Türkiyənin Çukurova Bələdiyyələr Birliyinin üzvləri Dövlət Komitəsində olublar

Diasporla İş üzrə Dövlət Komitəsində Bakıda səfərdə olan Türkiyənin Çukurova Bələdiyyələr Birliyinə daxil olan bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə iki ölkənin münasibətləri, Türkiyə bələdiyyələrinin Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlığı və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Dövlət Komitəsinin sədri bu gün hər iki dövlət başçısının yürütdüyü dostluq və qardaşlıq münasibətlərinin böyük tarixə malik olduğunu deyərək, 100 il öncə Azərbaycanın müstəqilliyinin əldə olunmasında Türkiyənin dəstəyini vurğulayıb. Daha sonra müxtəlif ölkələrdəki Azərbaycan və Türkiyə diaspor təşkilatlarının, ortaq problemimiz olan erməni yalanları ilə mübarizədə, birgə fəaliyyətinin, həmrəyliyinin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.
Eyni izamanda, bu gün Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə bələdiyyələrin əməkdaşlığına toxunulub və bu işbirliyinin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə iştirak edən bələdiyyə sədrləri isə Azərbaycanda gördükləri xoş münasibətdən, ölkəmizin və paytaxt Bakının inkişafından danışıblar. Çukurova Bələdiyyələr Birliyinə üzv bələdiyyə rəhbərlərinin Azərbaycana ikinci səfərinin olduğunu qeyd edən sədrlər bu əməkdaşlığı davam etdirməkdə və növbəti səfərlərin təşkilində maraqlı olduqlarını deyiblər.
Qeyd edək ki, Çukurova Bələdiyyələr Birliyinə üzv bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti dekabrın 5-dən 8-dək Azərbaycanda səfərdədir. Turizm, ətraf mühit, infrastruktur, mədəni və tarixi abidələrin mühafizəsi sahəsində təcrübə mübadiləsi, ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə səfər edən bələdiyyə rəhbərləri Azərbaycanın bir sıra dövlət orqanlarında da görüşlər keçirəcək.