Vladiqafqazda Üzeyir Hacıbəyovun və Murtuza Muxtarovun xatirə lövhələrinin açılış mərasimləri keçirilib

“Azərbaycanlılar Konqresi” Şimali Osetiya Regional Milli-Mədəni İctimai Təşkilatı II Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 74-cü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib.

Öncə Şimali Osetiya-Alaniya Respublikasının Elxotovo qəsəbəsində bərpa olunmuş məscidin açılış mərasimi keçirilib.

Mərasimdə respublikanın rəhbəri Vyaçeslav Bitarov, İnquş Respublikasının başçısı Yunusbek Yevkurov, Şimali Osetiya-Alaniya Respublikası parlamenti sədrinin müavini Qari Kuçiyev, milli münasibət məsələləri üzrə nazir Aslan Sutsiyev, müfti, Şimali Osetiya-Alaniya Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədri Hacımurad Qasalov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, tibb elmləri doktoru, Rusiya Federasiyasında Azərbaycan icmasının rəhbəri Fazil Qurbanov, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sədri Murtuz Gülməmmədov iştirak ediblər.

Rassvet qəsəbəsində isə II Dünya Müharibəsi illərində qəhrəmancasına həlak olmuş Azərbaycan diviziyasının döyüşçülərinin xatirəsinə üçaldılmış “Azərbaycanlı qardaşlarımıza” memorial kompleksi ziyarət edilib. Bu kompleks Şimali Osetiyadakı Azərbaycanlılar Konqresinin səyilə bərpa olunub.

Akademik Fazil Qurbanov xatırladıb ki, 1942-ci ilin payızında Ardon torpağında alman faşistlərinə qarşı şiddətli döyüşlər gedirdi: “Rassvet qəsəbəsi ərazisində Bakıda formalaşdırılan 5 diviziya vuruşurdu. Onların vəzifəsi düşməni Bakı neftinə yaxın buraxmamaqdan ibarət idi və onlar bu tapşırığı yerinə yetirirdilər. Yüzlərlə əsgər və zabit, Azərbaycan xalqının nümayəndələri həmin ağır döyüşlərdə həlak oldular. Dahi qəhrəmanların ruhu şad olsun! Millətin böyüklüyü, yəqin ki, keçmişi yadda saxlamaqla, dəyərləndirməklə müəyyən edilir. Bu gün bu abidə təkcə qəhrəman döyüşçülərə deyil, həm də igidlik, mərdlik, cəsarət göstərmiş Osetin xalqına həsr edilir”.

Daha sonra Vladiqafqazda Azərbaycanın professional müsiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun vaxtilə Butırin küçəsi, 5 ünvanında yaşadığı binanın üzərinə xatirə lövhəsinin vurulması münasibətilə açılış mərasimi keçirilib.

XX əsrin əvvəlində bir müddət Vladiqafqaz şəhərində yaşayan dahi bəstəkar “Harun və Leyla” operasını yazıb, “Arşın Mal Alan” operettasını rus dilinə tərcümə edib. Məhz bu tarixi faktlar yerli və Azərbaycan ziyalılarının Üzeyir Hacıbəyovun xatirəsinin bu şəhərdə əbədiləşdirilməsi təşəbbüssü ilə çıxış etmələrinə səbəb olub. Şimali Osetiyadakı Azərbaycan icmasının fəaliyyəti nəticəsində Vladiqafqaz meriyası xatirə lövhəsinin Üzeyir Hacıbəyovun vaxtilə yaşadığı binanın üzərinə vurulmasına icazə verib.

Şimali Osetiya Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov açılış mərasimində çıxış edərək, dahi bəstəkar Üzeyir Hacıbəyovun Vladiqafqazdakı həyat və fəaliyyətindən danışıb. O layihənin gerçəkləşməsində Şimali Osetiya Alaniya Respublikası rəhbərliyinin dəstəyini yüksək qiymətləndirib.

Açılış mərasimində Şimali Osetiya Alaniya Respublikası Parlamentinin deputatı Fuad Kazımov, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, tibb elmləri doktoru, Rusiya Federasiyasında Azərbaycan icmasının rəhbəri Fazil Qurbanov, filologiya elmləri namizədi, jurnalist Anar Həsənov, “Alaniya İrsi” dövlət müəssisəsinin rəhbəri Lyudmila Qaboeva, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev çıxış ediblər.

Vladiqafqazda həmçinin azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarovun vaxtilə tikdirdiyi məscidin üzərinə məlumat lövhəsinin vurulması münasibətilə açılış mərasimi keçirilib.

Lövhənin üzərində “Muxtarov məsçidi 1908-ci ildə Azərbaycandan olan xeyriyyəçi Murtuza Muxtarov tərəfindən inşa edilib” cümləsi yazılıb. Təşəbbüs Şimali Osetiya Azərbaycanlıları Konqresinə məxsusdur.

Mərasimdə Şimali Osetiya Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov çıxış edərək, Muxtarov məsçidində hazırda aparılan bərpa işlərindən danışıb. O, bildirib ki, bərpa işlərinin aparılmasına Azərbaycan Respublkasının Prezidenti İlham Əliyev yardım edib. O, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin də məsçiddə gedən bərpa işlərini nəzarətdə saxladığını vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirı Ruslan Quliyev, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, tibb elmləri doktoru, Rusiya Federasiyasında Azərbaycan icmasının rəhbəri Fazil Qurbanov, Rusiya Xalqlar Dostluğu Universitetinin müəllimi, filologiya elmləri namizədi, jurnalist Anar Həsənov çıxış ediblər.

Rusiya Federasiyasında Azərbaycan icmasının rəhbəri Fazil Qurbanov bu hadisəni əlamətdar hadisə adlandırıb: “Tikili dünyanın bir çox xalqlarının memarlıq mədəniyyətlərini özündə birləşdirir. Bu məscidin tikintisinin təşəbbüskarı barədə çox danışmaq olar. Azərbaycanlı milyonçu, mesenat, Bakıda neft sənayesi qurğuları istehsal edən ilk zavodların yaradıcısı Murtuza Muxtarov burada, Vladiqafqazda gələcək həyat yoldaşı Yelizavetanı sevib. O, tanınmış general Tuqanovun qızı idi. İnanıram ki, iki möhtəşəm binanı – Bakıdakı Muxtarov sarayını və bu gözəl məscidi tikən memarı Muxtarovun öz həyat yoldaşına olan böyük sevgisi ilhamlandırıb”.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ruslan Quliyev Şimali Osetiya Azərbaycanlıları Konqressinin təşəbbüsünu tarixi hadisə adlandırıb və təmsil etdiyi qurumun bu təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Jurnalist Anar Həsənov bildirib ki, bu məsçidin Rusiya ərazisində analoqu yoxdur. Onun bılgədə yeganə bənzəri Bakının Əmircan kəndindədir. Çünki həmin məscidi də Murtuza Muxtarov inşa etdirib.