• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


Rusiyadaki Azərbaycan diasporunun nümayəndələri ilə görüş


 Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Moskvadakı səfirliyində Rusiyada yaşayan həmvətənlərimizlə görüşmüşdür.

 

Görüşdə çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, məşhur həmyerlimiz Fərman Salmanov və Nikolay Baybakov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi siyasətini layiqincə davam etdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Sonra Prezident İlham Əliyev həmyerlilərimiz qarşısında çıxış etdi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

Mən Sizin hamınızı ürəkdən salamlayıram və bu görüşə gəldiyinizə görə öz minnətdarlığımı bildirirəm.

Bu gün mənim Rusiyaya rəsmi səfərim başa çatır. İki gün ərzində aparılmış ikitərəfli danışıqlar zamanı çox mühüm məsələləri müzakirə etdik. Biz Azərbaycanla Rusiya arasında olan münasibətlərə dair bütün məsələləri konstruktiv şəkildə müzakirə etdik və bir daha əmin olduq ki, mövcud olan dostluq və mehribanlıq əlaqələri güclənir və inkişaf edir. Bu, prezident seçkilərindən sonra mənim Rusiyaya ilk rəsmi səfərimdir.

Bildiyiniz kimi, oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirilmişdir və tam əksəriyyət bu seçkilərdə Heydər Əliyevin siyasi xəttinə səs vermişdir. Azərbaycanda son on ildə aparılmış bu siyasət ölkəmizə böyük uğurlar gətirmişdir. Respublikamız siyasi cəhətdən güclənmiş, iqtisadi cəhətdən öz potensialını böyük səmərə ilə işə salmışdır. İqtisadi göstəricilərimiz bir daha sübut edir ki, makroiqtisadi sabitlik mövcud olan yerdə sosial problemlərin həlli də mümkündür. Azərbaycan bütün iqtisadi göstəricilər üzrə MDB ölkələri arasında liderdir.

Ümumi daxili məhsulun, inflyasiyanın səviyyəsi, xarici sərmayələrin həcmi və digər göstəricilər üzrə ölkəmiz öncül mövqedədir. Bütün bunlara nail olmaq üçün ilk növbədə, sabitlik, əmin-amanlıq, qayda-qanun tələb olunurdu. Azərbaycanda bu sabitliyi Heydər Əliyevin siyasəti təmin etmişdir. Əgər bu sabitlik olmasaydı, hər hansı bir iqtisadi inkişafdan söhbət gedə bilməzdi. Bizim hamımızın vəzifəsi bu sabitliyi qorumaqdan ibarətdir.

Azərbaycan xalqı rahat və firavan yaşamalıdır. Ölkəmizdə qayda-qanun bərpa olunmuşdur və bu siyasət davam etdirilməlidir.

Əminəm ki, hamımız - bütün Azərbaycan xalqı birlikdə buna nail olacağıq. Biz Azərbaycanın müstəqilliyini qoruyacaq, ölkəmizin iqtisadi potensialını gücləndirəcəyik. Bütün bunlar xalqımızın daha firavan və rahat yaşamasına xidmət edir.

Problemlərimiz çoxdur, sosial problemlər də mövcuddur. İlk növbədə, Azərbaycanda çətin vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünlərin vəziyyəti bizi daha çox düşündürür. Heydər Əliyev bu istiqamətdə mühüm işlər görmüşdür. Bu kateqoriyadan olan insanların vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq fərmanlar əsasında mühüm addımlar atılmış, yeni qəsəbələr salınmış, infrastruktur yaradılmışdır.

Mən bu siyasəti davam etdirirəm. Bir neçə gün əvvəl bu sahədə növbəti sərəncam imzalanmışdır və onun əsasında mövcud çadır düşərgələrindən bəziləri ləğv ediləcək, yeni evlər tikiləcək, qəsəbələr salınacaqdır.

Düzdür, maliyyə resurslarımız bu məsələni dərhal həll etmək üçün hələ ki, bizə böyük imkanlar vermir. Amma imkanlar yarandıqca, bu məsələ öz həllini tapacaqdır.

Əminəm ki, bizim xaricdə, o cümlədən Rusiyada yaşayan soydaşlarımız da bu məsələdə iştirak edəcəklər və bu işə öz töhfələrini verəcəklər.

Digər sosial məsələlər də mövcuddur, amma bütün bu məsələlərin həlli Azərbaycanın iqtisadi potensialı gücləndikcə mümkün olacaqdır. Həyata keçirdiyimiz irimiqyaslı layihələr nəticəsində ölkəmizə gələcəkdə böyük həcmdə vəsait daxil olacaqdır ki, bu da öz növbəsində qarşımızda duran bütün problemlərin həllinə gözəl zəmin yaradacaqdır.

Bir sözlə, Azərbaycan uğurla inkişaf edir. Biz bu inkişaf yolunu seçmişik. Xalqımız bu siyasəti dəstəkləyir və heç kim bizi bu yoldan döndərə bilməz.

Azərbaycanın xoşbəxt gələcəyi üçün Heydər Əliyevin siyasəti davam etdirilməlidir və hamınızla birlikdə mən bu siyasəti davam etdirəcəyəm.

Əziz dostlar!

Dediyim kimi, bu gün mən Rusiyaya ilk rəsmi səfərimi başa çatdırıram. Odur ki, ikitərəfli münasibətlərə dair məsələlərə də toxunmaq istərdim. Mənim üçün çox dəyərli idi ki, prezident vəzifəsinə seçildikdən dərhal sonra Rusiya prezidenti Vladimir Vladimiroviç Putindən Rusiyaya rəsmi səfər etmək barədə dəvət aldım. Mən bu dəvəti məmnuniyyətlə qəbul etdim və indi Moskvadayam.

Rusiya Prezidenti ilə bizim aramızda çox mehriban, səmimi münasibətlər yaranmışdır. Bu, bizim ilk görüşümüz deyildir. Vladimir Vladimiroviçlə biz o, 2001-ci ildə Azərbaycanda rəsmi səfərdə olarkən görüşmüşdük. Deməliyəm ki, Azərbaycanda hamı və əminəm ki, Rusiyada yaşayan azərbaycanlılar da Rusiya prezidentinin Azərbaycana səfər etməsi faktını böyük razılıqla qarşıladılar. Bu, Rusiya prezidentinin ölkəmizə ilk səfəri idi. Sonra mən artıq Azərbaycanın Baş naziri vəzifəsini yerinə yetirərkən, MDB-nin zirvə toplantısında bizim görüşlərimiz oldu. Daha sonra Vladimir Vladimiroviç özünün yüksək şəxsi keyfiyyətlərini bir daha göstərərək, prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar Azərbaycanda matəm mərasimində iştirak etdi.

Bununla o, Azərbaycan xalqının məhəbbətini daha da çox qazandı.

Dünən və srağagün keçirdiyimiz görüşlər də bizi bir daha inandırdı ki, qarşılıqlı anlaşmanın səviyyəsi elə yüksəkdir ki, qarşıya qoyulan bütün məsələləri həll etmək mümkündür. İndi Rusiya ilə Azərbaycan arasında ən yüksək səviyyədə qarşılıqlı anlaşma, siyasi dialoq və məsləhətləşmələr mövcuddur və biz bunu yüksək qiymətləndiririk. Bu, bizə iqtisadi əməkdaşlığı fəal inkişaf etdirməyə imkan verir. Son iki ildə əmtəə dövriyyəsinin həcmi böyükdür və bu, iqtisadi əməkdaşlığın inkişafına parlaq misaldır. 2002-ci ildə əmtəə dövriyyəsi 70 faiz, 2003-cü ildə 40 faiz artmışdır və təxminən yarım milyard dollar təşkil edir. Ümumi məqsədimiz ikitərəfli əlaqələrin bu mühüm göstəricisini daha da yüksəltməkdir.

Biz humanitar sahədə əməkdaşlıq məsələlərinin müzakirəsinə xeyli vaxt ayırdıq. Siz hamınız bilirsiniz ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, rus millətindən olan vətəndaşlara necə qayğı ilə yanaşılırdı və yanaşılır. Zənnimcə, Azərbaycan məhz bu göstəricidə bütün MDB məkanında nümunədir və şübhəsiz, bu siyasət davam etdiriləcəkdir. Söhbətlərimizdə Rusiyadakı azərbaycanlıların həyatına da böyük diqqət verilmişdir. Ümumrusiya Azərbaycan Konqresinin rəhbəri bir rəqəm gətirdi, bu rəqəmimən də eşitmişəm, görünür, söhbət burada daimi yaşayan azərbaycanlılardan, yəni Rusiya vətəndaşlarından gedir.

Əgər burada yaşayan, lakin Rusiya vətəndaşları olmayan azərbaycanlıların sayını nəzərə alsaq, görərik ki, onlar daha çoxdur. Bizim aramızda tam anlaşma var, gözəl başa düşürük ki, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin səviyyəsi Rusiyada yaşayan azərbaycanlıların fəaliyyətinə, həyatına, firavanlığına da çox ciddi təsir göstərir. Bəli, Rusiyada yaşayan azərbaycanlıların bir qismi Rusiya Federasiyasının vətəndaşlarıdır - başqa dövlətin vətəndaşlarıdır. Amma bu o demək deyil ki, onlar bizim üçün kənar şəxslərə çevrilirlər. Xalqımızın öz ənənələri var, Vətəndən nə qədər uzaqlarda olsalar da, Vətəndə uzun müddət olmasalar da onların öz evinə, doğma torpağına, doğma şəhərinə, rayonuna məhəbbəti qəlblərində həmişə yaşayır. Ona görə də hesab edirəm ki, Rusiyadakı həmvətənlərimizin daha uğurlu, sakit, normal işi üçün ikitərəfli əlaqələrin səviyyəsi çox vacibdir.

 Bu gün böyük məmnunluqla deyə bilərəm ki, Vladimir Vladimiroviç Putinlə mənim aramda çox səmimi, etibarlı və xoş münasibətlər yaranmışdır və mən bunu çox əziz tuturam. Biz bütün istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə çalışacağıq. Bu, bizim tərəfimizdən bəyan olundu, imzalanmış sənədlərdə - həm iqtisadi sənədlərdə, həm də humanitar sahəyə aid sənədlərdə, habelə əməkdaşlığımızın əsas istiqamətlərinin əks etdirildiyi mühüm birgə siyasi bəyannamədə öz təsdiqini tapmışdır. Rusiya ilə Azərbaycan arasında, demək olar, bütün məsələlər həll edilmişdir. Qarşılıqlı razılığa əsasən, Xəzər dənizinin sektorlara bölünməsi məsələsi, hərbi-texniki əməkdaşlıq məsələləri həll olunmuşdur. İndi Azərbaycan Rusiya ərazisi ilə dünya bazarına neft göndərir, Rusiya ərazisindən Azərbaycana təbii qaz gəlir. Beləliklə, bizim daha çox vətəndaşlarımızı qazla təmin etməyə imkanımız var və deyə bilərəm ki, hazırda Azərbaycanın, əslində bütün rayon mərkəzləri qazla təmin olunur. Düzdür, bu, istədiyimiz həcmdə deyildir. Lakin biz əməkdaşlığı inkişaf etdirəcəyik. Yəni bizim hələ həll edəcəyimiz heç bir məsələ yoxdur. Bizim görməli olduğumuz yeganə iş müsbət təcrübədən istifadə etmək və əməkdaşlığı genişləndirməkdir.

Heç kimə sirr deyil ki, ölkələrimiz arasında kifayət qədər mürəkkəb dövrlər, anlaşılmazlıq, qarşılıqlı iddialar dövrləri olmuşdur. Biz keçmişi qurdalamaq istəmirik, görünür, bunun üçün əsaslar vardı. Lakin Azərbaycan və Rusiya rəhbərliyinin, ilk növbədə, Heydər Əliyevin və Vladimir Putinin siyasi iradəsi bizi narahat edən nə vardısa, hamısına 2000-ci ildən başlayaraq son qoydu. Odur ki, 2000-ci ildən etibarən biz əlaqələrimizin yalnız möhkəmləndiyini görürük. Əminəm ki, bunu Rusiyada yaşayan azərbaycanlılar da hiss edirlər. Çünki ölkələr arasında münasibətlər, təbii olaraq, bu və ya digər ölkənin, indiki halda Azərbaycanın ayrı-ayrı nümayəndələrinə münasibətə də təsir göstərir. Ona görə də biz bütün işləri görəcəyik ki, sizin burada həyatınız mümkün qədər daha firavan, sakit olsun, burada özünüzü yaxşı hiss edəsiniz.

Müxtəlif fikirlər var, bu mövzuda mənə də sual verirlər ki, Azərbaycan vətəndaşlarının Rusiyada yaşamasına, oraya işləməyə getməsinə Siz necə baxırsınız? Şəxsən mən buna müsbət yanaşıram. Dəfələrlə bildirmişəm ki, keçmişdə, Sovet İttifaqında bizim bu və ya digər yerlərə getmək imkanlarımız məhdud idi. İndi Azərbaycan və Rusiya demokratik dövlətlərdir, demokratik dövlətlərdə isə buna heç bir məhdudiyyət ola bilməz. Əgər Rusiya sizin üçün yaxşıdırsa, burada iş, məişət sarıdan vəziyyət daha yaxşıdırsa, burada artıq öz biznesiniz varsa, mən bunu ancaq alqışlayaram. Çünki siz Rusiya vətəndaşları olmaqla yanaşı, həm də Azərbaycan vətəndaşlarısınız, öz ölkənizin vətənpərvərlərisiniz və təbii ki, dövlətinizin inkişafına böyük töhfə verəcəksiniz.

Fürsətdən istifadə edərək, iki məqamı - Azərbaycanın Rusiyadakı səfirliyinin və səfir Ramiz müəllimin fəaliyyətini xüsusi vurğulamaq istərdim. O, bu funksiyaları çox məsuliyyətlə yerinə yetirir, öz fəaliyyəti ilə Rusiya və Azərbaycan arasında mehriban münasibətlərin inkişafına böyük töhfə verir, burada onun nüfuzu çox yüksəkdir, mən Moskvada olarkən bunu bir daha yəqin etdim. Ona görə də səfirlik çox mühüm amildir, diasporumuzun fəaliyyətini istiqamətləndirən və birləşdirən strukturdur. Mən bundan çox razıyam və onlara yeni-yeni uğurlar arzulaya bilərəm. Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətindən də çox razıyam. Məmməd müəllimin rəhbərliyi ilə Konqres qısa müddətdə çox güclü, qüdrətli struktura - tez bir zamanda nüfuz qazanmış struktura çevrilmişdir. Əlbəttə, burada Konqresin rəhbəri, bu strukturun prezidenti Məmməd Əliyevin, habelə vitse-prezidentlərin böyük xidməti var. Mən bu istiqamətdə fəal işləyən vitse-prezidentlərin işini ayrıca qeyd etmək istərdim. Mən burada İsgəndər Xəlilovu, Telman İsmayılovu, Elman Bayramovu, Araz Ağalarovu, başqalarını görürəm. Əlbəttə, hamının adını çəkə bilmərəm, lakin ikitərəfli əlaqələrimizə də böyük töhfə vermiş olan Aydın Qurbanovu yada salmaq və eyni zamanda, onun xatirəsini anmaq istərdim. O, mənim yaxın dostum idi, onun vəfatı məni çox kədərləndirdi.

Siz bunu bilirsiniz, məhz onun iştirakı və maliyyə yardımı ilə Bakıda rus pravoslav kilsəsi tamamilə bərpa edilmişdir. Bunun özü də əməkdaşlığın əyani sübutudur. Əminəm ki, bizim Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti bundan sonra da əlaqələrimizin möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığa, Rusiyada yaşayan azərbaycanlıların həyatının daha rahat, daha firavan olmasına yönələcəkdir. Azərbaycanın dövlət siyasəti baxımından, siz bizim köməyimizə həmişə bel bağlaya bilərsiniz. Prezident kimi mən buna zəmanət verirəm və bizdən asılı olan hər şeyi edəcəyik.

Bir məsələni də qeyd etmək istəyirəm: bu gün mən burada Aida Quliyevanı görürəm. Aida çox nəcib bir işlə məşğul olur. O, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Moskvada Azərbaycan məktəbinin yaradılmasının təşəbbüskarı olmuşdur. Mən də fəxr edə bilərəm ki, bu işdə müəyyən qədər iştirak etmişəm. Mən bu gün icmamızı bu prosesə fəal surətdə kömək etməyə çağırmaq istəyirəm, istəyirəm ki, bizim məktəb, doğrudan da, mükəmməl təhsil ocağı olsun və azərbaycanlı uşaqlar burada tariximizi, mədəniyyətimizi, dilimizi öyrənsinlər, bu da bizim gənc nəslin formalaşmasına kömək etsin. Mən isə dövlət tərəfindən məktəbin bazasının möhkəmləndirilməsində də, tədris prosesinin təşkilinə yardım göstərilməsində də iştirak etməyə hazıram. Bu, nəcib işdir. Belə işlər olduqca çoxdur. Mən bunu ondan- bundan eşitməmişəm, çünki Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyi və onun üzvləri ilə çoxdan əlaqə saxlayıram. Buna görə də onların necə çox kömək etdiklərini bilirəm. Sadəcə olaraq, istəyirəm ki, bunu hamı bilsin, bu barədə mətbuat səhifələrində yazsınlar, televiziya ilə göstərsinlər, o cümlədən Rusiyanın kütləvi informasiya vasitələri ilə xəbər versinlər.

Əziz dostlar!

Mən hələ çox danışa bilərdim və bu gün sizinlə görüşmək mənim üçün olduqca xoşdur. Mən xoş sözlərinə görə Nikolay Konstantinoviçə çox minnətdaram. Mən Sizdən nümunə götürəcəyəm. Mən bilmirəm, prezidentin bir ili neçə il sayılır, lakin dəqiq bilirəm ki, bir il bir ilə bərabər deyildir. Bu kitaba görə də Sizə çox minnətdaram, Sizi, öz yurdunun vətəndaşı, böyük vətənpərvəri, Heydər Əlirza oğlunun dostu kimi çox yüksək qiymətləndirirəm. Allahdan arzu edirəm ki, 200 illiyinizi qeyd edək.

Rusiyada bizim şan-şöhrətli elçimiz, Azərbaycan xalqının haqlı olaraq fəxr etdiyi, Rusiyada və SSRİ-də neft yataqlarının mənimsənilməsinə böyük töhfə vermiş Fərman müəllimi də salamlayıram. Biz, əlbəttə ki, Sizi görməyə çox şadıq. Mən onun yanında dünya miqyaslı görkəmli alim Əhməd müəllim İsgəndərovu görürəm. Biz onunla hələ o vaxt yaranmaqda olan Azərbaycan Vətəndaş Assambleyası çərçivəsində bir yerdə işləmişik. Burada vaxtilə ilk addımlarımızı birlikdə atdığımız çoxlu tanışlarımı, dostlarımı görürəm.

Mən sizin ailələrinizə firavanlıq, uğurlar və səadət arzulamaq istəyirəm.

Bilin ki, Azərbaycanda sizi yaddan çıxarmırlar. Azərbaycanlıların burada yaşaması ilə əlaqədar mövzu bütün səviyyələrdə, siyasi rəhbərlik səviyyəsində, müvafiq qurumların, orqanların əməkdaşlığı səviyyəsində ikitərəfli münasibətlərimizin daim gündəliyindədir və bu, həmişə diqqət mərkəzindədir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bugünkü səviyyəsi sizdən ötrü yaxşı, əlverişli imkan yaradır. Odur ki, firavan yaşayın, lakin Vətəni də unutmayın, gəlib-gedin və biz sizi görməyə həmişə şad olacağıq. Sağ olun.

 

  * * *

 

 Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan diasporunun ayrı-ayrı nümayəndələri ilə söhbət etdi.

 

 7 fevral 2004-cü il

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved