• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


Müsahibələr


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun müsahibəsi (ikinci hissə)
2013-02-22 | 13:07 |

 Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun müsahibəsi (ikinci hissə)
“SƏHV ADDIMLARI İLƏ PREZİDENTİN SİYASƏTİNƏ KÖLGƏ SALANLAR DA VAR”
 
Nazim İbrahimov: “Rüstəm İbrahimbəyovun indiyə qədər öz yaradıcılığında Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından verdiyi töhfənin nədən ibarət olduğu mənim üçün mübahisəli görünür”
 
- Elan olunmasından qısa müddət sonra fəaliyyəti dondurulan “Milyarderlər ittifaqı”nın perspektivi ilə bağlı nə düşünürsünüz?
 
- Mənim subyektiv fikrim belədir ki, RATİ-nin heç bir fəaliyyəti olmayacaq. “AzerRos” Abbas Abbasovun rəhbərliyi ilə fəaliyyət göstərə, diaspor sahəsində müəyyən işlər görə bilər. Amma RATİ-nin heç bir perspektivi yoxdur.
 
- RATİ-də digər şəxslər də təmsil olunur. Dövlət başçısının qudası Araz Ağalarov, Telman İsmayılov və digərləri...
 
- Ümumən bu işin fəlsəfəsinə də diqqət etmək lazımdır. Yəni hər hansı insanlar toplaşıb bir təşkilat yaradırlarsa, bu təşkilatın ideyası olmalıdır. Bu təşkilatda təmsil olunanlardan bəziləri Azərbaycan dövlətinə qarşı mövqe nümayiş etdirir, iqtidarı kəskin tənqid edir, bəziləri isə iqtidarın siyasətini dəstəklədiyini bildirir. Bu qədər müxtəlif fikirli insanların bir yerdə toplaşıb hansı bir ideya üçün çalışdıqları mənim üçün də qaranlıq qaldı. Məsələn, həddən artıq fəal üzvlərdən biri Söyün Sadıqovdur. Mən Söyün Sadıqovu bir siyasətçi yox, siyasətdə bir layihə adlandırsam daha yaxşı olar. O, müəyyən dairələrin layihəsidir. Belə layihələrdə milli azlıqlardan görkəmli, siyasəti dərindən bilən və yaxud siyasətdən baş çıxaran adamları önə çəkməzlər. Elə bir adamı irəli çəkərlər ki, ona baxanda adam siyasətdən uzaqlaşmaq istəyər. O layihə də Söyünün bəxtinə düşüb. İndi siyasətdə müəyyən fikirlər söyləyir, Azərbaycanın daxili işlərinə qarışır. Azərbaycanda 10 gün belə olmayan bir insan Azərbaycanın daxili siyasətindən necə baş çıxarır, analizlər verir, mən bunu bilmirəm. Bizim haqqımızda da, ölkəmiz haqqında da neqativ fikirlər söyləyir. Ermənilərin on illər ərzində can atdığı, amma bizim buna razılıq vermədiyimiz “xalq diplomatiyası” layihəsində iştirak edir. Məlumat üçün deyim ki, ermənilər bu addımları 2001-ci ildən atmağa başlamışdı. Biz o zaman bundan imtina etdik. Söyün Sadıqov isə bu layihədə iştirak etdi.
 
- Rəsmi Bakının heç bir rəyini öyrənmədən?
 
- Biz bu məsələnin qəti surətdə əleyhinəyik. Söyün Sadıqovun sonrakı fəaliyyətindən də göründü ki, o, siyasətçi yox, layihədir. Gələcək də bunu göstərəcək. Söyün Sadıqovun layihə kimi seçilməsinin ikinci bir tərəfi də var. Gürcüstan azərbaycanlılarından da müəyyən mərhələdə istifadə etmək istəyirlər. Necə ki, Gürcüstan azərbaycanlılarının Gürcüstanda separatçılıq etmələri haqqında bəzi yanlış xəbərlər yayılmağa başlayıb, bu da bizim soydaşlarımız üçün çox təhlükəli məsələdir. Söyün Sadıqovun fəaliyyəti nəticəsində yavaş-yavaş onun iç üzü görünməyə başlayıb. Yaxud Rüstəm İbrahimbəyov kimi  siyasətdən tam baş çıxarmayan şəxsin siyasətə də ssenarist kimi yanaşması belə bir vəziyyət yaradıb. Ssenaristlə real siyasətçi arasında müəyyən fərqlər var. Çünki real siyasətçi həyatın reallığını görər, siyasətdə bunu həyata keçirməyə başlayar və sonra onun necə olacağını heç kəs müəyyənləşdirə bilməz, həyatın gedişi onu göstərər. Amma ssenarist elə düşünə bilər ki, elə bil bütün siyasəti bu yazacaq, bir film kimi... Son zamanlar da Rüstəm İbrahimbəyovun Azərbaycanın gələcək həyatına aid verdiyi “proqnozlar” hamısı özünə yazdığı ssenari kimi görsənir.  Prezident seçkiləri, Azərbaycanın gələcək həyatı, ölkədə başlanan proseslər haqqında dedikləri siyasətdə naşı olan, siyasətdən başı çıxmayan bir adamın verdiyi bəyanatlara bənzəyir. Rüstəm İbrahimbəyov özünün ictimai nüfuzunu başqa istiqamətlərdə, gələcəkdə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında istifadə etsə, daha yaxşı olardı.
 
- Siz Diaspor Komitəsinin rəhbəri, o da dünya şöhrətli kinorejissor, bəlkə görüşüb elə bu mövzuda söhbət edəydiniz. Hər halda, Rüstəm İbrahimbəyov kimi tanınmış ismin potensialından istifadə ölkəmizə daha çox fayda verər, nəinki onunla qarşı-qarşıya gəlmək. Bəlkə bir test edəydiniz...
 
- Bu insanlar hansısa səbəbdən axırıncı həqiqət olduqlarına inanmağa başlayırlar. Hesab edirlər ki, onların fikri tam düzgündür. Təəssüf ki, ictimaiyyətin onlara olan hörmətini qavraya bilmirlər.
 
- Həm Heydər Əliyevin, həm də İlham Əliyevin Rüstəm İbrahimbəyovla bağlı zamanında müsbət fikirləri olub. Yəni o, mahiyyət etibarilə Azərbaycana qarşı insan deyil. Əgər ermənilərlə danışmağı mümkün sayırıqsa, azərbaycanlı ilə danışmaq gərək ki, çətin olmasın.
 
- Burda məişət problemi baş veribsə, Rüstəm İbrahimbəyov gəlib Azərbaycanda onu hər zaman çözə bilərdi. Güman edirəm ki, Rüstəm İbrahimbəyovun uğursuz bir şəkildə siyasətə atılması onun həm ictimai nüfuzuna, həm də Azərbaycandakı mövqeyinə təsirini göstərəcək. Siyasətdə naşılıq heç zaman qəbul edilmir. Rüstəm İbrahimbəyov çox gözəl ssenaristdir, daha yaxşı kinolar çəkə bilərdi. Rüstəm İbrahimbəyov, qardaşı Maqsud İbrahimbəyov sovetlər dövründə məhz Heydər Əliyevin yaratdığı yüksək səviyyəli şəraitdə yaşayıblar. Bu, onlara verilmiş bir avans idi. Rüstəm İbrahimbəyovun indiyə qədər öz yaradıcılığında Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından birbaşa olaraq verdiyi töhfənin nədən ibarət olduğu mənim üçün bir qədər mübahisəli görünür. Bir az Rusiyada yaşayıb, “Səhranın bəyaz günəşi” filminə ssenari yazıb. “Oskar” alıb, şöhrətlənib, çox gözəl. Həmçinin qazaxların həyatına aid film çəkib. Azərbaycana aid isə mənim yadımda qalan bir neçə məişət problemləri ilə bağlı filmlərdir. Mən qlobal mənada filmdən danışıram. Məsələn, ermənilərin Şarl Aznauru var, öz imkanları hesabına “Ararat” filmini çəkdilər, dünyaya yaydı. Onlar bu dağın ermənilər üçün “müqəddəs” olduğunu yaymağa nail oldular. Digər xalqların da nümayəndələri var. Ola bilər ki, onlar yaşadıqları zamanda cəmiyyət qanunlarına uyğunlaşmasınlar, bu, yaradıcı insanlara xas xüsusiyyətdir. Amma qlobal məsələlərdə hər zaman hər biri öz xalqı ilə birdir. Rüstəm İbrahimbəyov da öz xalqının yanında olub onun gələcək inkişafı üçün töhfəsini verməlidir. Nəinki naşıcasına siyasətə qarışıb özünün ictimai çəkisini aşağı salmalıdır.
 
- Prezident sonuncu çıxışında harın məmurlardan geniş bəhs etdi. Hansı ki, müxalifət də, elə Rüstəm İbrahimbəyov özü də uzun müddətdir məmur özbaşınalığından şikayətlənir, çağırışlar edirdi. Nəhayət, deyilənləri prezident də təsdiqləyirsə, sizə elə gəlmirmi ki, elə İbrahimbəyovu, digərlərini də dinləmək lazımdır? Bu, işin xeyrinə olmazdımı?
 
- Bilmirəm. Çünki mən onun şəxsi problemi haqqında ciddi məlumatım yoxdur. Hər hansı problemi var idisə, onu aşağı səviyyədə çözə bilərdi. İctimai həyatda ərköyünlük keçmir. Azərbaycanın yaradıcı insanlarının çox böyük əksəriyyətini 70-ci illərdə Heydər Əliyev qoruyub. Bəxtiyar Vahabzadə, Əbülfəz Elçibəy, Rüstəm İbrahimbəyov, onun qardaşı, elə Əkrəm Əylisli həmçinin. Amma bəzi insanlarda eyforiyadan başgicəllənməsi əmələ gəlib, əvəzolunmaz olduqlarını düşünürlər. Belə problemlərin yaranmasında da bu amil rol oynayır. Hesab edirlər ki, “mən toxunulmaz birisiyəm, mənə qarşı qanuni bir addım atılsa, bu, ictimaiyyətə sui-qəsd kimi qəbul olunacaq”. Fikrimcə, Rüstəm İbrahimbəyovun da davranışında da bu cür iddialı mövqe müşahidə olunur. Onunla bağlı kiçik bir problem yaşanıb, amma özünə yaraşmayan şəkildə bunu gətirib qlobal məsələyə çevirib, heç bir əsası olmayan ifadələrlə cənab prezidentin, digər insanların ünvanına fikirlər işlədib.
 
- Nazim bəy, dövlət başçısının son xəbərdarlıqları, sizcə, nəyə hesablanıb və bunun məntiqi nəticəsi nə olacaq?
 
- Əlbəttə ki, istənilən baş vermiş proses analiz tələb edir. Cənab prezident hər zaman qətiyyətini göstərib və göstərir. Çünki cənab prezidentin də dəfələrlə qeyd etdiyi kimi, bizim  üçün əsas olan xalqımızın rifahıdır. Cənab prezident hər zaman qeyd edir ki, bizim yürütdüyümüz siyasət sosialyönümlüdür. Hər bir azərbaycanlı eyni səviyyədə yaşamalıdır. Əlbəttə ki, məmurların bu kodekslərə alışmağı vacibdir. Hər bir vətəndaşa, hər bir insana hörmətlə yanaşmaq, onun problemləri ilə maraqlanmaq, bu problemlərin həllinə nail olmaq bizim vəzifə borcumuzdur. Hesab edirəm ki, cənab prezidentin iradları, tənqidləri bu sahədə mövcud olan bəzi çatışmazlıqların aradan qaldırılmasına səbəb olacaq. 
 
- Ancaq yerlərdə məmurlar öz fəaliyyəti ilə əhalini ölkə başçısına qarşı qaldırırlar.
 
- Əlbəttə, müəyyən səhv addımları ilə prezidentin siyasətinə kölgə salanlar da var. Bəzi xarici qüvvələr də var ki, belə hallardan istifadə edirlər, ölkədə vəziyyəti qarışdırmaq, Azərbaycanın müstəqil siyasətinin dərəcəsini aşağı endirmək, yaxud da Azərbaycanı yeni yaranan ittifaqlara daşımaq istəyirlər. Əhalini bir az maarifləndirmək lazımdır ki, kənar qüvvələrin felinə uymasınlar, atılan addımlarında diqqətli olsunlar.  
 
- Artıq İlham Əliyevin prezidentliyə namizədliyi bir neçə təşkilat tərəfindən irəli sürülüb. Hakim komandanın üzvü kimi necə hesab edirsiniz, üçüncü dəfə namizədlik məsələsi  problemlər yaratmayacaq ki?
 
- Demokratiya qanunlara tabe olmaq, qanunun aliliyi deməkdir. Azərbaycanın da qanunları var. Ölkə qanunlarına görə prezident seçimlərində məhdudiyyət yoxdur. Qaldı ki, bu, hansısa qüvvələrin xoşuna gələcək, ya gəlməyəcək, bu, bizim üçün məna kəsb eləmir. Çünki biz də heç kimin daxili işlərinə qarışmırıq.
 
- Ancaq Azərbaycanın daxili işlərinə qarışan qüvvələr kifayət qədərdir. Son vaxtlar şimal təhlükəsi barədə çox danışılır. Seçki ilində bunlar sizi narahat edirmi?
 
- Bizim iradəmiz, başımızın üstündə Azərbaycanın siyasətini müəyyənləşdirən rəhbərimiz var. Ona görə də kimlərinsə planı bizi maraqlandırmır. Əlbəttə, regionda böyük siyasət yürüdən ölkələrin müxtəlif planı ola bilər. Amma əsas məsələ Azərbaycan xalqının iradəsi, cənab prezidentin komandasının onun ətrafında sıx birləşməsidir. Düzgün yolda olduğumuzu bilərək bu yolu getməkdəyik. Kimlərsə seçkilərdə iştirak etmək istəyirsə, buyursun. Ümummilli lider tərəfindən yaradılan, möhkəmləndirilən dövlətimiz var, cənab prezident də bu dövləti uğurla idarə edir, beynəlxalq ictimaiyyət də Azərbaycanın mövqeyini qəbul etməyə başlayıb, bu da bizim uğurumuzdur. İndi bu uğuru kimlərinsə gözü götürmür. Avropada da belə çoxlu qüvvələr var.
 
- Xüsusilə də Putinin “Milyarderlər ittifaqı”nın nümayəndəsi Ramazan Abdulatipovu Dağıstana rəhbər təyin etməsi Bakıya mesaj kimi yozulur. Siz nə fikirdəsiniz?
 
- Bu kimi məsələlər ictimai fikirdə müzakirə olunur. Azərbaycan mətbuatı olaraq sizlər bu mövzularda müzakirə apara, versiyalar söyləyə bilərsiniz. Həqiqət də versiyaların mübarizəsindən və vəhdətindən doğur. Bir dövlət rəsmisinin bununla bağlı fikir bildirməsi düzgün olmazdı. Bu kimi məsələlər ölkə mətbuatında müzakirə olunsa, daha yaxşı olar, nəinki bir dövlət rəsmisi münasibət bildirsə.
 
- Bir ara mətbuat yazdı ki, Nazim İbrahimov hətta ölkə başçısının qəbuluna da düşə bilmir və vəzifədən çıxarılacağı günü gözləyir. Şəxsən özünüz fəaliyyətinizi necə dəyərləndirirsiniz və yazılanlarla bağlı narahatçılığınız varmı?
 
- Əgər desəm ki, işim tam özümü qane edir, bu, qeyri-təvazökarlıq olar. Nə qədər də geniş fəaliyyət göstərsəm, hər zaman öz işimdən narazıyam. Vəzifəyə təyin etmək, vəzifədən azad etmək isə Azərbaycan prezidentinin səlahiyyətində olan məsələdir. Odur ki, bu mövzuda mətbuatda yazılanlara heç vaxt fikir verməmişəm. Belə şeylər, məncə, bizim işimizə mane olmaq üçündür. Bunlar hamısı qərəzli, kimlərinsə sifarişi ilə yazılan yazılardır.
 
- Diaspora sahəsinə ayrılan milyonların taleyindən də çox yazılır. Hara gedir o milyonlar?
 
(davamı gələn sayımızda)
 
 
Yeni Müsavat
19 fevral, 2013
 
 




2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved