• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri ilə görüş


 9-cu Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür.

 

Həmvətənlərimiz Prezident İlham Əliyevi səmimiyyətlə və mehribanlıqla qarşıladılar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

 

 Əziz dostlar!

 

Əziz bacılar və qardaşlar!

 

Mən sizin hamınızı ürəkdən salamlayıram və bu görüşdən çox məmnunam. Çox şadam ki, bu gün sizinlə görüşürəm.

Mən bu gün səhərdən burada müxtəlif tədbirlərdə iştirak edirəm. Burada keçirilən beynəlxalq iqtisadi forumda iştirak etmişəm, ondan sonra Rusiyanın Prezidenti cənab Putinlə görüşüm olubdur. Hələ bundan sonra da görüşlərim nəzərdə tutulubdur. Çox şadam ki, bu gün bir yerdəyik, bir-birimizi görürük, bir-birimizi eşidirik.

Qeyd olundu ki, üç il bundan əvvəl ümummilli lider Heydər Əliyev burada olarkən Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüş, öz ürək sözlərini, tövsiyələrini söyləmişdir. O, bütün xarici səfərləri zamanı harada ki, azərbaycanlılar yaşayır, mütləq onlarla görüşürdü, onların problemləri ilə maraqlanırdı, bunları həll etməyə çalışırdı. Bu ənənə Azərbaycanda indi də yaşayır. Bütün başqa sahələrdə olduğu kimi Heydər Əliyev siyasəti bu sahədə də davam və inkişaf edir. Mən də xarici səfərlərimdə də azərbaycanlılarla daim görüşürəm, onlara öz sözlərimi deyirəm, öz dəstəyimi bildirirəm. Hesab edirəm ki, Azərbaycanın başqa ölkələrlə ikitərəfli münasibətlərində bu amil çox mühüm yer tutur. Çünki bu gün azərbaycanlılar dünyanın müxtəlif yerlərində yaşayırlar və artıq diaspor kimi də formalaşıblar.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bakıda bir neçə il bundan əvvəl dünya azərbaycanlılarının qurultayı keçirilmişdir. Diasporların, o cümlədən Rusiyada, təşkilatlanma prosesi sürətlə gedir. Rusiyada artıq bir neçə ildir ki, Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərir. Rusiya Prezidenti cənab Putin və mən konqresin ikinci qurultayında iştirak etmişik. Bu, çox mühüm məsələdir.

Azərbaycanla Rusiya arasında əlaqələr sürətlə inkişaf edir. Bizim aramızda çox gözəl münasibətlər mövcuddur. Həm iqtisadi, həm siyasi, həm humanitar və bütün başqa sahələrdə bizim əlaqələrimiz inkişafdadır. Əlbəttə ki, Rusiyada yaşayan azərbaycanlıların taleyi də bizi daim maraqlandırır və daim danışıqlarımızın, görüşlərimizin mövzusuna çevrilir. Bu gün Prezident Putinlə mənim görüşümdə də bu məsələyə toxunuldu və çox şadam ki, Prezident Putin qeyd etdi ki, Peterburqda çox güclü Azərbaycan diasporu var. Bu, artıq bir həqiqətdir, reallıqdır, bu, güclü amildir.

Bu, müstəqil Azərbaycanın potensialını gücləndirir. Çünki başqa ölkələrdə yaşayan azərbaycanlılar doğma vətən üçün çalışırlar, əlindən gələni edirlər. Öz əməkləri ilə, öz bacarıqları ilə ümumi işimizə böyük töhfələr verirlər. Eyni zamanda, müstəqil Azərbaycan dövlətinin güclənməsi xaricdə yaşayan azərbaycanlılara da müsbət təsir göstərir. Yəni bu qarşılıqlı bir prosesdir və mən çox şadam ki, hər iki istiqamətdə gedən işlər çox yüksək səviyyədədir.

Rusiya ilə olan münasibətlərimiz bundan sonra daha da inkişaf edəcəkdir. Bizim iqtisadi əlaqələrimiz güclənir, ticarətimiz artır. Demək olar ki, ticarətimiz son ilyarım ərzində təxminən 70 faiz artmışdır. Əminəm ki, burada yaşayan azərbaycanlılar da öz işlərini elə quracaqlar ki, bütün bu yeni yaranmış imkanlardan səmərəli istifadə etsinlər.

Bizim ölkəmiz - sizin vətəniniz, bizim hamımızın doğma vətəni Azərbaycan inkişaf edir. Qarşımızda duran bütün məsələlər öz həllini tapır. Prezident seçkiləri ərəfəsində verilmiş bütün vədlər həyatda öz əksini tapır. Son ilyarım ərzində Azərbaycanda 217 min yeni iş yeri açılmışdır. Onların da böyük əksəriyyəti Azərbaycanın regionlarında açılmışdır. Regional inkişaf proqramı da sürətlə həyata keçirilir və mən rayonlara etdiyim bütün səfərlərdə görürəm ki, inkişaf var, abadlıq, quruculuq işləri gedir. Azərbaycanın iqtisadiyyatı dünyada misli görünməmiş sürətlə artır. Bu gün mən iqtisadi forumda bu rəqəmləri diqqətə çatdırdım. Bu il Azərbaycanın iqtisadiyyatı ən azı 18 faiz artacaqdır. Bu, dünyada ən böyük göstəricidir. Azərbaycan bu göstəriciyə görə lider dövlətdir. Çox sevindirici hal ondan ibarətdir ki, 2005-ci ilin ilk beş ayında iqtisadiyyat 16 faiz artıb, onun da 9 faizi qeyri-neft sektorunda müşahidə olunubdur. Bu onu göstərir ki, biz hərtərəfli inkişaf edirik, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir. Yəqin bilirsiniz, mənim seçkiqabağı platformamın əsas elementlərindən biri də o idi ki, Azərbaycanın regionlarında yeni infrastruktur, yeni iş yerləri yaranmalıdır və paytaxtla rayonlar arasında fərq azalmalıdır.

Yoxsulluqla mübarizə aparırıq. İlyarım ərzində Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayı 9 faiz azalıbdır. Maaşlar qaldırılır, minimum əmək haqqı 2 dəfədən çox qaldırılıbdır, o cümlədən pensiyalar qaldırılıbdır. Bu yaxınlarda tələbələrin təqaüdləri qaldırılacaqdır. Yəni bütün sahələrdə inkişaf gözlənilir. Bizim nəhəng enerji layihələrimiz ilk bəhrəsini verməkdədir və mən əminəm ki, qısa müddət ərzində Azərbaycan çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir. Azərbaycanda yeni imkanlar yaranır, çoxlu xarici firmalar, sərmayəçilər Azərbaycana işləməyə gəlirlər. Biz iqtisadiyyatımızı bazar münasibətləri əsasında qururuq və bu liberallaşma prosesi daha da sürətlə gedir. Bakıda, Azərbaycanın başqa şəhərlərində çox güclü tikinti işləri gedir. Bütün özəl sektora sərbəstlik verilibdir. Sahibkarların iş şəraitinin yaxşılaşdırılması üçün əməli addımlar atılır. Büdcədən güzəştli kreditlər ayrılır. Bu il büdcədən birbaşa özəl sektora 40 milyon dollar həcmində güzəştli kreditlər verilibdir. Gələn il biz bunu yəqin ki, iki dəfə qaldıracağıq.

Bir sözlə, bu gün Azərbaycanda iş görmək üçün, yeni müəssisələr yaratmaq üçün çox gözəl şərait var və bundan bizim iş adamlarımız səmərəli istifadə edir, xaricdən gələn sərmayəçilər də maraqlanırlar. Artıq Azərbaycanda  orta təbəqə, sahibkarlar sinfi yaranmaqdadır. O da sirr deyil ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti kommersiya işləri ilə, bizneslə məşğuldur və çox da yaxşı işləyir, çox böyük uğurlar qazanırlar və Azərbaycanda yaşayan qohumlarına kömək edirlər. Bu, bizim milli adət-ənənəmizdir. Bilirəm ki, Rusiyada yaşayan azərbaycanlılar artıq Azərbaycan iqtisadiyyatına da sərmayə qoyurlar. Müxtəlif rayonlara etdiyim səfərlər çərçivəsində bunun şahidi olmuşam ki, yeni müəssisə yaranır, yeni iş yeri açılır, soruşuram ki, bu sahibkar kimdir, deyirlər Rusiyada işləyir, yaxud qardaşı Rusiyada işləyir. Çox şadam ki, Rusiyada işləyən azərbaycanlılar, burada kapital əldə edən bizim qardaşlarımız doğma vətənə də sərmayə qoyurlar. Biz hamımız çalışmalıyıq ki, Azərbaycanı daha da gücləndirək, Azərbaycanın regiondakı lider mövqelərini möhkəmləndirək.

Bizim qarşımızda duran ən böyük, ən ağrılı problem Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsidir. Bunu da biz həll etməliyik və edəcəyik. Çalışırıq ki, bunu sülh yolu ilə həll edək. Çünki biz müharibə istəmirik. Amma onu da bilməliyik ki, sülh yolu ilə bunu həll etmək üçün gərək bizim gücümüz olsun. Bu gücü biz bu gün yaradırıq. 2005-ci ildə Azərbaycanın büdcəsi 2004-cü ilə nisbətən 30 faiz artıbdır. Səhiyyəyə ayrılan xərclər əvvəlkindən 44 faiz, təhsil xərcləri 25 faiz, ordu quruculuğuna xərclər təxminən 40 faizdən çox nəzərdə tutulubdur və bu meyillər davam etdiriləcəkdir. Əgər biz Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etmək istəyiriksə, gərək Ermənistandan on qat güclü olaq və biz buna nail ola bilərik. İndi Azərbaycanın büdcəsi Ermənistanın büdcəsindən 4 dəfə böyükdür. Gələn il 6 dəfə çox olmalıdır. Məqsəd də qoyulub ki, 10 dəfə çox olmalıdır. Azərbaycan öz hərbi potensialını da gücləndirir və ordu quruculuğu istiqamətində böyük işlər görüləcəkdir. Bizim ordumuz bu gün də istənilən vəzifəni həll etməyə qadirdir. Ancaq gərək onu daha da gücləndirək.

Ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün əlbəttə ki, həm də dövlət siyasəti lazımdır. Bu da var və biz onu həyata keçiririk. Xüsusilə iqtisadi sahədə potensialımız artır. Təbii ki, özəl sektor tərəfindən hərəkət olmalıdır. Mən hesab edirəm ki, sizin burada güclü olmağınız Azərbaycanı gücləndirir, Azərbaycanın güclü olması sizi gücləndirir. Gələcəkdə Azərbaycanın  haqq sözünü yüksək kürsülərdən deyəcək insanların sayı daha çox olmalıdır. Yerli icra orqanlarında bizim soydaşlarımızın təmsilçiliyi təmin olunmalıdır, daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, ali qanunvericilik orqanlarında bizim mövqeyimizi müdafiə edən insanlar fəaliyyət göstərsinlər. Biz öz üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik və əminəm ki, siz də bunu edəcəksiniz.

Mən çox şadam ki, Sankt-Peterburqda diaspor çox fəaldır, çox gözəl işlər görür və onun fəaliyyəti Peterburqun rəhbərliyi tərəfindən də bəyənilir. Dünən biz Vaqif müəllimlə, qubernator Valentina Matviyenko ilə birlikdəydik, söhbət edirdik. Mən çox şadam ki, qubernatorun da, yerli orqanların da bizim diasporun nümayəndələrinə böyük hörməti var. Mən bunu Bakıda da onlarla söhbət edərkən hiss etmişdim. Bu gün də bunu görürəm.

Bizim aramızda, Rusiya ilə Azərbaycan və Sankt-Peterburqla Bakı arasında olan əlaqələr bizə lazımdır və biz bunu daha da sürətlə inkişaf etdirməliyik.

Xalqımızın ümummilli lideri Heydər Əliyevə də Rusiyada böyük hörmət var. Prezident Putin tərəfindən böyük şəxsi hörmət var. Mən çox şadam ki, ümummilli liderimizin xatirəsi burada əbədiləşdirilir. Bu gün xatirə lövhəsi açılacaqdır. Bu da çox böyük hadisədir. Vladimir Putinlə söhbətimizdə də bu mövzuya da toxunduq. Bilirsiniz ki, o, özü buralıdır və mənə dedi ki, 1703-cü ildə əsası qoyulandan bu günə qədər Peterburqda müxtəlif xatirə lövhələri vurulmuşdur. Artıq 300 ildən çoxdur ki, bütün bu lövhələr durur, yerindədir. Ona görə bu gün burada xatirə lövhəsinin açılması da bir tarixdir. Bu, gözəl bir dostluq rəmzi olacaqdır və bu, mənim üçün çox əzizdir. Ona görə ki, Heydər Əliyev həm mənim atamdır və həm də ona görə ki, xalqımızın ümummilli liderinin xidməti burada yüksək səviyyədə qiymətləndirilir.

Mən əminəm ki, siz bundan sonra da yaxşı yaşayacaqsınız. Sankt-Peterburqda yaxşı işlər görəcəksiniz. Bütün burada səslənən fikirlərə mən də qoşuluram. Burada məktəblər fəaliyyət göstərməlidir ki, bizim uşaqlarımız ana dilini unutmasın, öyrənsinlər, mükəmməl bilsinlər. Eyni zamanda Azərbaycanı təmsil edən mədəniyyət mərkəzləri, ölkəmizi təcəssüm etdirən digər infrastruktur yaradılır. Bu gün "Bakı" restoran-muzeyində tikinti işləri ilə tanış oldum. Sonra bizim beynəlxalq bankın bu yaxınlarda burada açılan filialının bunasına baş çəkdim. Yəni bu, Azərbaycanın təmsilçiliyidir. Bu bankın filialının qarşısında dalğalanan bayrağımız onu göstərir ki, bura müstəqil Azərbaycanın yeridir.

Bir sözlə, əziz dostlar, mən şübhə etmirəm ki, bizim doğma vətənimiz Azərbaycan hamımızın köməyi ilə, əməyi ilə daha da inkişaf edəcəkdir. Biz öz sözümüzü daha yüksək kürsülərdən deyəcəyik, öz istəyimizə nail olacağıq. Biz elə etməliyik ki, Azərbaycanda kasıb adam olmasın, yoxsulluq aradan götürülsün, işsizlik tamamilə aradan götürülsün və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları daha təhlükəsiz şəraitdə yaşasınlar. Mənim Prezident kimi vəzifə borcum bundan ibarətdir. Mən Azərbaycan xalqının rahat yaşamasının təminatçısıyam. Azərbaycanda hökm sürən sabitliyin, əmin-amanlığın, asayişin də təminatçısıyam və heç kimə imkan verə bilmərəm ki, bu sabitliyi, bu əmin-amanlığı pozsun. Azərbaycanın çətin anları da olub, 1990-cı illərin əvvəllərində ölkəmiz, demək olar ki, artıq parçalanma ərəfəsində idi. Siz o günləri çox yaxşı xatırlayırsınız. Azərbaycan xalqı da yaxşı xatırlayır. Heç cür imkan verə bilmərik ki, o qara günlər təkrarlansın. Mən Prezident kimi bütün məsuliyyəti öz üzərimə götürmüşəm. Mən bu yoldan dönməyəcəyəm. Elə edəcəyəm ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, biz hamımız buna çalışmalıyıq. Mən bu görüşdən məmnun olduğumu bir daha ifadə etmək istəyirəm, sizə uğurlar arzulayıram, cansağlığı, ailələrinizə xoşbəxtlik arzulayıram. Sağ olun.

14 iyun 2005-ci il 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved