• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Marneuli rayonunda yaşayan Azərbaycanlılarla görüş


 İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili Marneuli rayonuna gələrək, burada yaşayan azərbaycanlılarla görüşmüşlər.

 

Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş rayon mərkəzinin küçələrinə çıxan sakinlər dövlət başçılarını səmimiyyətlə və hərarətlə qarşıladılar.

Sonra Nəriman Nərimanov adına Marneuli şəhər mədəniyyət evinin qarşısındakı meydanda Gürcüstanın bu bölgəsində yaşayan azərbaycanlıların nümayəndələri ilə görüş oldu.

Kvemo Kartli – Borçalı bölgəsinin qubernatoru Soso Mazmişvili görüşü açaraq dedi ki, Azərbaycan və gürcü xalqları arasında dostluğun kökləri əsrlərin dərinliklərinə gedir. Prezidentlər İlham Əliyev ilə Mixail Saakaşvili arasında yaranmış səmimi qardaşlıq əlaqələri də Azərbaycan-Gürcüstan münasibətlərinin sarsılmazlığını təsdiqedir.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

 - Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Sizə öz dərin hörmət və məhəbbətimi bildirirəm.

Mən dünəndən Gürcüstandayam. Burada keçirdiyim bütün görüşlərdə, apardığım danışıqlarda bir daha əmin oldum ki, Gürcüstan-Azərbaycan dostluğu, qardaşlığı yaşayır, möhkəmlənir və bizim xalqlarımızı bir-birinə daha da sıx bağlayır.

Gürcüstanda əziz dostum Prezident Saakaşvili tərəfindən mənə göstərilən bu xoş münasibətə, qonaqpərvərliyə görə mən Prezidentə və bütün Gürcüstan xalqına öz minnətdarlığımı bildirirəm.

Dünən iki ölkə arasında çox önəmli, müxtəlif sahələri əhatə edən sənədlər imzalanmışdır. Əminəm ki, bu sənədlərin icrası nəticəsində ölkələrimiz bir-birinə daha da yaxın olacaqlar. Bilirsiniz ki, bir neçə ay bundan əvvəl Gürcüstan Prezidenti Azərbaycana səfər etmişdi. Həmin səfər çərçivəsində də çox əhəmiyyətli məsələlər müzakirə olunmuşdur. Mənim səfərim də iki ölkənin rəhbəri arasında olan dostluğun davamıdır. Bizim aramızda çox gözəl münasibətlər var. Bütün məsələlərdə - beynəlxalq, regional məsələlərdə, eyni zamanda, iki ölkə arasında olan münasibətlərdə bizim mövqeyimiz üst-üstə düşür. Heç kəs üçün sirr deyil ki, bu münasibətlərin yüksək səviyyəyə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

Bilirsiniz ki, bu gün Azərbaycanda böyük bayramdır. Bütün Azərbaycan xalqı Milli Qurtuluş Gününü qeyd edir. Bu gün də Heydər Əliyevin adı ilə bağlıdır. Məhz iyunun 15-də onun Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmiz dirçəlməyə başladı. Ölkə xaosdan, böhrandan çıxdı, inkişafa, tərəqqiyə doğru addımlar atmağa başladı. Son on il ərzində Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan inkişaf etdi, dünyada özünün layiqli yerini tuta bildi. İndi ölkəmiz bütün sahələrdə çox sürətlə inkişaf edir. Mən ümid edirəm ki, gələcəkdə də Azərbaycan inkişaf edəcək, zənginləşəcək, qüdrətli dövlətə çevriləcəkdir.

Biz, əziz dostum Mixail ilə bir məsələni dəfələrlə vurğulamışıq, fikrimizi bildirmişik: Gürcüstanın, Azərbaycanın xoşbəxt gələcəyi bizim birliyimizdədir. Bizim ölkələrimiz bir-biri ilə çox sıx bağlıdır. Biz istəyirik ki, bu əlaqələr daha da inkişaf etsin, genişlənsin. Fürsətdən istifadə edib bir məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm. Bu gün səhər Tbilisi şəhərinin ən gözəl, görkəmli yerlərindən birində Heydər Əliyevin adını daşıyan park açıldı. Biz bu parkın açılışında iştirak etdik. Eyni zamanda, Tbilisidə fəaliyyət göstərən, Azərbaycan Dram Teatrına da dövlət statusu verilibdir. Bütün bu addımlara görə mən əziz dostum Mixail Saakaşviliyə öz adımdan, sizin adınızdan, bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Bizim xalqlarımız qardaş xalqlardır. Gürcülər, azərbaycanlılar bütün dövrlərdə sülh, əmin-amanlıq, dostluq şəraitində yaşamışlar. Çox şadıq ki, müstəqilliyimiz əldə olunandan sonra bu əlaqələr daha da genişlənibdir. Bu gün iki ölkənin rəhbərləri arasında olan bu dostluq münasibətləri bizim gələcəyimiz üçün gözəl zəmindir.

 Əziz dostlar!

 Əziz bacılar və qardaşlar!

Siz Gürcüstan vətəndaşlarısınız. Amma eyni zamanda, azərbaycanlısınız. Ona görə siz iki ölkə arasında çox önəmli rol oynayırsınız. Mən buraya çox böyük heyətlə gəldim. Demək olar ki, bizim Nazirlər Kabinetinin yarısı bu gün mənimlə birlikdə buradadır. Mən istəyirəm ki, istər təhsil sahəsində, istər iqtisadiyyat sahəsində, istərsə də digər sahələrdə sizi maraqlandıran, sizi narahat edən bütün məsələlər öz həllini birgə tapsın. Siz Gürcüstan cəmiyyətinə daha fəal və sürətli şəkildə inteqrasiya olunmalısınız, daha da yüksək yerləri tutmalısınız. Mən çox şadam ki, ictimai-siyasi həyatda azərbaycanlıların fəaliyyəti çox yüksəkdir və bu, daha da yüksəlir. Mən bu gün çox şad və xoşbəxtəm ki, Azərbaycanın milli bayramını - Qurtuluş Gününü burada sizinlə birlikdə qeyd edirəm.

Mən əminəm ki, bu səfərdən sonra iki ölkə arasında olan münasibətlər daha da dərinləşəcək, bütün sahələrdə əməkdaşlıq inkişaf edəcəkdir. Bizim qarşımızda duran ən böyük, ən nəhəng məsələlər Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilməsidir. Əminəm ki, bunlar vaxtında işə düşəcək və bizim xalqlarımıza xoşbəxtlik, rifah, firavanlıq gətirəcəkdir. Mən sizin hamınızı bir daha ürəkdən salamlayıram, sizin hamınızı bağrıma basıram, qucaqlayıram, öpürəm. Yaşasın, Gürcüstan-Azərbaycan dostluğu, qardaşlığı! Gürcü-Azərbaycan xalqlarına eşq olsun!

Sonra Gürcüstan Prezidenti Mixail Saakaşvili də nitq söylədi. Görüş başa çatdıqdan sonra Gürcüstan dövlətinin başçısı qafqazlılara xas qonaqpərvərliklə Azərbaycan Prezidentinə kəhər at bağışladı.

15 iyun 2004-cü il

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved