• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Ruminiya-Azərbaycan dostluq cəmiyyətinin üzvləri ilə görüş


 Prezident İlham Əliyev oktyabrın 12-də, Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, digər qurumların üzvləri ilə görüşmüşdür.

 

Görüşü giriş sözü ilə açan Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İoan Pop De Popa dedi:

-Zati-aliləri hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Bizim Cəmiyyətimiz Rumıniya ilə Azərbaycan arasındakı dostluğun bütün sahələrdə - mədəni, iqtisadi, elmi sahələrdə inkişaf etməsi üçün böyük işlər görmüşdür. Cəmiyyətimiz parlament üzvləri, dövlət xadimləri, akademiklər, mədəniyyət xadimləri və yazıçılardan ibarətdir və onlar bu qurumda tutduqları yeri artıq öz işləri ilə sübut etmişlər.

İcazə verin, Cəmiyyətimizin əldə etdiyi nailiyyətlər haqqında məlumat üçün sözü professor Dimitru Balanuya verək.

Professor Dimitru Balanu Azərbaycan Prezidentinə müraciətlə dedi:

 - Zati-aliləri hörmətli cənab Prezident!

İcazə verin, Sizi və Sizi müşayiət edən nümayəndə heyətinin üzvlərini Cəmiyyətimiz adından salamlayım. Azərbaycan və rumın xalqları arasında dostluq telləri öz kökləri ilə uzaq keçmişə gedib çıxır. Bu dostluğa dərin ehtiramımı ifadə edərək demək istəyirəm ki, Rumıniya Türkiyədən sonra Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ikinci dövlət olmuşdur. Sonralar daha da möhkəmlənmiş dostluq əlaqələri və beynəlxalq aləmdə iki ölkənin bir-birini dəstəkləməsi sübut etdi ki, bu fakt heç də təsadüfi deyildir.

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti 2001-ci ildə yaradılmışdır. Təşkilatın məqsəd və vəzifələri ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi və dərinləşməsinə kömək etməkdən, hər iki ölkənin ictimaiyyətinin və gənclərinin ölkələrimizin tarixi, mədəniyyəti ilə yaxından tanış olmasına şərait yaratmaqdan ibarətdir.

Cəmiyyətin idarə heyətinə Rumıniyanın görkəmli şəxsləri - siyasi partiyaların nümayəndələri, parlament fraksiyalarının başçıları, elm və mədəniyyət xadimləri, milli azlıqların təmsilçiləri, məşhur biznesmenlər daxildir.

Eyni zamanda, 2001-ci ildən Azərbaycan-Rumıniya Gənclər Təşkilatı fəaliyyət göstərir ki, onun tərkibinə iki ölkədən olan tələbələr, habelə dünyanın digər ölkələrindən olan gənclər daxildir. Hər iki təşkilatın idarə heyətinin üzvləri Rumıniya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və gələcək inkişafına öz töhfələrini vermək əzmindədirlər. Bu prosesə hər iki ölkənin gəncləri cəlb olunur ki, bu da əlaqələrimizin gələcəyi üçün çox müsbət haldır.

2002-ci ildə Buxarestdə beynəlxalq festivalın keçirildiyi vaxt Cəmiyyətimizin təşəbbüsü ilə tədbirin bir günü Azərbaycana həsr olunmuşdu. Həmin tədbirdə Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnılardan ibarət musiqi diski buraxılmışdır. Səfirliyin yardımı ilə Cəmiyyətimiz Azərbaycanın dirçəlişi və inkişafı adlı kitab hazırlayıb nəşr etmişdir. Bu kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinə həsr olunmuşdur. Cəmiyyətin köməyi ilə Buxarest Universitetinin professorları türk folklorunun incisi sayılan Dədə Qorqud dastanını, habelə Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin və Elçin Əfəndiyevin kitablarını rumın dilinə tərcümə etmişlər. Bundan başqa, yazıçı Anarın və Çingiz Abdullayevin də əsərləri rumın dilinə çevrilmişdir. Cəmiyyətin və səfirliyin təşəbbüsü və hər iki ölkənin ekspertlərinin köməyi ilə müqəddəs Quran da rumın dilində nəşr olunmuşdur.

Cəmiyyətin və gənclər təşkilatının Rumıniyanın, Azərbaycanın və Türkiyənin ayrı-ayrı nəşrləri, televiziya kanalları və jurnalist təşkilatları ilə sıx əlaqələri vardır. Xüsusilə təşkilatımız Azərbaycanda iqtisadi, sosial, mədəni sahələrdə baş verən böyük tərəqqi və inkişaf barədə kütləvi informasiya vasitələrinə düzgün və dolğun məlumatlar verir. Biz Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan torpaqlarının işğalı, bir milyondan çox qaçqın və köçkün haqqında ətraflı məlumat yaymışıq. Əlbəttə, bütün bunlar Azərbaycan səfirliyinin bizə göstərdiyi yardım olmadan mümkün olmazdı. Cənab səfir və onun əməkdaşları öz ölkələrini layiqincə təmsil etmək üçün əllərindən gələni edirlər.

Cənab Prezident, Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rumıniya Prezidenti İon İliyesku bizim ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin, qarşılıqlı anlaşmanın möhkəm bünövrəsini qoymuşlar. Bu, bizim tarixi sərvətimizdir. Siz əmin ola bilərsiniz ki, Şərqi Avropanın mərkəzi olan Rumıniyada güclü diaspor vardır, Azərbaycanın buradakı dostları Sizin yürütdüyünüz düzgün siyasəti dəstəkləyirlər və həmişə dəstəkləyəcəklər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevə mükafatlar verilməsi mərasimi oldu.

Rumıniya İnsan Hüquqları Təşkilatının sədri FİORENTİN SKARETSKİ dövlətimizin başçısına təşkilatın mükafatını təqdim edərək dedi:

 - Mən İnsan Hüquqları Təşkilatının sədriyəm və Azərbaycanda iki dəfə olmuşam. Dağlıq Qarabağ və işğal olunmuş digər yeddi rayondan didərgin düşmüş insanların vəziyyəti ilə tanış olmuşam və onların vəziyyətini dünya ictimaiyyətinə çatdırmışam. İkinci dəfə isə, Zati-aliləri Azərbaycanda prezident seçkilərində iştirak edərkən ATƏT-in nümayəndəsi kimi gəlmişəm. Mən Sizin cəmiyyətinizin inkişafının və tərəqqisinin şahidi olmuşam. Habelə şahidi olmuşam ki, Azərbaycan Prezidenti öz ölkəsində demokratiyanın bərqərar olunması və inkişafı yolunda böyük səylər göstərir. Qeyd edə bilərəm ki, Azərbaycanda cəmiyyət sürətlə inkişaf edir. Biz Azərbaycan xalqını dəstəkləyirik və yəqin ki, bu yaxınlarda edəcəyimiz səfər zamanı Azərbaycanda qaçqın-köçkünlərin vəziyyəti ilə tanış olacağıq. Bu qısa çıxışımı Azərbaycan səfirinə təşəkkürlə başa çatdırmaq istəyirəm. Arzu edirəm ki, əlaqələrimiz gələcəkdə də inkişaf etsin və yeni formalarla zənginləşsin. Bir daha təşəkkür edirəm və Rumıniyaya xoş gəlmisiniz.

Rumıniya-Türkiyə Ticarət və Sənaye Odasının başçısı Tamer Atalay çıxış edərək dedi:

- Hörmətli Prezident, Ticarət və Sənaye Odasının üzvləri Sizi Rumıniyada görməkdən böyük sevinc hissi duyurlar. Rumıniyaya xoş gəlmisiniz və bizlərə şərəf verdiniz. Rumıniya həm Türkiyə, həm də Azərbaycan üçün çöx önəmli ölkədir. Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkə Rumıniyadır. Balkanlarda həm Türkiyənin, həm də Azərbaycanın əsil dostu olan, ikitərəfli əlaqələrdə və beynəlxalq aləmdə ölkələrimizi dəstəkləyən bu ölkədə çoxlu türk iş adamları vardır. Balkanlarda 30 min türk və yüzlərlə azərbaycanlı iş adamı fəaliyyət göstərir. Siz təqribən 100 mindən çox türkün yaşadığı ölkədəsiniz. İnanıram ki, qardaş bir ölkədə olmaqdan xoşbəxtlik və rahatlıq duyursunuz. Rəhmətlik atanız, Azərbaycanın ümummilli lideri, türk dünyasının hörmət və sevgi bəslədiyi Heydər Əliyevin vəfatı ilə əlaqədar bu ölkədə bizlər də yas saxladıq, Quran oxutduq və mövlud verdik. Türk icması olaraq, biz də Sizin kədərinizi bölüşdük. Biz Sizin atanız Heydər Əliyevin və Sizin ideyalarınızı burada yaşadan, Azərbaycanı ən yüksək səviyyədə təmsil edən hörmətli səfir Eldar Həsənov kimi bir insanın və səfirliyin digər əməkdaşlarının türk icmaları arasında dostluğun və qardaşlığın təmin olunmasındakı fəaliyyətlərini xüsusi qeyd edirik.

Bizim təşkilatın idarə heyətinin üzvləri və sədri Azərbaycanda oldular və rəhmətlik atanızın məzarını ziyarət etdik. Biz Bəxtiyar Vahabzadə ilə və digər insanlarla da görüşdük. Şahidi olduq ki, Azərbaycanda yüksək inkişaf prosesləri gedir, insanların gözlərində xöşbəxtliyi ifadə edən işığı gördük. Biz Sizin atanızdan miras aldığınız bayrağı daha yüksəyə qaldırmaq əzmini gördük. Bunun üçün Sizi ürəkdən təbrik edir və özümüzü xoşbəxt hiss edirik. Çünki rəhmətlik atanızın dediyi kimi, bir millət iki dövlətik və bu gün Heydər Əliyevin büstünün açılışında türk toplumlarının başçıları da iştirak edəcəklər. Biz əvvəllər burada Atatürkün heykəlini ucaltmışdıq və bu gün Atatürklə Heydər Əliyev Avropa torpaqlarında - Rumıniyada görüşür və türk toplumlarına Avropaya inteqrasiya olunmaqla sülhü və dostluğu təmin etmək sahəsində nümunə olacaqlar və yenə öndərlik edəcəklər. Bir daha Sizə xoş gəldiniz deyirəm və icazənizlə, Odamızın rəhbərliyi adından Sizə xatirə hədiyyəsi - plaket təqdim etmək istəyirəm.

Hörmətli cənab Prezident, indi isə icazənizlə, müqəddəs Quranın rumın dilinə tərcümə edilməsinə və türklük atamızı - Dədə Qorqudun rumın dilinə çevrilməsinə yardım edən hörmətli səfirə də bir plaket təqdim edərdim.

 Sonra Türk İş Adamları Dərnəyinin başçısı İsmət İsmayıl Bayandıra söz verildi.

O dedi:

- Hörmətli cənab Prezident, Sizi Rumıniyada görməkdən xoşbəxtlik hissi duydum. Azərbaycan və Türkiyə xalqlarının dostluğu sərhəd tanımır. Biz Rumıniyada azəri qardaşlarımızla əl-ələ çalışırıq.

"Bir millət, iki dövlət" sözlərini yaşadaraq, türk dünyamızın böyük lideri mərhum Prezidentimiz hörmətli Heydər Əliyevi hüzurunuzda ehtiramla anırıq.

Hörmətli cənab Prezident, səfir Eldar Həsənov və səfirliyin işçiləri bizimlə sıx əməkdaşlıq edirlər. Biz Rumıniyadakı Azərbaycan səfirliyini öz evimiz kimi hiss edirik. Siz qısa müddət ərzində çox böyük işlər görmüsünüz. Zati-alilərinizin Rumıniyaya səfəri iki ölkənin əlaqələrinin inkişafı baxımından çox faydalı olacaqdır. Biz bu sahədə üzərimizə düşən hər bir vəzifəni yerinə yetirməyə hazırıq. Zati-alilərinizə ən dərin hörmətimizi bildirir və əmrlərinizi gözləyirik. İcazənizlə, mən də Sizə bir plaket təqdim etmək istəyirəm.

Rumıniyanın "Poy Polidoy" Mədəniyyət Fondunun sədri POL POLİDOR çıxış edərək dedi:

 

- Zati-aliləri hörmətli cənab Prezident İlham Əliyev!

Bizim mədəniyyət fondu adından Sizi Rumıniyada salamlayıram. Birincisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Rumıniya ilə Azərbaycan arasında əlaqələrin inkişafına verdiyi misilsiz töhfəni qeyd etmək istəyirəm. Biz həm də bu əlaqələrin inkişafında Sizin böyük səylərinizi alqışlayırıq. Bununla əlaqədar Fondun idarə heyəti adından Sizə fəxri üzv diplomunu, Heydər Əliyevə həsr olunmuş kompakt disk və medalı təqdim etmək istəyirəm. Rumıniyaya xoş gəlmisiniz!

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Sizin hamınızı ürəkdən salamlayıram və mənə göstərilən yüksək qonaqpərvərliyə, deyilən xoş sözlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti iki ölkə arasında əməkdaşlıq üçün çox böyük əhəmiyyətə malikdir. Çox şadam ki, Rumıniya ilə Azərbaycan bütün sahələrdə əməkdaşlıq edirlər və bunun nəticəsində ölkələrimiz siyasi, iqtisadi və digər sahələrdə əlaqələrini gücləndirirlər. Mənim bu rəsmi səfərim də gələcək əməkdaşlığımız üçün yeni bir addımdır, yeni bir mərhələdir və şübhə etmirəm ki, bu səfərdən sonra əlaqələrimiz bütün sahələrdə daha da genişlənəcəkdir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra daim Rumıniyanın dəstəyini görmüşdür və bunu bu gün də hiss edirik. Buna görə bir daha sizə və bütün rumın xalqına öz dərin minnətdarlığımı bildirirəm.

 Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox ağrılı keçmişdir. Ölkədə xaos, anarxiya, hərc-mərclik hökm sürürdü, vətəndaş müharibəsi başlanmışdı, iqtisadi böhran yaşanırdı. Bir sözlə, Azərbaycanın müstəqil dövlət kimi yaşaması təhlükə altında idi. Yalnız Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə ölkəyə rəhbərliyə gəlməsindən sonra vəziyyət dəyişdi, sabitlik yarandı, böhrana son qoyuldu və bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Ölkəmiz çox sürətlə beynəlxalq təşkilatlara inteqrasiya edir. Ölkəmizdə həm siyasi, həm də iqtisadi sahələrdə çox ciddi islahatlar aparıldı. Bu islahatların nəticəsində dünyada və regionda Azərbaycanın mövqeyi möhkəmləndi və indi iqtisadi inkişaf baxımından ölkəmiz bütün postsovet məkanında qabaqcıl yerlərdədir.

Ötən il keçirilmiş prezident seçkilərində də xalqımız son illər ərzində ölkədə aparılmış siyasətə öz dəstəyini bir daha bildirərək, yenidən Heydər Əliyev siyasətinə, Heydər Əliyev siyasi xəttinə səs verdi. Bu dövr ərzində ölkəmizin iqtisadiyyatı daha da güclənmişdir. Ümumi daxili məhsulun orta illik artımı on faizə bərabərdir. Azərbaycanda həyata keçirilən regional sosial-iqtisadi inkişaf proqramı nəticəsində ölkədə 70 mindən çox iş yeri açılmışdır. Dünyanın ən böyük enerji layihəsi uğurla həyata keçirilir - region və bütün dünya üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla inşa edilir və yaxın zamanlarda biz onun açılışını qeyd edəcəyik. Bu, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsinin bariz nümunəsidir. Çox əlamətdar hadisədir ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Türkiyənin Ceyhan şəhərində tikilən böyük terminala ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir.

Azərbaycan beynəlxalq aləmdə də öz mövqelərini möhkəmləndirir. Bizim NATO və Avropa Birliyi ilə əlaqələrimiz yeni pilləyə qalxıbdır. Azərbaycan NATO-ya fərdi tərəfdaşlıq planını təqdim edən ilk ölkələrdəndir. Avropa Birliyinin ölkəmizi yeni qonşuluq siyasətinə daxil etməsi də çox mühüm hadisədir və Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində gələcəkdə atılacaq addımlar üçün böyük bir zəmindir.

 

Əlbəttə, bizim müxtəlif ölkələrlə ikitərəfli əlaqələrimiz də sürətlə inkişaf edir və genişlənir. Bu baxımdan Rumıniya ilə Azərbaycan arasında olan əlaqələrə xüsusi əhəmiyyət veririk və deyə bilərəm ki, Azərbaycanın bu regionda ilk səfirliyi məhz Rumıniyada açılmışdır. Mən çox şadam ki, bu səfirlik uğurla işləyir, bütün aidiyyəti orqanlarla əlaqədədir. Bu da bizə imkan verir ki, Azərbaycan haqqında həqiqətlər, reallıqlar geniş rumın ictimaiyyətinə dolğun şəkildə çatdırılsın.

Mən bu səfərdən çox razıyam. Əminəm ki, bu səfərdən sonra bizim əlaqələrimiz daha da güclənəcəkdir. İmzalanmış sənədlər bunu deməyə əsas verir.

Bilirsiniz ki, ölkəmiz və region üçün ən təhlükəli, ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir.

Biz tələb edirik ki, bu münaqişə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bizim üçün çox vacibdir ki, Rumıniya dövlətinin mövqeyi də məhz bundan ibarətdir və hörmətli cənab Prezident İon İliyesku dünən mətbuat konfransında və digər çıxışlarda bu mövqeyi açıq şəkildə bəyan etmişdir. O demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Sizin ölkənizin bu açıq bəyanatı və bizə açıq dəstəyi bizim üçün çox vacibdir və mən əminəm ki, münaqişənin nizama salınması istiqamətində öz rolunu oynayacaqdır.

Biz bütün dövlətlərin ərazi bütövlüyünü tanıyırıq. Əlbəttə, tələbimiz ondan ibarətdir ki, bizim də ərazi bütövlüyümüz bərpa edilsin, Ermənistan öz işğalçı siyasətindən əl çəksin, işğal olunmuş torpaqlardan çıxsın və bir milyondan artıq qaçqın və köçkün öz doğma torpaqlarına qayıda bilsin. Onu da qeyd etmək istəyirəm ki, Birləşmiş Millətlər Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnamə qəbul edibdir və bu qətnamələrdə deyilir ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Biz istəyirik ki, dünyada ikili standartlar siyasətinə son qoyulsun və Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş qərarlar icra olunsun. Bu məsələ ilə əlaqədar Rumıniyanın birmənalı mövqeyi və digər Avropa ölkələrinin bizə verdiyi dəstək münaqişənin həllində böyük rol oynaya bilər. Bu münaqişə öz həllini taparsa, regionda sülh bərqərar olunar, təhlükəsizlik möhkəmləndirilər və bütün maneələr aradan qaldırılar. Biz istəyirik ki, regiondakı bütün xalqlar əmin-amanlıq şəraitində yaşasınlar.

Əziz dostlar, bir daha qeyd etmək istəyirəm ki, mənim Rumıniyaya rəsmi səfərim çox mühümdür. Mən bu səfərə böyük əhəmiyyət verirəm və şadam ki, o, çox uğurlu keçir. Qeyd etdiyimiz kimi, ölkələrimiz arasında əlaqələr çox yüksək səviyyədədir. Çox şadam ki, insanlarımız arasında da mehriban münasibət vardır. Mən Rumıniyaya böyük nümayəndə heyəti ilə gəldim. Burada aparılan danışıqlar, söhbətlər və imzalanmış sənədlər gələcək əməkdaşlığımız üçün çox gözəl şərait yaradır. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə və bütün səviyyələrdə inkişaf etsin. Hökumətlərarası birgə komissiya daha fəal işləməlidir, parlamentlərarası əlaqələr güclənməlidir, humanitar sahədə əməkdaşlıq da yeni mərhələyə çıxmalıdır. Mən ümid etmək istəyirəm ki, bu səfər bütün sadaladığım məsələlərə təkan verəcəkdir.

 

Əlbəttə, mənim üçün çox önəmli və əzizdir ki, burada, Rumıniya torpağında xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmışdır. Bu, iki ölkə arasında olan əlaqələrə çox müsbət təsir göstərəcəkdir. Bunun Azərbaycan və rumın xalqları arasında mehriban və səmimi münasibətlərə də güclü təsiri olacaqdır. Buna görə mən Rumıniya dövlətinə və hökumətinə, şəxsən cənab İon İliyeskuya öz minnətdarlığımı bildirirəm. Çox istərdim ki, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri də tez-tez Azərbaycana gəlsinlər, biz daha da sıx əlaqədə, təmasda olaq və Cəmiyyətin fəaliyyəti bundan sonra da xalqlarımızın yaxınlaşmasına xidmət etsin.

Verilən ödüllərə və dediyiniz xoş sözlərə görə sizin hamınıza bir daha öz dərin minnətdarlığımı bildirirəm.

Əminəm ki, Rumıniya ilə Azərbaycan arasında olan əlaqələr yüksələn xətt üzrə davam edəcəkdir.

* * *

Sonra Prezident İlham Əliyev müxtəlif cəmiyyətlərin və qurumların rəhbərləri və üzvlərinin hər biri ilə görüşərək, səmimi söhbət etdi və onlarla xatirə şəkli çəkdirdi.

12 oktyabr 2004-cü il 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved