...

Macarıstan paytaxtında “Bakının Birİncisi” Beynəlxalq İntellektual Festivalı təşkil olunacaq

12.12.2021


Budapeşt şəhərində “Bakının Birİncisi” VI Beynəlxalq İntellektual Festivalı keçiriləcək.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Budapeştdəki Azərbaycan Evinin təşkilatçılığı ilə 17 dekabr 2021-ci ildə başlayacaq festivala Avropada yaşayan soydaşlarımız və digər millətlərin nümayəndələri qatılacaqlar. Tədbir proqramına açılış mərasimi, 8 raund və 60-a yaxın sualdan ibarət intellektual və əyləncəli turnir, Azərbaycan Evində mükafatlandırma mərasimi daxildir.

50-dən çox qonağın iştirakının nəzərdə tutulduğu festival Avropada yaşayan həmyerlilərimizi bir araya gətirmək, onların arasında ünsiyyət yaratmaq, digər millətlərin nümayəndələrinin Azərbaycan tarixi, mədəniyyəti, coğrafiyası haqqında məlumat və biliklərini artırmaq məqsədilə təşkil edilir.

Qeyd edək ki, “Bakının Birİncisi” Beynəlxalq İntellektual Festivalı ilk dəfə Azərbaycandan kənarda keçiriləcək. İndiyədək (2009-2014) tədbir Bakı şəhərində təşkil edilib.