...

Xarkov şəhərində 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib

21.01.2022

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan mədəni-təhsil mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə mərkəzin müəllim-şagird heyəti, valideynlər, Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov və tarix müəllimi Pənah Bəkirov çıxış ediblər. Onlar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin xalqımıza qarşı törətdiyi qanlı qırğın barədə ətraflı məlumat veriblər.

Tədbir müstəqil jurnalistlərin 1990-ci il hadisələrini araşdırmaları əsasında ərsəyə gələn sənədli filmdən videosüjetlərin nümayişi ilə davam edib.

Yanvarın 23-də isə mərkəzin yetirmələri Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşkilatçılığı ilə “Buzzok” informasiya-sərgi mərkəzində açılan “Qara Yanvar” adlı fotosərgini ziyarət edəcəklər.

Fotosərginin açılış mərasimində Xarkov vilayəti administrasiyasının, şəhər şurasının məsul şəxsləri, ali məktəblərin rəhbərləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov sərginin Ukraynanın çoxmillətli xalqı üçün böyük əhəmiyyət daşıdığını bildirib. Bildirib ki, məhz belə tədbirlər sayəsində qardaş ölkədə yaşayan soydaşlarımız, xüsüsilə də gənclər Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini qoruyub saxlayırlar.

Qeyd edək ki, “Dostluq” cəmiyyətinin üzvləri bir qrup yerli sakinlər Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunu ziyarət ediblər. Aksiya iştirakçıları qırmızı qərənfilləri konsulluğun önünə düzərək, 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.