"Ana Vətən" Avropalı Qadınlar Birliyi işğalçı Ermənistanın təxribatlarına qarşı etiraz bəyanatı ilə çıxış edib

12.10.2020

Xaricdə yaşayan azərbaycanlıların Ermənistanın hərbi təxribatları ilə əlaqədar müxtəlif ölkələrin hökumət və parlamentlərinə müraciətləri davam edir.

Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Avropalı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın imzası ilə Niderland parlamentinin üzvlərinə ünvanlanın müraciətdə Azərbaycana qarşı Ermənistanın 27 illik işğalçılıq fəaliyyəti haqqında qeyd edilib. Bir milyona yaxın azərbaycanlının Ermənistan tərəfindən etnik təmizlənməyə məruz qalması, soydaşlarımızın fundamental insan hüquqları, o cümlədən yaşamaq haqqının pozulması və işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı davamlı hərbi təxribatlar törətməsinə diqqət cəlb edilib. Azərbaycanın beynəlxalq hüquq normalarına müvafiq olaraq özünümüdafiə və ərazi bütövlüyünün bərpa olunması hüquqlarını həyata keçirdiyi vurğulanıb.

Birlik niderlandlı parlamentariləri və dünya dövlətlərini ədalətli mövqe nümayiş etdirməyə, işğal etdiyi Azərbaycan torpaqlarından tamamilə, qeyd-şərtsiz və dərhal çıxması, təcavüzkar və işğalçı siyasətini dayandırması, beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistana təsir etməyə çağırıb.