Dərbəndin ictimai xadimi Qəni Panayevə təşəkkürnamə təqdim edilib

27.07.2020

Dərbənddə fəaliyyət göstərən "İrs" mədəni ictimai birliyinin nümayəndəsi Qəni Panayevə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsi təqdim olunub.

Dərbəndin qədim Cümə məscidində baş tutan tədbirdə şəhərin din xadimləri və diaspor üzvləri iştirak ediblər. Tədbirdə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından təşəkkürnaməni təqdim edən şöbə müdiri bildirib ki, Qəni Panayev pandemiya dönəmində fəal işinə və vətənpərvərlik nümayiş etdirdiyinə görə bu təltifə layiq görülüb.

Qəni Panayev göstərdiyi fəaliyyətin qiymətləndirilməsinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını ifadə edib.

Sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində xaincəsinə törətdiyi hərbi təxribatdan narahat olduqlarını bildirən tədbir iştirakçılarına bu barədə ətraflı məlumat verilib. Azərbaycan Ordusunun cavab tədbirləri ilə təxribatın qarşısının alındığı nəzərə çatdırılıb.