• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Müsahibələr


Moldovanın sabiq prezidenti: "... Nə isə söz demək lazım olanda Boris Yeltsin Heydər Əliyevi həmişə qabağa verərdi"
2014-05-13 | 18:05 |

Moldovanın sabiq prezidenti:

 Moldovanın sabiq prezidenti: "... Nə isə söz demək lazım olanda Boris Yeltsin Heydər Əliyevi həmişə qabağa verərdi" (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbirlər Ü.Heydərova, İ.İzzət/

Petru Luçinski - Moldovanın sabiq prezidenti. Ölkəsinə rəhbərlik edənə qədər keçmiş Kommunist Partiyasında daşıdığı vəzifələrlə sözün həqiqi və məcazi mənasında uzun yol qət edib. Sözsüz ki, bu yolda Azərbaycan da olub. Özü də bir neçə dəfə. Odur ki, Bakı gəncliyinin, cavanlığının, ahıllığının xatirəsidir. Olduqca mehriban, təvazökar insandır. Qeyd etdiyi kimi, özündən büt düzəltməyin əleyhinədir...

 Trend Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən layihə əsasında Moldovanın keçmiş prezidenti cənab P.Luçinski ilə müsahibəni təqdim edir.

 "Keçmiş prezident olmur"

 - Cənab Luçinski, bilirik ki, uzun illər müxtəlif vəzifələrdə olmusunuz, ölkənizi beş il idarə etmisiniz. Məlumdur ki, ömrü boyu vəzifələrdə olub, prezidentlik zirvəsinə yüksələ bilməyən insanlar çoxdur. Maraqlıdır, bəs siz necə, prezident olacağınızı əvvəlcədən hiss etmişdinizmi?

 - Prinsipcə, hiss etmişdim. Bu yaxınlarda bir çıxışım oldu. Orada söylədim ki, insanlar əvvəllər pillə ilə hərəkət edirdilərsə, indi liftlə qalxırlar. Bir də görürsən ki, tanımadığın birisi gəlib vəzifə başına keçir. Əvvəllər müəyyən olunmuş sxem var idi. İnsan kiçik işdən başlamalı, vəzifədə tədricən böyüməli idi.

Sovet İttifaqı dağılandan sonra Moldova Respublikası yarandı. Ölkəmiz müstəqillik qazanana qədər mən Moldova Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü, sonralar Moldova Kommunist Partiyası Kişinyov şəhər komitəsinin birinci katibi oldum. Moskvaya çağırdılar. Səkkiz il Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə rəisinin müavini işlədim. Sonra Tacikistana göndərildim. Orada da Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsini icra etdim. Beləliklə, on bir il ölkəmdə olmadım.

Mən Moldova Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi ölkəmə qayıdanda 1989-cu il idi, çətin günlər idi. Elə bir dövr idi ki, Sovet İttifaqı dağılmaq üzrə idi. Yenidən Moskvaya çağırıldım, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosünün üzvü oldum. Amma xalqlar ayağa qalxmışdı. Nümayişlərin ardı-arası kəsilmirdi. Moldovada da həmçinin. Bir ildən sonra Sovet İttifaqı süquta uğradı. Mən deputat idim. Qurultaya gəldim. Yadımdadır, deputatlardan biri çıxışında söylədi ki, niyə rəhbər üçün kimisə axtarırıq? Baxın, Əliyev Azərbaycana qayıdıb, Şevardnadze Gürcüstana, biz də Luçinskini qaytarmalıyıq. Parlamentə sədr seçildim. Moldovanın Rusiyada səfiri də oldum. Növbəti seçkilərdə iştirak etdim. Doqquz namizəd var idi. Demokratik seçki keçdi. Beləliklə, prezident oldum. Necə deyərlər, gözlənilən idi.

 Əlbəttə, bu, asanlıqla baş verən iş deyildi. Bütün ömrüm boyu buna hazır olmuşam. Deyim ki, məsələyə həmişə real baxmışam. Düzdür, bu da özlüyündə bir lotereyadır. Amma heç zaman öz fəaliyyətimlə ikona yaratmamışam ki, mən məhz bunun üçün yaranmışam. Bir məqamı da qeyd edim ki, Sovet İttifaqı dağılandan sonra, Siyasi Büronun üzvü olsam da, nəqliyyat vasitəsi kimi metrodan istifadə edirdim. Rusiya Elmlər Akademiyasında Sosial-Siyasi Araşdırmalar İnstitutunda böyük elmi işçi kimi çalışmağa başlamışdım...

- Bəs hazırda nə işlə məşğulsunuz?

 - Əgər insan müəyyən təcrübəyə, dünyagörüşünə malikdirsə, işsiz qalmaz. Bir məşhur müdrik kəlam var. Bu fikir müəyyən formalarda Bibliya, Quran da daxil olmaqla, demək olar, bütün dini kitablarda yer alıb: "Hər anın öz hökmü var". Prezidentlik müddətim 61 yaşımda başa çatdı. Strateji araşdırmalar və beynəlxalq əlaqələrin inkişafı ilə məşğul olan "Luçinski" Fondu yaratdım. İstər ölkəmdən, istərsə də xaricdən çoxlu təkliflər alıram. Madrid Klubunun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüyəm və s. Mütəmadi şəkildə Avropa İttifaqının, BMT-nin təmsilçiləri ilə, səfirlərlə görüşürəm, konfranslarda, televiziya proqramlarında çıxışlar edirəm. Biz nəsə deyə bilirik. Cənab İlham Əliyevlə son görüşümdə də söyləmişdim ki, prezidentin özünün ölkə, vətəndaş qarşısında öhdəliyinə görə sözünü sona qədər demək imkanları məhduddur. Amma keçmiş prezident daha açıq şəkildə danışa bilir. Mən ölkəmin rifahı naminə öz təcrübəmdən istifadə edirəm. Belə bir məsəl var, deyirlər ki, keçmiş prezident olmur. Bu, özlüyündə bir institutdur. Həmçinin, vətəndaşlarla iş təcrübəm var. Problemi olanlar indiki hakimiyyətin qəbuluna düşə bilməyəndə bizə üz tuturlar, elə düşünürlər ki, real hakimiyyətdəyik. Hansısa ideyanı reallaşdırmaqla, konkret kiməsə kömək etməklə bağlı xahişlər edirlər. Bir sözlə, məşğulam.

"...MDB prezidentləri toplaşan zaman nə isə söz demək lazım olanda Boris Yeltsin Heydər Əliyevi həmişə önə çəkirdi"

 -  Vaxtilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Moldovaya, sizin isə Azərbaycana rəsmi səfərlərinizin iki ölkə arasında əməkdaşlığı daha da sıxlaşdırdığını deyə bilərikmi?

 -  Qeyd edim ki, Sovet dönəmində Azərbaycan həmişə Moldova ilə müqayisə olunub. Amma Azərbaycan daha öndə idi. Mənim Heydər Əliyevlə münasibətimin isə ayrıca tarixçəsi var. Deyirlər ki, təsadüf Allahın işidir. 1974-cü ildə mənə zəng etdilər ki, Rəyasət Heyətinin üzvü Aleksey Kosıqinin başçılığı ilə heyət yaradılıb. Heyət Rumıniyanın faşistlərdən azad edilməsinin 30 illiyi münasibətilə həmin ölkədə keçiriləcək tədbirdə iştirak etməliydi. Heyətin tərkibində yoldaş Əliyev, mən və ordu generalı Aleksey Yepişev var idi. Biz Suxumidə toplaşmalıydıq. Mən Kişinyovdan gəldim, Heydər Əliyev avtomobillə gəldi. Şevardnadze onu Tbilisidən Suxumiyə qədər ötürmüşdü. İndiyə kimi yadımdadır. Bu, 22 avqust 1974-cü ildə baş verib. Bütün axşamı bir yerdə keçirdik. Heydər Əliyev Azərbaycanla, Eduard Şevardnadze Gürcüstanla bağlı problemlərini Kosıqinlə müzakirə etdilər. Səhəri yola düşdük. Kosıqinlə Yepişev ayrıca, biz isə Heydər Əliyevlə birlikdə yola çıxdıq. Bütün səfər boyu bir yerdə olduq. İki aydan sonra o, Moldovaya gəldi. Moldovada milli bayram qeyd olunurdu. Hər kəsə bir nümayəndə verilmişdi. Mən də Heydər Əliyevi qarşıladım, səfər boyu onu müşayiət etdim. Əlaqələrimiz daha da sıxlaşdı.

Həyatının sonuna kimi isti münasibətlərimiz olub. O, mənlə müqayisədə bütün sınaqlardan daha çətinliklə keçib. Çünki ona çox haqsızlıqlar edirdilər... Son dərəcə bacarıqlı insan idi. Onu Moskvaya çağıranda mən də Mərkəzi Komitədə çalışırdım. Xatırlayıram, böyük seminar oldu. O, Sovet İttifaqında nəqliyyat məsələsinə baxırdı. Bu çox çətin problem idi. Çıxışından heyrətə gəlmişdim. Cəmi iki-üç ay idi ki, çalışırdı. Amma aviasiya da daxil olmaqla bütün yol problemlərinin incəliklərinə elə varmışdı ki...

Sonralar  mən  Bakıya gələndə həmişə vaxt ayırardı, qarşılayardı, axşama kimi oturardıq, fikir mübadiləsi aparardıq. Azərbaycana ilk rəsmi səfərimi xatırlayıram. Təklikdə  4 saat söhbət etdik. O, mənə Sovet İttifaqı dağılandan sonra başına gələn hadisələri təfərrüatı ilə danışdı. Naxçıvanda səhhəti ilə bağlı yaşadığı son dərəcə çətin dövrlərindən bəhs etdi. O, çox işlər görüb. Olduqca tələbkar idi. Məndən yaşca böyük olsa da, bunu heç zaman büruzə verməzdi. Elə vaxtlar olub ki, məni lap utandırıb. Yadımdadır, 1997-ci ildə təyyarə ilə Orta Asiyaya yola düşəndə dayanacaq Bakıda oldu. Protokola əsasən, məni hansısa nazir qarşılamalı idi. Amma o, nəinki məni trapda qarşıladı, bütün heyətlə şəhərə dəvət etdi. Söhbət edib, sonra yola düşdük.

1998-ci ildə Azərbaycana ilk rəsmi səfərim zamanı mənə Bakı Dövlət Universitetində fəxri doktor adı verdilər. Özu gəldi, çıxış etdi. Odur ki, mən ona dostluğumuza və bir çox problemlərin həllinə görə çox minnətdaram. GUAM-a, TRASEKA Proqramına, İpək Yoluna görə. Heydər Əliyev həmişə təsəbbüskar, bani olub. Nəsə desin, sonra unutsun, əsla belə xüsusiyyətləri olmayıb. O, son dərəcə diqqətcil idi. Xatırlayıram, biz MDB prezidentləri toplaşan zaman nə isə söz demək lazım olanda Boris Yeltsin Heydər Əliyevi həmişə qabağa verərdi. Elə məqamlar var ki, onu heç kim bilmir. Məsələn, Yeltsin hakimiyyəti Putinə verəndə biz Yeltsinin bağ evində dar çevrədə yığılmışdıq. Yeltsin bizim adımızdan sözü Heydər Əliyevə verdi. Biz ona həmişə hörmət edirdik. O, öz sözü olan bir insan idi. Məsləhətləşəndə, danışıqlar aparanda biz həmişə eyni mövqedə olmuşuq.

"Azərbaycanda hakimiyyət xalqın nə istədiyini hiss edir və onu həll edir"

 - Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olaraq dahi şairin aforizmlərindən ibarət kitabça buraxmısınız. Bu ideya haradan yarandı?

 - Əvvəla qeyd edim ki, Moldovada güclü Azərbaycan diasporu var. Yaxşı təşkilatlanıblar. Konqresin prezidenti Vüqar Novruzov bacarıqlı insandır. Özü də səlis moldovan dilində danışır. O, ötən ilin dekabr ayında bizim vilayətdə "İlin adamı" oldu və mükafatı ona mən təqdim etdim. Konqresin bir üzvü də var, o, həm deputatdır, həm də şairdir. Nizami Gəncəvinin əsərləri artıq bizdə nəşr olunmuşdu. Onlara təklif etdim ki, gəlin, ikinci nəşri 4 dilə tərcümə edək. Beləcə, kitabça Azərbaycan, ingilis, moldovan və rus dillərində nəşr olundu və II Qlobal Müştərək Cəmiyyətlər Forumunda paylandı. Şəxsən özüm onu hətta Prezident İlham Əliyevə təqdim etdim.

- Yeri gəlmişkən, Nizaminin əsərlərini necə dəyərləndirirsiniz?

 - Onun nəinki əsərlərini oxumuşam, hətta Bakıda gənclik illərimdə Qara Qarayevin "Yeddi gözəl" baletinə də baxmışam. Əsərlərini bir az bədbin əhvalda yazıb. Yəni demək istəyib ki, dünya dəyişmir və bu, həqiqətən də belədir. Nizami böyük mütəfəkkirdir.

- Bir neçə gün əvvəl Bakıda keçirilən və sizin də iştirak etdiyiniz II Qlobal Müştərək Cəmiyyətlər Forumu haqqında nə düşünürsünüz?

 - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaranması çox tədqirəlayiqdir. Bu mərkəz Madrid Klubu ilə birlikdə mühüm işlər görür. Artıq iki böyük tədbir keçirilib və yüksək səviyyədə təşkil olunub. Tədbirlərdə ali qonaqlar iştirak ediblər və əminəm ki, bundan sonra da iştirak edəcəklər. Onlar müasir qlobal problemləri müzakirə etdilər. Təbii, bütün bunlar nəticəsiz qalmayacaq. Bu, həm də ölkənizin imicidir. Bütün danışıqlar, görüşlər ölkə haqqında fikir formalaşdırır. Bakı getdikcə beynəlxalq mərkəzə çevrilir. Prezidentiniz müasir insandır, mükəmməl məktəb keçib. Ölkəsini gözəl təmsil edir. Bu, dünya liderləri arasında böyük rəğbət yaradır.

Azərbaycan son illər birdən-birə sürətlə ona görə inkişaf edir ki, bacarıqdan, imkandan sərfəli şəkildə istifadə edə bilir. Çox yaxşı haldır ki, Azərbaycanda hakimiyyət xalqın nə istədiyini hiss edir və onu həll edir. Bu isə bu yaxşı gələcəyin zəmanətidir.





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved