• 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib


Latviyadakı Azərbaycan icmasinin nümayəndələri ilə görüş


Prezident İlham Əliyev oktyabrın 5-də "Radisson SAS" mehmanxanasında Latviyadakı Azərbaycan icmasının nümayəndələri ilə görüşmüşdür.

Görüşdə çıxış edən Prezident diaspor təşkilatlarının səmərəli fəaliyyəti üçün dövlət tərəfindən diqqət və qayğının göstərildiyini bildirdi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın, onların təşkilatlarının üzərinə düşən vəzifələrdən və digər məsələlərdən danışdı. 

Görüşdən xatirə olaraq, Prezident İlham Əliyevə soydaşlarımız adından hədiyyə təqdim edildi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Mənim Latviyaya səfərim bu gün başa çatır. Dünən və bu gün çox əhəmiyyətli görüşlər keçirildi, geniş müzakirələr və fikir mübadiləsi aparıldı. Bu səfərdən sonra bizim ölkələrimiz arasında münasibətlər, şübhəsiz ki, yeni pilləyə qalxacaqdır. Eyni zamanda, nəzərə alsaq ki, burada Azərbaycan diasporu da mövcuddur, əlbəttə, Latviyada səfirliyin olması azərbaycanlılar üçün əlavə bir dəstəkdir. Diasporun da fəaliyyəti səfirliyə kömək göstərir. Bu, ikitərəfli yoldur. Azərbaycanın müxtəlif ölkələrdə artıq formalaşmış diaspor təşkilatları vardır.

Dünya azərbaycanlılarının II qurultayına bütün ölkələrdən nümayəndələr gəlmişdi. Mən o vaxt öz çıxışımda da demişdim və bu gün bunu bir daha vurğulamaq istəyirəm: Azərbaycanın artan imkanları, potensialı xarici ölkələrdə yaşayan azərbaycanlılara dəstəkdir, onların mövqelərini möhkəmləndirir. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar da öz vətənlərinin elçiləri kimi, fəaliyyətləri ilə ölkəmizi daha da yaxşı tanıdırlar. Buna böyük ehtiyac vardır.

Azərbaycan haqqında, hələlik, dünyada kifayət qədər məlumat yoxdur. Müxtəlif ölkələrdə səfirliklərin açılması bu boşluğu doldurur. Bununla bərabər, xarici ölkələrdə yaşayan azərbaycanlılar da öz fəaliyyətləri ilə bu işdə çox fəal iştirak etməlidirlər. Sizin güclü mövqeləriniz, əlbəttə ki, Azərbaycanın mövqelərini ikitərəfli formatda möhkəmləndirir. Çox istərdim ki, xarici ölkələrdəki azərbaycanlılar yaşadıqları ölkələrin iqtisadi və ictimai-siyasi həyatında daha da fəal rol oynaya bilsinlər. İqtisadi sahədə bütövlükdə biz bunu görürük, ictimai-siyasi sahəyə gəldikdə isə, hələ çox işlər görülməlidir. Bizim nümayəndələr müxtəlif orqanlarda təmsil olunmalı, seçkilərdə iştirak etməlidirlər. Diasporlar daha da təşkilatlanmalıdır, xaricdə yaşayan azərbaycanlılar üçün doğma bir təşkilat, doğma bir ev kimi olmalıdır. Ölkəmizin maraqlarının təmin olunmasında xarici ölkələrdə yaşayan azərbaycanlıların çox böyük rolu vardır.

Bildiyiniz kimi, xaricdə yaşayan azərbaycanlılar Azərbaycanda yaşayan azərbaycanlılardan bir neçə dəfə çoxdur və mən şəxsən hesab edirəm ki, başqa ölkələrdə işləyən, yaşayan insanlar Azərbaycan üçün çox böyük işlər görürlər. Bütövlükdə bu, müsbət haldır ki, bizim soydaşlarımız başqa ölkələrdə işləyirlər, maddi imkanlar əldə edirlər, öz mövqelərini möhkəmləndirirlər və artıq bu, bir amilə çevrilir.  

Yenə də deyirəm, Azərbaycan indi çox dinamik şəkildə inkişaf edir. Həm iqtisadi cəhətdən, həm də siyasi cəhətdən ölkə çox böyük beynəlxalq hörmətə malikdir. Bizim ikitərəfli əlaqələrimiz bütün ölkələrlə ,xüsusilə, Avropa ölkələri ilə indi tam yeni görkəm alır. Məsələn, Latviya-Azərbaycan münasibətləri burada bir örnək kimi göstərilə bilər. Latviya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür. Bölgədə çox böyük mövqelərə malikdir və bu gün Azərbaycanla çox gözəl münasibətləri var. Biz buraya böyük heyətlə gəlmişik - nazirlər, iş adamları, parlament nümayəndələri. Yəni bizim əlaqələrimiz hərtərəflidir və sizin burada güclü mövqelərə malik olmağınız bizim ikitərəfli əlaqələrimizə böyük dəstək olacaqdır. Bütövlükdə Baltikyanı ölkələrdə bizim siyasətimiz daha da fəal, çevik olmalıdır. Biz indi bu siyasəti bütün ölkələrlə - Latviya, Litva, Estoniya ilə aparırıq ki, münasibətlərimiz yaxşı qurulsun. Bu ölkələr bizi beynəlxalq müstəvidə daim dəstəkləyir və bilirsiniz ki, Birləşmiş Millətlər Təşkilatında GUAM ölkələrinin təşəbbüsü ilə qaldırılmış dondurulmuş münaqişələrin həlli məsələsi bütün Baltikyanı ölkələr tərəfindən dəstəklənir və onlar bizə səs verirlər. Biz də beynəlxalq təşkilatlarda daim bu ölkələrin maraqlarını müdafiə edəcəyik.

Prezident kimi mən ilk dəfə Latviyadayam, burada gördüklərim məni çox sevindirir. Həm ölkənin inkişafı, həm də xüsusilə Latviya-Azərbaycan əlaqələri və onların gələcək perspektivləri. Əlbəttə ki, Azərbaycan Prezidenti kimi məni Latviyada yaşayan azərbaycanlıların taleyi də yaxından maraqlandırır. Mən çox istərdim ki, burada yaşayan azərbaycanlılar çalışdıqları sahələrdə ən möhkəm mövqelərə malik olsunlar. Ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak etsinlər, biznes sahəsində öz imkanlarını daha da genişləndirə bilsinlər. Güclənən Azərbaycanda yaranan yeni imkanlar, artan potensial, Avropa üçün bizim ölkəmizin önəminin artması dolayı yolla sizin də buradaki fəaliyyətinizə, işlərinizə müsbət təsir göstərməlidir. Sadəcə olaraq, bu əlaqələr daha da sıx olmalıdır, sistemli şəkildə aparılmalıdır. Azərbaycanda fəaliyyət göstərən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin xətti ilə, Xarici İşlər Nazirliyinin, səfirliyin xətti ilə, bütün başqa xətlərlə bu əlaqələr olmalıdır. Əgər sizin hansısa problemləriniz, sizi narahat edən məsələlər varsa, biz bunu bilməliyik və öz tərəfimizdən məsələnin həlli üçün səylər göstərməliyik. İndi Azərbaycanın kifayət qədər imkanları var. 

Bir daha deyirəm, bizim Latviya ilə çox sıx siyasi dialoqumuz, iqtisadi əlaqələrimiz, ortaq maraqlarımız, gələcəkdə başlanacaq birgə layihələrimiz, əlbəttə ki, burada yaşayan azərbaycanlılar üçün də yeni imkanlar yaradacaqdır. Bilirsiniz ki, Latviya Prezidentinin Azərbaycana səfərindən sonra Riqa ilə Bakı arasında birbaşa aviareyslər açıldı. Bu da, ilk növbədə, burada yaşayan azərbaycanlılar üçün böyük hadisədir və artıq rahat, heç bir tranzitsiz, heç bir çətinliksiz, birbaşa Riqa ilə Bakı arasında reyslər var. Şübhə etmirəm ki, gələcəkdə bu uçuşların sayı da artacaqdır. Çünki bizim 20-dən çox tanınmış biznes nümayəndəmiz buradadır, əlaqələr yaranacaq, digər işlər görüləcəkdir. Mən istəyirəm ki, burada yaşayan azərbaycanlılar, xüsusilə biznes sahəsində çalışanlar da bundan bəhrələnsinlər. Çünki, yenə deyirəm, Azərbaycanın iqtisadi potensialı, maliyyə imkanları artır. Ölkənin büdcəsi son üç il ərzində dörd dəfə artmışdır – 1,5 milyard dollardan artıq 6 milyard dollara çatmışdır. Mənim yadımdadır, bir neçə il bundan əvvəl bəziləri Azərbaycanda belə bir fikir söyləyirdilər ki, Azərbaycan Baltikyanı ölkələrdən bir neçə dəfə böyükdür, niyə onların büdcəsi bizimkindən bir neçə dəfə çoxdur? Hətta Latviyanı və başqa qonşu ölkələri nümunə kimi göstərərək deyirdilər ki, onların büdcəsi 5 milyard dollardır, Azərbaycanın büdcəsi bir milyard. Azərbaycanın büdcəsi 6 milyard dollar olubdur. Amma icmal büdcə isə 7,5 milyard dollar olacaqdır.

Biz artıq bir ölkə kimi çox güclü iqtisadi imkanlara malikik. Siyasi mövqelərimizi möhkəmləndiririk. Siz Avropada yaşayırsınız, Latviya Avropa İttifaqının üzvüdür. Artıq Azərbaycan Avropa İttifaqı ilə Yeni qonşuluq siyasətinə başlayır. İki gün bundan əvvəl, Avropa İttifaqı “Üçlüyü”nün (Troyka) nümayəndə heyəti Bakıya gəlmişdi. Biz bütün məsələləri razılaşdırdıq ki, noyabr ayında Avropa İttifaqı ilə Azərbaycan arasında Yeni qonşuluq siyasətinə dair razılaşma imzalanacaqdır. Biz Avropa İttifaqı ilə enerji sahəsində yeni bir əməkdaşlıq çərçivəsində məsələləri müzakirə edirik.

Azərbaycanın da imkanları artır və Azərbaycan sizin vətəninizdir. Mən əminəm ki, siz öz vətəninizi sevirsiniz, ona sadiqsiniz və vaxtaşırı Azərbaycana gəlirsiniz. Əlbəttə ki, Azərbaycanın artan mövqeləri sizdən ötrü də həm böyük mənəvi amildir, həm də praktik əhəmiyyət kəsb edir. Mən səfər etdiyim bütün ölkələrdə yaşayan azərbaycanlılarla görüşürəm. Bu bizim siyasətimizin mühüm hissəsidir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar, - baxmayaraq ki, onlar Azərbaycan vətəndaşlarıdır, yaxud da yaşadıqları ölkələrin vətəndaşlarıdır, - bizim qardaşlarımızdır. Ona görə də biz onların həyatına biganə qala bilmərik. Mən əminəm ki, artıq səfirlik işə başlayandan sonra bütün problemləriniz, yaxud da sizi narahat edən məsələlər operativ şəkildə öz həllini tapa bilər. Bilin ki, Azərbaycan dövləti sizin arxanızdadır.

Bu gün mən bir daha sizin hamınızı salamlayıram və çox şadam ki, Latviyada Azərbaycan diasporu təşkilatlanmış formada fəaliyyət göstərir. Əminəm ki, iki ölkə arasında artan, möhkəmlənən əlaqələr diasporun fəaliyyətinə də müsbət təsir göstərəcəkdir.

 

* * *

 

Latviyada yaşayan soydaşımız RAFİQ SEYFULLAYEV dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, mən 30 ildən artıqdır Azərbaycandan kənarda yaşamağıma baxmayaraq, həmişə Azərbaycanla maraqlanmışam. Ölkəmizin tarixinə fikir versək, Azərbaycan heç vaxt belə yüksək səviyyədə olmamışdır. Bu, ancaq və ancaq müstəqil Azərbaycanın memarı, xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün azərbaycanlılar nəinki regionda, hətta bütün dünyada ümummilli liderimizin zəngin fəlsəfəsi ilə yaşamalıdırlar.

Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, Siz bu yolu layiqincə davam etdirirsiniz. Siz bütün dünya azərbaycanlılarının, Azərbaycan xalqının dəstəyinə arxayın ola bilərsiniz. Mən ulu öndər Heydər Əliyevi öz valideynlərim qədər sevirəm və o, həmişə mənim qəlbimdə yaşayacaqdır. Onun ideyalarına həmişə sadiq olacağam.

İstərdim, icazənizlə, bütün dünya azərbaycanlılarının, diasporumuzun adından onun büstünü Sizə hədiyyə edim.

 

* * *

 

Ulu öndərin qızıldan hazırlanmış büstü Prezident İlham Əliyevə təqdim olundu.

Dövlətimizin başçısı qiymətli hədiyyəyə görə təşəkkürünü bildirdi.

Sonra Baltikyanı ölkələrdə yaşayan bir neçə soydaşımız, Azərbaycan icmasının üzvləri Prezidentə yaxınlaşaraq, səmimi söhbət etdilər, ona rəhbərlik və təmsil etdikləri diaspor təşkilatları tərəfindən nəşr olunmuş Azərbaycanla, ümummilli liderimizlə bağlı kitablar bağışladılar. Riqada salınacaq Latviya-Azərbaycan dostluq parkı layihəsinin azərbaycanlı müəllifləri dövlətimizin başçısına xüsusi xatirə hədiyyələri verdilər.

Prezident İlham Əliyev təşəkkür edərək dedi ki, bu gün şəhər Dumasında olarkən orada mənə parkın layihəsini göstərdilər. Sizin işlədiyiniz bu layihə çox gözəldir. Məncə, gərək elə yer seçilsin ki, oraya sakinlər çox gəlib-getsinlər, yəni o yer gur olsun. Bu, şəhər üçün də çox vacibdir. Şəhərin meri mənə bu layihəni göstərdi və xoşuma gəldi.

Estoniya-Azərbaycan icmasının üzvləri Prezidentə xatirə hədiyyəsi təqdim etdilər. Onlar dedilər ki, cənab Prezident, Sizin Baltikyanı bölgəyə, konkret olaraq, Azərbaycana dost olan Latviyaya səfəriniz bizi də çox sevindirir, fəaliyyətimizin daha da səmərəli olmasına xidmət edir. Baltikyanı ölkələrdə yaşayan azərbaycanlılar ictimai-siyasi həyatda çox fəaldırlar. Eyni zamanda, Sizi Latviyanın qonşusu olan Estoniya və Litvada da görmək çox xoş olardı.

Litva-Azərbaycan icmaları adından danışan Sadıq Nurullayev dövlətimizin başçısına Litvanın keçmiş paytaxtı olmuş Trakay şəhəri barədə buklet təqdim edərək dedi ki, burada əsasən, karaimlər yaşayır və onların dili Azərbaycan dilinə yaxındır.

İLHAM ƏLİYEV:Onların bir nümayəndəsi Türkiyədə səfir olubdur, ondan sonra başqa vəzifə almışdı. O, Bakıya gəlmişdi.

 

SADIQ NURULLAYEV:  İndi o, Prezidentin köməkçisidir.

 

İLHAM ƏLİYEV:  Özü də karaimdir.

SADIQ NURULLAYEV:  Bəli, o Türkiyəyə yenidən səfir gedəcəkdir.

İLHAM ƏLİYEV:  Axı, o, Türkiyədə səfir olubdur.

SADIQ NURULLAYEV:  Amma yenə gedəcəkdir. Cənab Prezident, Azərbaycanın artan potensial imkanları ilə fəxr edirik. 1996-cı ildə məqalələrimizdə yazmışdıq ki, Azərbaycan regionun incisi olacaq, onda hamı bizə şübhə ilə yanaşırdı. Artıq 2006-cı ildir, biz görürük ki, Azərbaycan, həqiqətən də, regionun incisidir. Sizin dediyiniz kimi, indi regionda Azərbaycansız heç bir iş görülmür, layihə həyata keçirilmir. Biz bundan çox sevinirik. Mən iqtisadi elmlər doktoruyam, hesablamalarımıza görə, 2014-cü ildə Azərbaycanda kiçik və orta biznes büdcə gəlirlərinin 60-75 faizini verəcəkdir. Bu, bizim arzumuzdur. Belə olan halda, biz inkişaf etmiş ölkələr səviyyəsinə gəlib çatacağıq.

İLHAM ƏLİYEV: Məncə, biz ondan tez gəlib çatmalıyıq. Çünki biz qarşıya elə məqsəd qoymuşuq ki, hər şey qısa müddət ərzində olsun.

SADIQ NURULLAYEV:  Biz Latviyadakı səfirimizə də təşəkkür edirik ki, Litvadakı azərbaycanlıları da yaddan çıxarmır. İstərdik ki, Latviyadakı səfirliyimiz Estoniyanı da əhatə etsin.

İLHAM ƏLİYEV:  Əlbəttə, gərək biz bunu həll edək.

Görüşdən sonra soydaşlarımız Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər.

5 oktyabr 2006-ci il 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved