• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


Müsahibələr


"Fəaliyyətimizdə Türkiyə və digər türkdilli dövlətlərin diasporları ilə sıx əməkdaşlığa üstünlük veririk"
2015-01-06 | 12:19 |

 — Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 2014-cü ildəki fəaliyyətini necə qiytmətləndirisiniz? Diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında hansı işləri görüblər?

— İstər xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, istər həmvətənlərimizin  yaşadığı ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, istərsə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, istərsə də lobbi quruculuğu istiqamətində bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilib.

Azərbaycan diasporunun əsas hədəfi ilk növbədə Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsi məsələsi olduğundan diaspor təşkilatlarımız tərəfindən 2014-cü ildə də təbliğat və məlumatlandırma işinin yenə də daha geniş, hərtərəfli formada aparılmasına xüsusi önəm verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” kampaniyasının tərkib hissəsi olaraq diaspor təşkilatlarımız bu il də dünyanın bir çox ölkəsində Xocalı soyqırımı ilə bağlı müxtəlif aksiya və tədbirlərlə yerli ictimaiyyətin diqqətini bu hadisəyə yönəldib.

Təkcə 2014-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində 200-dək müxtəlif formatlı tədbir keçirib. Diaspor təşkilatlarımız ABŞ, Kanada, Almaniya Federativ Respublikası, İsveç Krallığı və digər ölkələrdə konfrans və seminarlar təşkil edib, Avropa Parlamentinin, BMT-nin Mənzil-Qərargahı və digər beynəlxalq təşkilatların ofisləri qarşısında kütləvi etiraz aksiyaları keçirib, xarici kütləvi informasiya vasitələrində Azərbaycan həqiqətləri haqqında materialların dərcinə nail olublar.

Bundan başqa, həmvətənlərimiz yaşadıqları ölkələrin dövlət və hökumət strukturlarını erməni təcavüzkarlarının törətdiyi cinayətlər barədə məlumatlandırmaq məqsədilə görüşlər keçirib, ictimai və siyasi xadimlərə müraciət və məktublar ünvanlayıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlara  etirazlar, girov götürülmüş azərbaycanlılar haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Diaspor təşkilatlarımız beynəlxalq qurumlara, xarici ölkələrin dövlət və hökumət nümayəndələrinə müraciətlər ünvanlayıb, Ermənistanın təcavüzkar, işğalçı siyasətini pisləyən  etiraz aksiyaları təşkil edib.

— DİDK Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu ilə əməkdaşlıq çərçivəsində Bakıda bir sıra beynəlxalq tədbirlərin keçirilməsinə dəstək göstərir. Bu tədbirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

 — Komitə artıq iki ildir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı ilə Bakıda Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsinə dəstək göstərir.  2013-cü və 2014-cü ildə dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin iştirakı ilə I və II Qlobal Açıq Cəmiyyətlər forumları baş tutub. Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib. Fikrimcə, bu forum regionda keçirilən ən əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir və Azərbaycanın ictimai-siyasi həyatında çox əhəmiyyətli hadisədir. Çünki forumun işində bir çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər və onların əksəriyyəti müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində rolu olan şəxslərdir.

Azərbaycanın  belə mötəbər tədbirə ev sahibliyi etməsi xalqımızın və dövlətimizin yeni bəşəri imicinin formalaşdırılması, dünya miqyasında ölkəmizin yerinin möhkəmləndirilməsi və ən önəmlisi erməni lobbisi tərəfindən Azərbaycana qarşı mənfi rəyin formalaşdırılması istiqamətində cəhdlərinin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir. Ən əsası, bu tədbirlərdə iştirak edən nüfuzlu siyasi liderlər öz çıxışlarında Dağlıq Qarabağ problemi ilə bağlı mövqelərini bildirib, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunduğunu bir daha təsdiqləyiblər. Həmçinin forum Azərbaycanın beynəlxalq aləmdə multikulturalizm və tolerantlıq məkanı kimi tanıdılması istiqamətində uğurlu tədbirlərdən biri kimi qiymətləndirilir.

2015-ci ildə keçirilməsi planlaşdırılan III Qlobal Açıq Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə 2014-cü il ərzində Albaniya, Rumıniya, Bolqarıstan,  Yunanıstan, Macarıstan, Yaponiya, Belçika, ABŞ, Andorra  və digər ölkələrdə bir sıra görüş, toplantı və konfranslar keçirilib. Bununla yanaşı, Madrid Klubuna üzv olan keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai və dövlət xadimlərinin Azərbaycan Respublikasına səfərləri təşkil olunub. Bu ilin sentyabrında Andorrada “Avropada etimadın bərpa olunması” mövzusunda keçirilmiş beynəlxalq konfrans da  Diasporla İş üzrə Dövlət Komitəsinin və Andorra hökumətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubu tərəfindən təşkil olunmuşdu. Konfransda regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ probleminin müzakirəsinə də xüsusi diqqət ayrılmışdı.

— Gələn il qondarma “erməni soyqırımı” nın 100 illiyi ilə əlaqədar hansı işlər görüləcək? Türk diasporu ilə birlikdə müştərək tədbirlər nəzərdə tutulubmu?

— Azərbaycan və türk diaspor təşkilatları bu istiqamətdə birgə tədbirlər həyata keçirməlidir və keçirəcək də. Müəyyən təkliflər, ideyalar var ki, onların həyata keçirilməsi planlaşdırılır. Fəaliyyətimizdə Türkiyə və digər türkdilli dövlətlərin diasporları ilə sıx əməkdaşlığa üstünlük veririk.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  həllində, o cümlədən, ermənilərin Azərbaycan ərazilərində, xüsusilə də Xocalıda törətdikləri soyqırımının, insanlığa sığmayan vəhşiliklərin dünyada qəbul edilməsində bu cür birliyin böyük əhəmiyyəti var. Xocalı soyqırımının tanıdılması məqsədilə Avropa ölkələrində, Amerikada keçirdiyimiz tədbirlərin bir çoxunda türk diasporunun dəstəyini görürük. Artıq azərbaycanlıların, demək olar ki, bütün təbliğat xarakterli tədbirlərində, aksiyalarda, türkdilli ölkələrin bayraqları görünür. Bilirsiniz ki, ötən il Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diasporunun ortaq fəaliyyət strategiyası qəbul olunub. Vahid strategiyanın məqsədlərindən biri məhz qondarma “erməni soyqırımı”na qarşı mütəşəkkil mübarizə aparmaqdır.

Biz ermənilərin bu soyqırımı yalanını məhz birgə mübarizə sayəsində tam ifşa edə bilərik. Ermənilərin əsl üzünün ortaya çıxmasında, onların yalan üzərində qurulmuş saxta təbliğatının da puç olmasında əvvəlcə Xocalıda törədilmiş vəhşiliklərin tam olaraq dünyanın hər yerində bilinməsi gərəkdir. Dünyanın bütün xalqları təfsilatı ilə bilməlidir ki, erməni faşizmi nədir. Hesab edirəm ki, cənab  Prezident İlham Əliyevin də dünya azərbaycanlılarına müraciətində qeyd etdiyi kimi, bizim ermənilərlə təbliğat mübarizəsinə qarşı görülən təsirli tədbirlər öz bəhrəsini verməkdədir. Artıq beynəlxalq ictimaiyyətdə erməni uydurmalarını ciddi qəbul edən dairələrin sayı əvvəlki illərlə müqayisədə olduqca azdır. Əlbəttə, hansısa siyasi konyuktura çərçivəsində baş tuta biləcək həmlələr istisna olunmur. Amma biz də, bu cür istisnaların real səbəblərini və ümumi vəziyyəti öyrənirik, əldə etdiyimiz məlumatlara, proseslırin mümkün inkişaf istiqamətlərinə dair proqnozlara uyğun olaraq fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq. Bu istiqamətdə türkdilli xalqların diasporları arasında əməkdaşlığın genişləndirilməsi, türkdilli xalqların mənafelərinin qorunmasını təmin etmək məqsədilə ortaq diaspor mərkəzlərinin açılmasına başlanılıb. Bu günlərdə Ukrayna paytaxtı Kiyevdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ilk belə mərkəzin açılışı oldu. Gələcəkdə ABŞ, Almaniya və Fransada belə mərkəzlərin açılması planlaşdırılır. Hesab edirəm ki, bu mərkəzlər türk diasporları arasında koordinasiyanı təmin edəcək və qarşıya qoyulan hədəflərə nail olmaq üçün öz töhfəsini verəcək. Bu mərkəzlər, eyni zamanda, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin diasporlarının beynəlxalq mövqeyinin daha da  güclənməsini, yaşadıqları ölkələrdə fəallığının artırılmasına, təsir dairəsinin genişləndirilməsinə, türk xalqlarının maraqlarını müdafiəsini təmin edəcək.

— Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması sahəsində və azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması sahəsində hansı işlər görülüb?

— 2014-cü ildə də xarici ölkələrdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması, tarixi Vətənlə əlaqələrinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdən biri olub. Xüsusilə gənclərin və ziyalıların diaspor quruculuğu işinə cəlb olunması və bu istiqamətdə onların fəallığının artırılması prioritetdir. Bu il xarici ölkələrdə diaspor təşkilatlarının sayı 453-ə çatıb. Yeni yaradılmış təşkilatlar xaricdə yaşayan soydaşlarımız arasında Vətən, dövlət naminə bağlılığı daha da möhkəmləndirib, diaspor və lobbi quruculuğu prosesinə mühüm təkan verib.

Başa çatmaqda olan 2014-cü il ərzində soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək məqsədilə bir sıra tədbirlər, layihələr həyata keçirilib. Bu sahədə ABŞ-da, Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərində yaşayan həmyerlilərimiz xüsusi fərqləniblər. İsveçdə keçirilən parlament və bələdiyyə seçkilərinə qatılan soydaşlarımızın fəallığı da təqdirəlayiqdir. Ukraynadakı gənclərimizin, Türkiyənin təhsil ocaqlarında çalışan ziyalılarımızın, Almaniyadakı həmyerlilərimizin bələdiyyə seçkilərindəki  uğurları da xüsusi qeyd edilməlidir.

— 2015-ci il üçün Dövlət Komitəsinin hansı planları var?

— Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Müxtəlif ölkələrin tanınmış siyasi xadimlərinin, parlament üzvlərinin Azərbaycana səfərlərinin təşkili, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və nüfuzlu Madrid Klubu ilə birgə əməkdaşlıq çərçivəsində III Qlobal Müştərək Cəmiyyətlər Forumunun keçirilməsi planlaşdırılır. Eyni zamanda, “erməni soyqırımı” iddiaları ilə bağlı 2015-ci ildə erməni diasporu və lobbisinin Ermənistan hökuməti ilə birgə həyata keçirməyi planlaşdırdığı kampaniyalarla əlaqədar müəyyən tədbirlər nəzərdə tutulub. İlk dəfə Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədar Azərbaycanın turizm imkanlarının, mədəniyyətinin, xalqımızın adət-ənənələrinin, ölkəmizin əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda təbliği istiqamətində diaspor təşkilatları tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

 

Müsahibəni apardı:

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved