İordaniyada yaşayan azərbaycanlılar Ermənistanın təxribatçı hərəkələrini qınayan bəyanat yayıb

09.10.2020

İordaniya Haşimilər Krallığında fəaliyyət göstərən Azərbaycan diasporu işğalçı Ermənistanın son təxribatlarını pisləyən bəyanatla çıxış edib.

Bəyanatda Azərbaycan torpaqlarının 30 ilə yaxındır Ermənistanın işğalı altında olduğu qeyd edilir. Bildirilir ki, 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törədən Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad olunması ilə bağlı BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri icra etmək əvəzinə, vaxtaşırı təxribatlar törədir.

27 sentyabr 2020-ci ildə isə Ermənistan bütün cəbhə boyu genişmiqyaslı təxribatlar törədərək Azərbaycanın mülki vətəndaşlarını, yaşayış məntəqələrini və obyektləri raket atəşinə tutub.

Bütün bunların beynəlxql hüquq və normalara zidd olduğunu qeyd edən soydaşlarımız dünya ictimaiyyətini Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ciddi təhlükə olan Ermənistanın işğalçılıq siyasətinə son qoyulması naminə qətiyyətli addımlar atmağa çağırıblar.