...

Brüsseldə soydaşlarımızın Prezident İlham Əliyevlə həmrəylik aksiyası keçirilib

15.12.2021

Brüssel şəhərinin Lüksemburq meydanında Avropada yaşayan azərbaycanlıların “Həmrəy olaq, bir olaq!” adlı aksiyası keçirilib.

Avropa Parlamentinin binası qarşısında baş tutan aksiyada iştirak edən 150-dən çox soydaşımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bildiriblər.

Azərbaycan, Türkiyə və Avropa İttifaqının bayraqlarını dalğalandıran aksiya iştirakçıları ingilis və fransız dillərində “Xoş gəlmisiniz Avropa İttifaqına, cənab Prezident!”, "Avropa Azərbaycanlıları Sizi salamlayır!", "Azərbaycan ümumi dəyərlərə hörmət edir!" şüarlarının əks olunduğu plakatları nümayiş etdiriblər, Soydaşlarımız “Eşq olsun Azərbaycan Ordusuna!”, “Yaşasın Azərbaycan xalqı!”, “Yaşasın Müzəffər Ali Baş Komandan!” şüarlarını səsləndiriblər.

Qeyd edək ki, dekabrın 13-də Avropada yaşayan azərbaycanlılar böyük ehtiramla Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi Brüsseldə qarşılamağa çıxmışdılar. Azərbaycanın dövlət başçısı Belçikanın paytaxtı Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” proqramının sammitində iştirak edir.