Kaliforniyada 20 Yanvar şəhidləri anılıb

23.01.2020

Kaliforniya ştatının Los Gatos şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin ofisində baş tutan tədbirdə azərbaycanlı icmanın üzvləri ilə yanaşı yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan mərasimdə mərkəzin sədri Həmid Əhmədi, üzvü Samir Məhərrəmov, amerikalı qonaq Csaba Csukash çıxış ediblər. Natiqlər 20 Yanvar faciəsinin xalqımızın azadlıq və müstəqilliklə bağlı milli təfəkkürünün inkişafındakı rolundan danışıblar. Qeyd edilib ki, sovet rəhbərliyi Azərbaycanda demokratiya və milli azadlıq uğrunda gedən mübarizəni boğmaq məqsədilə Bakıya qoşun yeridərək yüzlərlə dinc insanın qətlə yetirilməsinə, yaralanmasına, həbs olunmasına və itkin düşməsinə səbəb olub.

20 Yanvar hadisələrinin Azərbaycan tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğu, 30 il bundan əvvəl Bakıda törədilən kütləvi qırğının xalqımızın müstəqillik əzmini qıra bilmədiyi və Azərbaycanın müstəqillik qazanmasına təkan verdiyi vurğulanıb.