Vaşinqtonda soydaşlarımız Azərbaycan səfirliyinin önündə erməniləri fiaskoya uğradıb

20.07.2020

Dünyanın müxtəlif ölkələrində yaşayan və Ermənistanın son hərbi təxribatlarına etiraz əlaməti olaraq ayağa qalxan azərbaycanlı icmaları bu günlərdə böyük əzəmətlə xalqımızın birlik və yekdilliyini nümayiş etdirirlər. Onlar məkrli dövlətin təcavüzkar və işğalçı siyasətinə etiraz etməklə yanaşı, həm də ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinin önündə təxribatlar törətmək cəhdlərinin qarşısını alırlar. Polşa və Niderlanddan sonra analoji hadisə ABŞ-ın paytaxtı Vaşinqtonda baş verib.

Ermənilərin ölkəmizin ABŞ-dakı səfirliyinin binası önündə aksiya keçirəcəyindən xəbər tutan soydaşlarımız onları qabaqlayaraq diplomatik nümayəndəliyimizin qarşısına toplaşıblar.

Birləşmiş Ştatların müxtəlif ştat və şəhərlərindən Vaşinqtona gələn yüzlərlə həmvətənimiz Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqları, erməni təcavüzü və təxribatlarına dair tarixi faktların, qətlə yetirilən azərbaycanlı körpələrin şəkillərinin əks olunduğu plakatlarla səfirliyimizin önündə dayanıblar. Tədbirə türk və digər milli icmaların ABŞ-dakı üzvləri də qatılaraq, ölkəmizə dəstəklərini nümayiş etdiriblər.

Aksiyaya gələn azsaylı (təxminən 30-35 nəfər) ermənilər soydaşlarımızın nümayiş etdirdiyi birliyin və yekdilliyin, səsləndirdikləri faktların qarşısında aciz və zavallı duruma düşüblər. Üç saatdan çox davam edən aksiya zamanı mitinq iştirakçıları “Ya Qarabağ, ya ölüm!”, “Azərbaycan, biz səninləyik!“, "Mən xristianam, amma Azərbaycanın yanındayam!", “Azərbaycan torpaqlarından əl çəkin!”, "Qarabağ Azərbaycandır!", "Ermənistanın işğalına son qoyulsun!", “Erməni terroruna son!” şüarlarını səsləndirməklə, Azərbaycanın dövlət himnini ifa etməklə, "Əsgər marşı" sədaları altında addımlamaqla dövlətimizə, xalqımıza və ordumuza dəstəklərini nümayiş etdiriblər. Soydaşlarımız birliyi ermənilərin aksiyasını fiaskoya uğradıb.

Yerli polisin nəzarəti ilə keçirilən aksiya insidentsiz başa çatıb.

Sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov soydaşlarımızla görüşüb və göstərdikləri vətənpərvərliyə görə dövlətimiz adından onlara minnətdarlığını bildirib.