Tbilisidə İlya Çavçavadzeyə həsr olunmuş dəyirmi masa keçirilib

9 Dekabr, 2019

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanın görkəmli yazıçısı, şairi və ictimai xadimi İlya Çavçavadzeyə həsr olunmuş tədbir keçirilib.
“İlya Çavçavadze və Gürcüstan” mövzusunda baş tutan dəyirmi masa Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilati dəstəyilə gerçəkləşdirilib.
Azərbaycanlı və gürcü ziyalılarının, gənclərinin və məktəblilərin qatıldığı tədbirdə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, GAİM-in icraçı direktoru Aygül İsayeva, Beynəlxalq Qara Dəniz Universitetinin professoru Kaxaber Cakeli, Tbilisi Dövlət Universitetinin professoru Çarita Caşi və başqaları çıxış ediblər. Bildirilib ki, bu cür tədbirlər Azərbaycan və Gürcüstan mədəniyyətləri arasında dialoqu təşviq etməklə yanaşı, iki xalq arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfə verir. Azərbaycanlı yeniyetmə və gənclərin Gürcüstan ədəbiyyatını həvəslə öyrəndikləri, lakin Gürcüstanın Azərbaycandilli məktəblərində gürcü ədəbiyyatının tədris olunmadığı, GAİM-də isə azərbaycanlı məktəblilərə Gürcüstan ədəbiyyatının da öyrədildiyi diqqətə çatdırılıb. “Millətin atası” missiyasını daşıyan İ.Çavçavadzenin azərbaycanlılara böyük ehtiramla yanaşdığı, onun cəmiyyətlərdə demokratikləşmə və tərəqqi ilə bağlı ideyalarının bu gün də aktual olduğu bildirilib.
Gürcü qonaqlar azərbaycanlı gənclərin İ.Çavçavadzenin həyat və yaradıcılığına göstərdiyi böyük maraqdan fərəh duyduqlarını, Gürcüstanın müasir azərbaycanlı gənclərinin ağıllı və bacarıqlı olduqlarını vurğulayıblar: “Bugünkü gənclər Gürcüstan və Azərbaycan arasında gələcək münasibətləri inkişaf etdirərək daha da möhkəmləndirəcəklər”.
Sonda GAİM-in şagirdləri İ.Çavçavadzenin şeirlərini və müxtəlif əsərlərindən parçaları təqdim ediblər.