“Beyin qazanma proqramı”nda koronavirus pandemiyasının stomatologiyaya təsirindən danışılıb

30.06.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Beyin qazanma proqramı” çərçivəsində “Koronavirusun stomatologiyaya təsiri və onun qarşısının alınması üçün ehtiyat tədbirləri” mövzusunda videokonfrans təşkil edilib.

Virtual tədbiri Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev açaraq iştirakçıları salamlayıb. Daha sonra videokonfransda tibb üzrə fəlsəfə doktoru, Rasəl Xeyima Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistant-professoru Sabrin Ali Azim məruzə ilə çıxış edib. Məruzə zamanı koronavirusun stomatologiyaya təsiri və onun qarşısının alınması, diş klinikalarında virusun ötürmə yolları, dünya təcrubəsində müalicə üsulları, istifadə olunan dərmanların ağız sağlamlığına təsiri və s. barədə geniş məlumat verilib.

Videokonfrans https://www.facebook.com/braingainprogram ünvanı üzərindən canlı yayımlanıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ilk dəfə həyata keçirilən “Beyin qazanma proqramı”nın məqsədi xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli tələbələrlə bölüşməsi üçün ölkə universitetlərində mühazirələrin, görüşlərin təşkil edilməsi və soydaşlarımızın təhsil ocaqları ilə əlaqələrinin gücləndirilməsindən ibarətdir.