• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Müsahibələr


"Vətən naminə görülən işin böyüyü, kiçiyi olmamalıdır"
2014-01-17 | 17:07 |

Mayisə Ağamirzəyeva: "Biz xarici ölkələrdə erməni diasporasına cavab verməyə qadir olmalıyıq"

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın “Olaylar”a müsahibəsi

-Mayisə xanım, uzun müddət Niderland Krallığında yaşayırsınız. Söhbətimizə bu ölkə haqqında danışmaqla başlayaq. Hollandiya barəsində oxucularımızın müəyyən qədər informasiyaları var. Bəs siz Hollandiya haqqında onlara məlum olmayan, ən çox diqqətinizi çəkən hansı məlumatı verə bilərsiniz? 
 
- Hollandiya dedikdə insanın ilk ağlına gələn assosiasiyalar təbii ki, dünyada məşhur olan çiçəkləri və pendirləridi. Bundan başqa bura Avropanın ən demokratik və tolerant, insan haqlarının qorunduğu, yüksək sosial təminatı olan ölkələrindən biridir. Artıq 11 ilə yaxındır ki, Niderlandda yaşayıram. İlk vaxtlar diqqətimi çəkən hollandların yaşlı insanlara, uşaqlara və heyvanlara olan münasibəti oldu. Belə ki, Azərbaycanda yaşadığım müddətdə Avropa haqqında bir çox düşüncələrimin yanlış olduğunu anladım. Burda guya insanların ailə bağlarının zəif olması, övladların valideynlərinə münasibətlərinin soyuq olması, uşaqlarının taleyinə, gələcəyinə etinasız olmaları fikirlərinin düzgün olmadığının şahidi oldum. Doğrudur, avropalılar övladları ilə bir yerdə yaşamırlar. Amma bu, o demək deyil ki, onlar bir-birlərini sevmirlər, ya da qayğısına qalmırlar. Avropada insanların ata-anası da, övladı da dövlətdi, dövlətin sosial təminatı və qayğısıdı. Burda insanlar gələcəyini düşünür, çox işləyib qocalığını rahat yaşamaq üçün vəsait toplayır və heç kimə yük olmadan dünyasını dəyişirlər. Yaşlı insanlar yaşaya bildiyi qədər öz evində yaşayır, artıq xəstələndikdə və daha çox yaşlandıqda dövlətdən aldığı təqaüdün bir hissəsini onlara xidmət göstərmək üçün fəaliyyət göstərən sağlamlıq mərkəzlərinə, baxım evlərinə kiçirir və orda öz yaşıdları ilə bir yerdə rahat olurlar. Hər şənbə-bazar günləri də övladları iş günü olmadığına görə nəvələri ilə birlikdə onları ziyarət edir, bayramları qeyd edir, gəzdirir və sevindirirlər. Ümumiyyətlə, burda insanların əhval-ruhiyyəsinin yüksək olmasına, psixolji durumuna böyük önəm verilir. Hollandların düşüncələrinə görə psixoloji problemi olan insan cəmiyyətə ancaq zərər verər. Avropalılar həyatın hər bir anının qədrini bilir, gələcəyə inamla baxırlar. Xüsusilə gəzməyi, dincəlməyi, təbiəti, heyvanları çox sevirlər. Uşaqlarının ali təhsilli olması üçün əllərindən gələni etsələr də, onu heç nəyə məcbur etmirlər və əsas yaxşı insan, məşğul olduğu işdə peşəkar olması üçün çalışırlar. Ümimiyyətlə isə, Avropa sistemində tətbiq edilə biləcək yaxşı nüanslar çoxdu və ağıllı insan yaxşıları götürüb pisləri atmalıdır.
 
 -Hollandiyada təxminən nə qədər azərbaycanlı yaşayır?
 
 -Dəqiq sayını bilməsəm də, Hollandiyada təxminən 10 min azərbaycanlı yaşayır.
 
-Hollandiyada gəlmələrə, xüsusən də müsəlmanlara və eləcə də azərbaycanlılara münasibət necədir?
 
-Hollandlar çox sadə, mehriban və tolerant xalqdılar. Bura gəlmələri özləri keçən əsrin 60-70-ci illərində işçiyə ehtiyacları olduğu üçün çağırdıqlarına görə münasibətləri də pis deyil. Ancaq zamanla bura müvəqqəti işçi kimi gələnlər öz ölkələrinə qayıtmayıblar və burada daimi olaraq məskunlaşıblar. Sonralar isə öz ölkəsində siyasi problemi olan mühacirlərin, ərazisində müharibə gedən əlacsız insanların axını başlayıb. Təbii ki, bunların arasında Avropa yaşayış tərzinə uyğunlaşıb, mühitlə ayaqlaşa bilən, yaşadığı ölkənin dilini öyrənib, adət-ənənələrinə hörmətlə yanaşanlar, cəmiyyətə qaynayıb-qarışanlar heç bir problemlə üzləşmir. Ancaq bura qayda-qanunların çox güclü olduğu bir ölkədir. Buranın qayda-qanunlarına uymayanlar təbii ki, yaxşı qarşılanmır, onlara münasibət müsbət olmur. Amma yenə də heç kimin haqqı pozulmur. Bu hamıya aid bir fikirdi, müsəlmanlara və azərbaycanlılara da. Ümumiyyətlə, götürdükdə isə bizə münasibət yaxşıdı. Çünki bizim insanların əksəriyyəti sovet təhsili görmüş, mədəni, savadlıdır və Avropa mühitinə tez alışa bilirlər. Ümumiyyətlə, avropalılar düzgün, mədəni, dəqiq, savadlı və çalışqan insanlara milliyyətindən və dinindən asılı olmayaraq sayğı ilə yanaşırlar.
 
-“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi haqqında məlumat verməyinizi xahiş edərdim. Təmsil etdiyiniz təşkilatın Hollandiya cəmiyyətində yeri, mövqeyi, təsiri nə dərəcədədir?
 
- “Ana Vətən” cəmiyyəti 10 ildir ki, fəaliyyət göstərir. Təşkilatın yaradıcısı yazıçı-ziyalı xanım Gülşən Lətifdi. 3 il öncə isə cəmiyyətin sədri vəzifəsi mənə tapşırılıb. Öncə onu vurğulayım ki, Azərbaycan qadınları həmişə cəmiyyətdə aparıcı rol oynayıb və bu gün biz öz fəaliyyətimizlə bunu bir daha sübut edirik. Yarandığı gündən “Ana Vətən”in amalı azərbaycançılığı təbliğ etmək, ölkəmiz, xalqımız üçün önəmli, faydalı olan işlər görməkdir. Məncə, vətən naminə görülən işin böyüyü, kiçiyi olmamalıdır. Biz Azərbaycan qadını olaraq holland cəmiyyətində istər mədəniyyətimizlə, istər mətbəximizlə, adət-ənənələrimizlə, istərsə də ədalətsizliyə qarşı haqq səsimizi ucaltmaqla məhdud imkanlarımızla zərrə qədər də olsa işlər görürüksə, bu, ölkəmiz üçün faydalıdı. Çünki bizim çox hiyləgər və mütəşəkkil düşmənlərimiz var. Biz qürbət ölkələrdə erməni diasporasına cavab verməyə qadir olmalıyıq və güclü olub ölkəmizi, vətənimizi, xalqımızı gözəl təqdim etməliyik. Avropada bunu etmək asan olmasa da, fikrimcə, bunun öhdəsindən gəlirik və çalışırıq ki, bütün layihələrimizdə hollandların fikirlərinə təsir edək, özümüzü onlara qəbul etdirək.
 
- Azərbaycan diasporası ilə Türkiyə diasporası arasında nə kimi əlaqələr var?
 
-Bizim Birlik Azərbaycan Diasporasının kiçik bir parçasıdı və öz adımızdan deyə bilərəm ki, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi qardaş Türkiyənin bir çox cəmiyyət və qurumları ilə əməkdaşlıq edir. Məsələn, Niderland Azərbaycan-Türk Kültür Dərnəyi, Türk Federasiyonu, Hollandiya Müsəlman Türk Cəmiyyətləri ilə bir çox işlər görmüşük. Qarşılıqlı olaraq onlar bizim, biz də onların təşkil etdiyi tədbirlərdə iştirak etməyə, bir-birimizə dəstək olmağa çalışırıq. Çünki biz ortaq düşməni olan iki xalq kimi birlikdə mübarizə aparmalıyıq. Yoxsa qalib ola bilmərik.
 
-Niderlandda Qarabağ münaqişəsi haqqında nə bilirlər?
 
 -Niderlandda Qarabağ münaqişəsi haqqında az bilirlər. Ancaq Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yolunda çox səy göstərir, bütün cəmiyyətləri bir araya toplayaraq silsilə tədbirlər keçirir. Avropalıların Qarabağ münaqişəsində ən çox Xocalı faciəsi haqqında məlumatları var. Hər il Xocalı faciəsini avropalıların diqqətinə çatdırmaq üçün tədbirlər keçirilir. Xüsusilə keçən il Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” kampaniyası bu işdə çox uğur qazandı. Həmin işlərdə digər cəmiyyətlərlə birgə “Ana Vətən” də aktivlik göstərib. Tədbirlər silsiləsində Ermənistanın səfirliyi önündə mitinq keçirilib, Haaqa Ədalət Məhkəməsinə məktub, 1 milyon imza toplanmış kitab və Xocalıya aid petisiya təqdim olunub. Cəmiyyətimizin təşəbbüsü ilə azərbaycanlı gənclərlə xüsusi geyimdə, əllərdə şamlarla “Sükut yürüşü” təşkil edilib. Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin təşəbbüsü ilə Haaqada Xocalı monumenti qoyulub. Benilüks Azərbaycanlılar Konqresi bir çox konfrans və tədbirlər keçirilib. “Ana Vətən”in təşəbbüsü ilə Rotterdam İslam Universiteti və Amsterdam Universitetində Xocalı hadisələri ilə bağlı konfranslar keçirilib. Müstəqil holland jurnalisti Xert van Dam 2 dəfə Azərbaycana gedib, qaçqınlarla görüşüb və mətbuatda əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdıran yazılarla çıxış edib. Müstəqil jurnalist kimi fəaliyyət göstərən Elnaz Sangin Xocalı hadisələri haqqında holland dilində məqalə yazıb çap etdirib və təbii ki, bu yazılarla ermənilərin qəzəbinə səbəb olub. Bu yazıya görə Elnaz xanım təhdidlərlə üzləşib. Digər azərbaycanlı xanım İradə Uluxanlı da Hollandiyanın Limburq şəhərində fəaliyyət göstərir. Firəngiz Bağırovanın rəhbərliyi altında “Odlar Yurdu” təşkilatının holland uşaq xoru ilə birgə həyata keçirilən “Sarı gəlin” layihəsini də xalq mahnımızın ermənilər tərəfindən oğurlanmasına dəyərli cavab hesab etmək olar. Azərbaycanlı müğənni Elxan Rzayevin və Firəngiz xanımın holland müğənni Mariya van Felzeye Azərbaycan mahnılarını, xüsusilə də “Sarı gəlin”i holland dilində öyrətmələrini də qeyd etmək istərdim. Bundan başqa Vüsalə Məmmədovanın Hollandiyaya səfər edən Mixail Qorbaçova mətbuat konfransında 20 Yanvarla bağlı sual verməsini və onun “Bu cinayatə görə cavab verməlisiz” sözlərini dünya media mənsublarının qarşısında söyləməsini qeyd etmək istərdim. Holland-Azərbaycan Dostları Cəmiyyətinin (DufoA) prezidenti Mariun van Der Vegt və Leyla Babayevanın təşəbbüsü ilə Hollandiyada bir xrizantema gülünün “Azəri”, daha iki gülün birinin Şuşa şəhərinin, digərinin isə Xocalının şərəfinə adlandırılması və yetişdirilməsi də bu sahədə görülən işlərdəndi. Bu il də 20 Yanvar və Xocalı soyqırımı günləri münasibətilə də tədbirlərimiz var. Yanvarın 18-də “Ana Vətən” Niederland Azərbaycanlı Qadınlar Birliyi öz ofisində dəyirmi masa keçirəcək. Debatda maraqlı məsələlər müzakirə olunacaq.
 
 -Sizcə, Hollandiyada və ümumiyyətlə, Avropada yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin, mədəniyyətinin, adət-ənənələrinin unudulmaması üçün hansı addımları atmaq lazımdır?
 
-Bunun üçün ən çox adət-ənənələrimiz, bayramlarımız, rəqslərimiz, mahnılarımız təbliğ edilir. Xüsusilə Novruz bayramının keçirilməsi, Azərbaycan mətbəxinin məşhur yeməklərinin nümayişi, çay və milli şirniyyat süfrələrinin açılması ilə Azərbaycan kulinariya günlərinin təşkili, festivallarda Azərbaycanın təmsil edilməsi, mədəniyyətimizin nümayiş etdirilməsi bu sahədə atılan addımlardı. Belə tədbirlərdən Azərbaycan rəssamları Rasim Hüseynov və Vəfa Rüstəmovanın Haqqadakı Rijswejk kitabxanasında “Azərbaycan rəngləri” adlı və digər şəhərlərdə keçirilən sərgiləri böyük marağa səbəb olub. Hər dəfə belə tədbirlər həyata keçirildikdə azərbaycanlıların bir yerə toplaşmasının özü də birliyimizin bir nümunəsidi və onların övladlarının Azərbaycan haqqında bilgilərinin atmasına, ürəklərində vətən sevgisinin çoxalmasına səbəb olur.
 
 -Yenicə açdığınız “Haaqa Azərbaycan Məktəbi” - azərbaycandilli şənbə günü məktəbi soydaşlarımızın marağına səbəb olubmu?
 
 -Ana dilimizin unudulmaması yolunda həyata keçirdiyimiz layihələrdən biri də yenicə açdığımız “Haaqa Azərbaycan Məktəbi”di. Məktəb Hollandiyada açılan 3-cü məktəb olmasına baxmayaraq, böyük rezonans doğurub. Məktəbin açılmasında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyi və Azərbaycanda fəaliyyət göstərən “Təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi ilə “AzPoliqraf” Nəşriyyat-Poliqrafiya Müəssisəsi əllərindən gələn köməkliyi əsirgəmədilər. Azərbaycanda nəşr edilən uşaq ədəbiyyatı, Azərbaycan xalq nağılları, şair və yazıçılarımızın uşaqlar üçün yazdıqları hekayə və povestlərindən bir neçə nüsxə, Azərbaycan haqqında ingiliscə kitablar cəmiyyətimizə hədiyyə edilib. Şənbə günü fəaliyyət göstərən azərbaycandilli məktəbi açmaqda məqsədimiz burda doğulan azyaşlı uşaqlara Azərbaycan əlifbasını, dilini, ədəbiyyatını, tarixini, milli  atributlarını öyrətməkdi. Ancaq məktəbimiz təkcə azyaşlılara nəzərdə tutulmayıb, burda böyük insanlar üçün kitabxana da var. Məktəbimiz soydaşlarımızın böyük marağına səbəb olub və Azərbaycandan, eləcə də Hollandiyadan məktəbimizi ziyarət edənlərin sayı getdikcə çoxalır. Hətta buraya valideynlərindən biri azərbaycanlı, digəri isə başqa millətdən olan uşaqların marağı daha böyükdü. Məktəbin direktoru Almaz Kərimli və ixtisasca müəllim olan digər xanımlarımız həvəslə uşaqlara könüllü olaraq dərs keçirlər.
 
-Avropaya mühacirət edən müsəlmanlar (azərbaycanlılar da istisna deyil) arasında ateizmə meyl güclüdür. Sizcə, bu, nədən qaynaqlanır?
 
-Deməzdim ki, ateizmə-Allahsızlığa meyl güclənib, amma xristianlığı qəbul edənlər az da olsa var. Statistika da əksini deyir. Hesablamalara görə, İslam dinini qəbul edənlərin sayı get-gedə artır. Məncə, islamdan imtina edən insanların ətrafında xristianlar həddindən artıq çox olur, xüsusilə ailə qurduqları şəxs qatı xristian olur və yaxud psixoloji sarsıntı keçirmiş insan olduğu üçün hərəkətlərinə sədd qoya bilmir, dünyada müsəlman ölkələrində baş verən son hadisələr, qarışıqlıqlar, müharibələr də öz təsirini göstərir. Azərbaycanlılar arasında dindən imtina edən və yaxud xristianlığı qəbul edənlər çox azdır, bu hal ən çox qəddar dini qanunların hakim olduğu, dini qanunlar adı altında əzilən, haqları tapdanan müsəlman ölkələrindən (İran, Əfqanıstan kimi) gələnlər arasında müşahidə olunur. Ətrafda ictimai qınaq görmədiyi üçün bu addımı atanlar da olur. Ümumiyyətlə isə, Avropada dini etiqad azaddır. Hər bir insan dinini özü seçə bilər.
 
 
 
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
 
 




2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved