...

"20 Yanvar faciəsindən Zəfərə dogru" mövzusunda anım tədbiri təşkil edilib

19.01.2022

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə "20 Yanvar faciəsindən Zəfərə Dogru" mövzusunda anım tədbiri keçirilib.

Onlayn formatda baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Milli Məclisin təmsilçiləri, elm xadimləri, TADEF-in üzvü olan 22 dərnəyin, yerli ictimaiyyətin və medianın nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycan və Türkiyənin dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

TADEF-in Baş katibi, dosent Xuraman Hülya Ağamirzə və Antalya-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Ceyran Səttarovanın moderatorlugu ilə keçirilən tədbir 20 Yanvar hadisələrindən bəhs edən videoçarxın nümayişi ilə davam edib.

Tədbirdə TADEF idarə heyətinin sədri Ədalət Turan, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, millət vəkili Fazil Mustafa, AMEA A.Bakıxanov adına Tarix İnstitunun icraçı direktoru Cəbi Bəhramov, AMEA-nın əməkdaşıları - dosentlər Mübariz Ağalarlı və Zaur Əliyev, İstanbul Universitetinin professoru, tarixçi-alim Nəsrin Sarıəhmədoglu, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli çıxış ediblər.

Natiqlər yarıtmaz, yolverilməz və ermənipərəst siyasət yürüdən M.Qorbaçovun başçılıq etdiyi SSRİ rəhbərliyinin göstərişi əsasında 20 Yanvar faciəsinin törədilməsini erməni separatizminə etiraz edən və ölkəmizin ərazi bütövlüyünün qorunmasını tələb edən xalqımızın haqq səsinə qəsd kimi qiymətləndiriblər. Həmin dönəmdə Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin bütün təhlükələrə baxmayaraq, faciənin ertəsi günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Daimi Nümayəndəliyinə gedərək xalqımıza qarşı qanlı cinayətə yol vermiş SSRİ rəhbərliyinə kəskin şəkildə etiraz etdiyi, cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb etdiyi yada salınıb. Bu cəsarətli addımın Bakı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və ölkəmizin ətrafında yaradılmış informasiya blokadasının yarılmasında mühüm rol oynadığı nəzərə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması 20 Yanvar şəhidlərinin müqəddəs arzusunu gerçəkliyə çevirib.

Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar şəhidlərinin şəxsi əşyalarından ibarət eksponatlar güşəsinin yaradıldığı, ziyarətçilərin bu guşəyə xüsusi maraq göstərdiyi bildirilib.

Yanvarın 19-dan 20-nə keçən gecə şahid olduqları dəhşətli hadisələri bölüşən tədbir iştirakçıları Azərbaycan tarixinin qanlı, eyni zamanda mübarizlik səhifəsi olan 20 Yanvar faciəsini heç bir zaman unutmayacaqlarını və unutdurmayacaqlarını söyləyiblər.

Tədbirin gedişi zamanı diaspor fəalları Vüsalə Məryəm Alıcı və Hüseyn Vəliyev şəhidlərə həsr etdikləri şeirlərini səsləndiriblər.