdən əldə olunan gəlirlər ədalətli şəkildə bölünür. Əgər belə olmasaydı, üç ildə yoxsulların sayı 49 faizdən 20 faizə düşməzdi. Mənim üçün ən böyük göstərici budur. Ümumi daxili məhsulun artımı 34,5 faizdir. Mən bunu çox böyük qürur hissi ilə qeyd edirəm. Çünki bu baxımdan biz dünyada birinci yerdəyik. Özü də bir il yox, iki il dalbadal. Amma mənim üçün bundan daha önəmlisi yoxsulların sayının azalmasıdır. Yəni bizim neft strategiyamız insanların həyat səviyyəsinin yaxşılaşmasına gətirib çıxarır. Yenə deyirəm, üç il əvvəl Azərbaycanda əhalinin 49 faizi yoxsul idi, indi 20 faizdir. Əminəm ki, ölkə inkişaf etdikcə, daha da aşağı düşəcəkdir.

 

Bir daha demək istəyirəm ki, mənim sizə sözlərim çoxdur. Amma iş qrafikim bir az gərgindir. Ona görə vaxtınızı çox almaq istəmirəm. Burada çıxış etmək istəyənlər də var. İstəyirəm onlara da imkan yaradım ki, öz sözlərini desinlər.

 

AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN SƏDRİ

 BAHƏDDİN KAYANIN ÇIXIŞI

 

- Cənab Prezident, xoş gəlmisiniz. Sizi Avropada yaşayan azərbaycanlılar adından ürəkdən salamlayırıq. Avropa ölkələri ilə münasibətlərdə apardığınız siyasət və işbirliyi Avropada yaşayan biz azərbaycanlılara çox böyük qürur verir və bunun davamını gözləyirik. On beş ildən çoxdur ki, gənc Azərbaycan Respublikasının torpaqlarının 20 faizi Ermənistanın təcavüzü nəticəsində işğal olunmuşdur. 15 ildən artıqdır ki, bir milyondan çox qaçqın və məcburi köçkünün ehtiyaclarının dövlət büdcəsi hesabına ödənilməsinə baxmayaraq, gənc dövlətin iqtisadi cəhətdən inkişaf etməsi, ictimai-siyasi sabitliyin qorunması, sabit ölkə kimi inkişaf etməsi bizlər üçün çox sevindiricidir.

 

Xüsusilə, gənc dövlət olmasına baxmayaraq, böyük dövlətlərin də görə bilmədiyi işləri - dünyanın enerji siyasətini müəyyən edən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin gerçəkləşdirilməsi Azərbaycanın qısa müddət ərzində dünya dövlətləri içərisində nüfuzunun artması istiqamətində mühüm bir addımdır. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar apardığınız sülhpərvər danışıqlar siyasətini, bununla bağlı verəcəyiniz qərarları, zənn edirik ki, dünyanın hər yerində yaşayan azərbaycanlılar və hətta bütün türklər dəstəkləyəcək, Sizin yanınızda olacaqlar. Ümid edirik ki, ən qısa zamanda ölkəmizin işğalına son qoyulacaqdır.

 

Bütün bu problemlərin olmasına baxmayaraq, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrə verilən önəm, bizimlə aparılan dialoq, xüsusilə ümummilli lider, böyük dövlət adamı, mərhum atanız Heydər Əliyevin 2001-ci ildə Bakıda Dünya azərbaycanlılarının I qurultayını gerçəkləşdirməsi, 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması və bu komitəyə çox böyük imkanlar açmaqla xaricdəki azərbaycanlıların təşkilatlanmasına böyük dəstək verməyiniz bizləri sevindirir və buraya toplaşan Azərbaycan cəmiyyətlərinin fəaliyyətlərinə çox böyük kömək göstərir.

 

2006-cı ilin mart ayında mənim də iştirak etdiyim Dünya azərbaycanlıları konqresinin keçirilməsi də bütün dünyadakı soydaşlarımıza böyük qürur vermişdir. 2007-ci ilin mart ayında Türk-Azərbaycan cəmiyyətlərinin forumunun keçirilməsi diasporlarının formalaşması, birgə çalışması baxımından “Bir millət, iki dövlət” siyasətinin ən parlaq nümunələrindən biri olacaqdır. Bunların hamısını fərəh hissi ilə təqdir edirik. Xüsusilə, Avropada yaşayan azərbaycanlılar adından Azərbaycanın buradakı səfirliyinə son illərdəki fəaliyyətinə görə minnətdarlığımı bildirirəm. Almaniyadakı bütün təşkilatların işbirliyinin qurulması, yaxın əməkdaşlığın yaradılması məqsədi ilə dəyərli işlər görülür. Bu işdə səfirliyin bizimlə də yaxından əməkdaşlıq etməsi hamımızı sevindirir.

 

Cənab Prezident, vaxtınızın məhdud olduğunu bilirəm. Amma yenə də Avropa istiqamətində apardığınız siyasətin doğru olduğunu, bizim bu siyasəti dəstəklədiyimizi bəyan edirəm. Almaniyaya bu rəsmi səfəriniz həm iqtisadi, həm də dostluq baxımından Almaniya-Azərbaycan münasibətlərinə çox böyük töhfələr verəcəkdir. Səfərinizin iki ölkənin əməkdaşlığı, işbirliyi baxımından daha faydalı olmasını arzulayır və Sizə dərin təşəkkürümü bildirirəm. Sağ olun.

 

AVROPA-AZƏRBAYCAN STRATEJİ ARAŞDIRMALAR

 MƏRKƏZİNİN SƏDRİ BAŞAR KÖMÜRÜN ÇIXIŞI

 

- Zati-aliləri hörmətli cənab Prezident, Ali baş komandan!

 

Mən demək istəyirəm ki, xaricdə yaşayan azərbaycanlıların ürəyində Siz varsınız və Azərbaycan vardır. Biz bununla yaşayırıq, fəxr edirik və sizlərin sayəsində çətinliklərimiz ortadan qalxır. Ona görə deyirəm ki, hamımızın ürəyində Azərbaycan eşqi vardır. Siz buraya xoş gəlmisiniz.

 

Rəhmətlik atanız deyirdi ki, dünyanın harasında yaşayırsınız yaşayın, yaşadığınız ölkənin dilini danışın, yaşadığınız ölkənin vətəndaşı olun, amma siz öz vətəninizi, dilinizi, ənənələrinizi yadınızdan çıxarmayın, Azərbaycanımızı tanıyın. Burada olanların hamısı atanızın söylədiyi fikirlərin daşıyıcılarıdır, o sözləri yadda saxlayırlar. Atanızın dediyi kimi, biz yaşadığımız ölkələrdə siyasətçilərə, dövlət adamlarına, ziyalılara - hamısına Azərbaycanın məsələlərini çatdırırıq. Biz bu amalla yaşayırıq. Sizin bu yolda göstərdiyiniz fəaliyyəti yüksək qiymətləndiririk. Atasının yolu ilə gedən bir insan kimi Sizinlə fəxr edirəm.

 

Cənab Prezident, yəqin ki, yadınızdadır, 2002-ci ildə Frankfurt aeroportuna gəlməli idiniz. Siz onda Milli Olimpiya Komitəsinin prezidenti idiniz. Biz Sizi yola salmaq üçün oraya getdik. Çantanızı Siz özünüz götürdünüz, hər şeyi özünüz etdiniz. Düzdür, biz lazım olan hər şeyi həll etmişdik. Lakin Siz dediniz ki, burada Azərbaycan vətəndaşları var, mən də onlar kimi növbəyə dayanacağam. Siz çantanız, biletiniz əlinizdə onlarla bərabər növbəyə dayandınız. Mən yanımdakı dostlarıma dedim ki, Azərbaycanın dövlət başçısının, Prezidentimizin oğlunu yola salmağa gəlmişik, amma biz bu sadəlikdə gələcəyin liderini gördük. Bunu Sizə söyləməyi özümə borc bildim.

 

Hörmətli xanımlar və cənablar, üzümü sizə tutub deyirəm, eşq olsun ki, sizin Azərbaycan kimi dövlətiniz, bu dövlətin də İlham Əliyev kimi başçısı var. Ona eşq olsun!

 

Cənab Prezident, Sizin 1982-ci ildə bitirdiyiniz ali məktəbdə bir sərgi təşkil olunmuşdu. O sərgidə Sizin xoşunuza gələn bir rəsm əsəri vardı. İcazə verin, həmin onu Azərbaycan və türk diasporları adından, - Avropadakı, o cümlədən Almaniyadakı türk diasporunun nümayəndələri də buradadır, - Sizə hədiyyə edək. Əsərin müəllifi xalq rəssamı, YUNESKO-nun mükafatı laureatı Əşrəf Heybətovdur. Arzu edirik ki, Siz həmişə cavan, dövlətimiz kimi sarsılmaz, xoşbəxt və sağlam olasınız. Siz bizim ürəyimizdəsiniz. Həmişə Sizi gözləyirik.

 

Hörmətli dövlət başçımız, Sizə arxayın olan, Avropada yaşayan azərbaycanlılar elmləri, savadları ilə Azərbaycana dəstək verirlər. Avropada nəşr olunmuş bu kitabı da azərbaycanlı ziyalılar adından Sizə təqdim etmək istəyirəm və özümü xoşbəxt sanıram ki, Sizinlə tanış olmuşam. Allah atanıza qəni-qəni rəhmət etsin, sağ olun, var olun.

 

* * *

 

Başar Kömür və xalq rəssamı Əşrəf Heybətov rəsm əsərini və kitabı dövlətimizin başçısına təqdim etdilər.

 

* * *

 

Almaniyada yaşayan bəstəkar, Bax mükafatı laureatı ARİF MİRZƏYEV dövlətimizin başçısına müraciətlə dedi ki, cənab Prezident, mərhum əbədiyaşar Prezidentimizin xatirəsinə böyük əsər yazmışam. Skripka, kamança və orqan üçün dahi Prezidentə xatirə duaları adlı beş hissədən ibarət əsərdir. İnşallah, bu ilin aprel ayında Bakıda Bəstəkarlar İttifaqının qurultayı keçiriləcək və orada bu əsəri Almaniyada yaşayan kamança ifaçısı Anar İbrahimovla birlikdə ifa edəcəyik. Bu əsəri ABŞ, Böyük Britaniya, İtaliya və Vatikanda, dünyanın digər ölkələrində məşhur kilsələrdə də səsləndirəcəyik.

 

Arif Mirzəyev əsərin kompakt diskini Prezident İlham Əliyevə təqdim etdi.

 

ALMAN-AZƏRBAYCAN FORUMUNUN ÜZVÜ

SAMİRƏ İSMAYILOVANIN ÇIXIŞI

 

- Möhtərəm cənab Prezident!

 

Almaniyada yaşayan azərbaycanlı və Alman-Azərbaycan Forumunun üzvü kimi Sizi bu torpaqda salamlayır, bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ölkəsindəki inkişafdan qürur duymalıdır. Biz Azərbaycanda baş verən dəyişiklikləri həmişə izləyirik. Bu inkişafı uzaqdan seyr edir, ölkəmizin ictimai həyatındakı müsbət prosesləri görürük. Əlbəttə, bu əhəmiyyətli dönüşün təməli xalqımızın ulu öndəri, mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz 2001-ci ildə onun təşəbbüsü ilə Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Sonra isə bu ənənəni Siz davam etdirərək, 2006-cı ildə Dünya azərbaycanlılarının II qurultayını təşkil etdiniz. Bu, xaricdə yaşayan azərbaycanlılara olan böyük diqqətinizi göstərir. Hesab edirəm ki, bugünkü görüş də bu yolun davamında yeni bir mərhələdir.

 

Bu gün Azərbaycan dünya miqyasında iqtisadiyyatı sürətlə inkişaf edən ölkə, neft səltənəti kimi tanınır. Eyni zamanda, Azərbaycan təkrarolunmaz xalq yaradıcılığı, Şərq və Qərb mədəniyyətinin vəhdətinə malik, həm də müasirliyi, yeniliyi ilə seçilən bir ölkədir. Biz Azərbaycan və Almaniya əlaqələrinin mədəniyyət sahəsində və digər istiqamətlərdə daha da möhkəmləndirilməsinə çalışırıq. Bundan başqa, Azərbaycanın gələcəyi üçün çox vacib olan turizm sahəsində planlar nəzərdə tutulubdur. Çünki Avropada yaşayanlar, o cümlədən almanlar Azərbaycana çox məmnuniyyətlə səyahət etmək istəyirlər. Bu, Avropa ilə Azərbaycan arasında əlaqələrin inkişafında ən vacib amillərdən olacaqdır.

 

Alman-Azərbaycan Forumu xalqımız üçün ən yaralı məsələ olan Qarabağ problemində ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına mədəni, bədii sənət yolu vasitəsilə yardımçı olur. Belə ki, Qarabağın nəinki Azərbaycanın tarixi-coğrafi baxımdan, eyni zamanda, mədəni və mənəvi cəhətdən ayrılmaz bir hissəsi olmasının dünya ictimaiyyətinə çatdırılmasında forumumuz fəal rol oynayır. Bundan əlavə, informasiya vasitələri, jurnalistlərlə görüşlərin keçirilməsi, xarici ölkələrin televiziya və radiolarında ölkəmiz haqqında mütəmadi məlumatların getməsi də çox vacibdir.

 

2008-ci ildə Almaniyada Azərbaycan günlərinin keçirilməsinə dair geniş mədəni tədbirlər planı hazırlanır. Bu tədbirdə Şərq ölkəsi kimi Azərbaycan müasir baxımdan dolğun şəkildə təqdim olunacaqdır. Bu işdə incəsənət sahəsində çalışan gənclərin potensialından istifadə ediləcəkdir. Mən bu tədbirlərin, istəklərin həyata keçirilməsində Azərbaycan səfirliyinin dəstəyini qeyd etmək istəyirəm. Səfirlik dövrün tələblərinə uyğun mövqe tutaraq öz köməyini əsirgəmir, hər bir azərbaycanlı ilə əlaqə yaratmağa çalışır, bir çox tədbirlərin təşəbbüskarı kimi çıxış edir. Misal kimi, ötən il Azərbaycanın müstəqilliyinin 15 illiyinə həsr olunmuş mədəniyyət tədbirlərinin keçirilməsini deyə bilərəm. Bunlar Almaniyada yüksək səviyyədə müvəffəqiyyətlə keçdi və əks-səda doğurdu.

 

Çıxışımın sonunda demək istərdim ki, əgər əvvəllər xaricdəki azərbaycanlılar həsrət hissi ilə yaşayırdılarsa, bu gün qüvvətlənmiş, ölkəmizin müjdəçisinə çevrilmişlər. İnanıram ki, Almaniyada yaşayan digər həmvətənlərimizlə birlikdə həm siyasi, iqtisadi, mədəni və həm də Siz dediyiniz kimi, fərdi inteqrasiya yolu ilə Azərbaycanı təmsil etməliyik. Göstərilən diqqət və qayğıya görə Sizə, dövlətimizə təşəkkür edirəm. Hamınıza sıx əlaqə və səmərəli əməkdaşlıq arzulayıram.

 

ALMAN-AZƏRBAYCAN FORUMU SƏDRİNİN

MÜAVİNİ, KÖLN UNİVERSİTETİNİN PROFESSORU

RZA TALİBİ DƏRYANİNİN ÇIXIŞI

 

- Hörmətli cənab Prezident!

 

Mən Almaniyada yaşayan azərbaycanlılar adından Sizə xoşbəxtlik arzulayıram. Sizin nitqinizi çox diqqətlə dinlədim. Almaniyadakı diaspor və alman həmkarlarım ilə birgə Azərbaycanın inkişafı üçün hansı xidmətləri göstərdiyimiz barədə Sizə məlumat vermək istəyirəm. Köln Universitetinin professoru, 1992-ci ildən Köln və Azərbaycan universitetləri arasında əməkdaşlıq üzrə əlaqələndirici kimi mən azərbaycanlı tələbələrlə Almaniyadakı tələbələr arasında əlaqə yaradırıq.

 

Köln Universitetinin Avropa İttifaqından aldığı qrant layihəsi çərçivəsində 2001-ci ildən 2003-cü ilədək Azərbaycandan 38 dosent Almaniyaya gələrək, Avropa standartlarını, tədris planlarını öyrənmişdir və hazırda onlar Azərbaycanda müxtəlif ali təhsil ocaqlarında çalışırlar. 2003-cü ildən 2005-ci ilədək isə Bakı, Sumqayıt və Mingəçevirdə yerləşən 4 universitetdən 117 dosent buraya gəlmiş, təcrübə keçmişdir, 17 alman alimi isə Bakıya göndərilmiş və onlar iki-üç həftəlik seminarlar təşkil etmiş, mühazirələr oxumuşlar. Məqsəd təhsilin Avropa standartlarına uyğunlaşdırılmasına kömək etməkdir. Hazırda Bakı, Sumqayıt və Mingəçevirdə 245 tələbə Avropa standartları səviyyəsində tədris planlarını öyrənmişdir. Biz Bakıda Avropa standartlarına uyğun 9, Mingəçevirdə 2, Sumqayıtda 4 laboratoriya yaratmış, onlarda müasir cihazlar quraşdırmışıq.

 

Amma vacib olan pul deyil, Azərbaycan zəngin ölkədir. Almaniya hökuməti sağ olsun, bizə yaxşı imkanlar yaradıb ki, elmi əməkdaşlığımızı davam etdirək və almanlar Azərbaycan mədəniyyətini yaxından tanısınlar. Həqiqətən də, ölkəmizin böyük elmi potensialı var və bu, Azərbaycanın müasir ölkə olmasına əsas verir. Avropa İttifaqı Azərbaycanda gedən müsbət prosesləri qiymətləndirir və bunu çox yaxşı bilir. Sizi əmin edirəm ki, biz bu imkanlardan yararlanaraq, Azərbaycanın inkişafına kömək etməyə çalışırıq.

 

Azərbaycan zəngin dövlətdir, universitetlərə kömək göstərilir. İstərdim, dövlət daha da çox kömək göstərsin. Sizin dediyiniz kimi, ötən il Azərbaycanda iqtisadi artım təxminən 35 faiz olubdur. İnanırıq ki, bu inkişaf daha da çox olacaqdır. Bunun üçün hər cür, o cümlədən elmi potensial vardır. Biz fikrən kömək edəcəyik, amma Sizin yardımınız daha faydalı ola bilər. Əminəm ki, bir gün gələcək, alman tələbələri Azərbaycanda təhsil alacaqlar. Sağ olun.

 

* * *

 

Prezident İlham Əliyev görüşə yekun vurdu.

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

 

- Sağ olun. Biz də bütün bu işləri bundan sonra daha da sistemli şəkildə quracağıq. İndi bu məqsədlərə vəsait də ayırırıq. Dövlət büdcəsində də bu məqsədlər üçün vəsait nəzərdə tutulur ki, Azərbaycanın müstəqil ölkə kimi yaşaması və uğurları geniş mənada dünya ictimaiyyətinə bəlli olsun. Hələ ki, bu belə deyildir. Siz də qeyd edirsiniz, mən də bunu görürəm. Bakıya xaricdən ilk dəfə gələn qonaq bilmir ki, Azərbaycan nədir. Təsəvvür tamamilə başqadır və yaxud da kifayət qədər deyildir. Ancaq Avropanın hər bir vətəndaşı Azərbaycana gələ bilməz. Ona görə biz burada, Avropada özümüzü daha da çox tanıtmalıyıq. Ona görə bu məsələnin maliyyə tərəfinə əlbəttə ki, biz baxacağıq. Ancaq, eyni zamanda, çox vacibdir ki, burada da fəaliyyət güclü olsun. Yəni, siz də fəal olasınız və dediyiniz bütün bu məsələləri biz birlikdə həll edək.

 

Biz haqlıyıq və Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi ilə məşğul olanlar da artıq bilir ki, günahkar kimdir və münaqişənin qurbanı kimdir. Artıq bu məsələ gündəlikdədir. Sadəcə olaraq, daha da fəal olmalıyıq, təbliğatımızı daha da güclü aparmalıyıq. Xüsusilə nəzərə alsaq ki, bizim təbliğatımız həqiqət əsasında qurulur, Ermənistan təbliğatı isə yalan üzərində qurulur. Əlbəttə ki, Azərbaycan dövləti də bu işlərdə fəal iştirak edəcəkdir.

 

İndi bizim proqramlarımızda yeni kitabların nəşri, onların xarici dillərə tərcüməsi də vardır. Bəzi hallarda tarixi əks etdirən kitablar Azərbaycan dilində yazılır. Biz onsuz da Azərbaycanda bunları bilirik. Bizə lazımdır ki, bunu dünyada bilsinlər. Kitablar ingilis, alman, fransız dillərində və başqa dillərə tərcümə olunmalıdır. İnternet vasitəsilə bu məlumatlar ötürülməlidir. Ona görə mən çıxışımın əvvəlində dedim ki, biz hamımız - Azərbaycan dövləti, Xarici İşlər Nazirliyi və onun xaricdəki nümayəndələri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və diaspor təşkilatları bu məsələdə vahid siyasət aparmalıyıq. Qurultayın da məqsədi məhz ondan ibarət idi ki, hamımız yığışaq, bu məsələləri birlikdə həll edək. İndi bütün bu işlər məqsədyönlü şəkildə aparılmalıdır. Mən çox şadam ki, burada, Almaniyada da belə güclü fəallıq var. Əminəm ki, bu fəallıq davam etsə, biz çox işlərə nail olacağıq.

 

İndi isə gərək mən başqa görüşlərə gedim. Mən sizə bir daha öz hörmətimi ifadə etmək istəyirəm, uğurlar arzulayıram. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun və həmişə doğma Vətəninizlə əlaqədə olasınız. Sağ olun.

 

(Dövlətimizin başçısının nitqləri böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

* * *

Görüşün sonunda Berlin Universitetinin magistri Maisə Əliyeva və digər soydaşlarımız dövlətimizin başçısına yaxınlaşaraq, onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdilər, azərbaycanlı tələbələrin xaricdə təhsil alması barədə Prezidentin imzaladığı Sərəncamı yüksək qiymətləndirdilər.

 

15 fevral 2007-ci il 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved